Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



02 Mart 2019-cu il tarixdə, Naxçıvan Muxtar Respublikasının
95 illiyi münasibətilə təşkil olunmuş bayram Konsertində
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının
daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovun

ÇIXIŞI


       Hörmətli tədbir iştirakçıları!

Bu il Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü tamam olur.

       Azərbaycanın dövlətçilik tarixində Naxçıvan Muxtar Respublikası mühüm rola malikdir. Tarixi mənbələrdən məlumdur ki, hələ yeddinci əsrdə ərəblərin gəlişi zamanı burada müstəqil idarəçilik olmuş, onuncu əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmışdır. Naxçıvan şəhəri on ikinci əsrdə Azərbaycan Atabəylər dövlətinin paytaxtına çevrilmiş, on səkkizinci əsrdə isə Naxçıvan xanlığının siyasi mərkəzi kimi inzibati idarəçiliyin formalaşmasına öz töhfəsini vermişdir. 1918-ci ildə bir milyondan çox əhaliyə malik Araz-Türk Respublikasının paytaxtı olan Naxçıvana 1924-cü ildə muxtar respublika statusu verilmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlətdir.

       Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmamış, böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmışdır. 1919-cu ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdir. O dövrdə bunu zəruri edən əsas amil naxçıvanlıların daim Azərbaycanla bir olmaq tələbi, ana Vətəndən ayrı düşməmək istəyi idi.

       Naxçıvanın muxtariyyətinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-1921-ci illərdə altı ölkədə iyirmi dəfədən çox müzakirəyə çıxarılmış, sonda isə Naxçıvan əhailsinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret verilmişdir. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.

       Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində bu illər ərzində qəbul olunmuş konstitusiyalar da mühüm rol oynamışdır. 1926-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının üç konstitusiyası, ölkəmiz müstəqillik qazandıqdan sonra 1998-ci il dekabrın 29-da isə Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyası qəbul olunmuşdur.

       Ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddiaları baş qaldırmış, mərkəzin ikiüzlü siyasəti vəziyyəti daha da gərginləşdirmişdi. Naxçıvan Muxtar Respubliaksı Ermənistan tərəfdən iqtisadi və nəqliyyat blokadasına salınmış, ölkəmizin əsas ərazisi ilə gediş-gəliş çətinləşmişdi. Belə bir şəraitdə erməni silahlı birləşmələrinin Naxçıvanın sərhəd kəndlərinə quldur basqınları intensivləşmişdi. Bununla yanaşı o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün rəhbərliyi də Naxçıvana qarşı siyasi mübarizəni intensivləşdirmiş, Naxçıvanın beynəlxalq müqavilələrdə təsbit olunmuş muxtariyyət statusunu ləğv etmək barədə əsassız iddialar səsləndirmişdi.

       Ulu öndər Heydər Əliyevin ağır bir zamanda Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından, muxtariyyət statusunu isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Müdrik dövlət xadimi Heydər Əliyev Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirəyə çıxarmaqla beynəlxalq aləmin diqqətini bir daha bu vacib məsələyə cəlb etdi. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrdə də Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, onu çiçəklənən diyara çevirmişdir.

       Ötən 95 il ərzində Naxçıvan Muxtar Respublikası böyük bir inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə böyük inkişafa nail olub. Əhalinin həyat şəraiti və güzəranı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu inkişaf əhali artımına və məskunlaşmaya da öz təsirini göstərmiş, muxtariyyətin əvvəlindən bu günə muxtar respublika əhalisi 5 dəfə artaraq 456 min nəfərə çatmışdır. Artan imkanlar sosial-iqtisadi səviyyəyə də öz təsirini göstərmiş, muxtar respublikada elm, təhsil, səhiyyə , mədəniyyət, idman və gənclər siyasəti yeni inkişaf müstəvisinə çıxmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”.

       Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənclər himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir. Bu mənada ötən il daha əlamətdar olmuş, 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmiş, Naxçıvanda "Avropa günləri", Türk Şurası Gənc Liderlərinin ilk formu, eləcə də TÜRKSOY-un "Türk-islam əxlaq fəlsəfəsinin qurucu liderləri: Türküstandan Anadoluya İrfan məktəbinin alimləri" mövzusunda beynəlxalq konfransı keçirilmişdir.

       Bu gün Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan çiçəklənən diyardır. İqtisadi potensialın davamlı olaraq artmasının nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu "Caspian Evropian Club"un ölkəmizin iqtisadi regionları üzrə hazırladığı investisiya reytinqində Naxçıvan Muxtar Respublikası son iki ildə 18 parametr üzrə ikinci dəfə ən yüksək bal toplayaraq lider olmuşdur.

       Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində daha böyük inkişafa doğru inamla və qətiyyətlə irəliləyir. Təbii ki, bu nailiyyətlərin qazanılması Naxçıvanın muxtariyyət statusunu daha da möhkəmləndirir. Ümummilli liderimiz Heydər Əliyev də bu amili əsas götürərək demişdir: "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq".

       Sağ olun!