Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının
96-cı ildönümününə həsr olunmuş tədbir keçirilib


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 07 fevral 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 96-cı ildönümününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd etdi ki,Naxçıvanın muxtariyyəti böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmış, gərgin, ağır, eyni zamanda şərəfli bir yol keçmişdir. Ötən 96 il ərzində çox hadisələr olmuşdur. Həmin hadisələrin fonunda ümummilli lider Heydər Əliyevin aşağıdakı fikirləri bütün dövrlər üçün ciddi aktuallıq kəsb edir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.

Bu əlamətdar gündə Naxçıvanın və onun muxtariyyətinin böyük hamisi, müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımız uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini yad edir, ruhları şad olsun deyirik. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev respublikamıza rəhbərliyi dövründə müstəqil Azərbaycanın, o cümlədən,onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixinə və müasir inkişafı ilə bağlı məsələlərə böyük həssaslıq, əsl dövlətçilik münasibəti göstərmiş və göstərməkdədir.Azərbaycanın qədim və zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət tarixinin diqqətlə öyrənilməsi və təbliğ olunması vacibliyini bir vəzifə kimi qarşıya qoyan dövlətimizin başçısı demişdir: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”.

Naxçıvan ən qədim dövrlərdən başlayaraq Azərbaycan dövlətçiliyinin və azərbaycançılığın qorunub saxlanmasında özünəməxsus və mühüm rol oynamasından bəhs edən daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki,əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi Naxçıvanı vaxtilə fatehlərin, böyük dövlətlərin və onların rəhbərlərinin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt qəddini əyməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, üzərində ona vətən deyib yaşayan əcdadlarımızın tarixi torpaqlarını,bir qismini itirsək belə,qoruyub saxlaya bilmiş, müasir dövrümüzədək gətirib çıxarmışdır. Min illər boyunca Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu torpaqda X əsrdə Naxçıvan Şahlığı feodal dövləti yaranmış, Naxçıvan şəhəri XII əsrdə qüdrətli Atabəylər dövlətinin paytaxtı olmuşdur. 1747-ci ildə Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri olan Naxçıvan Xanlığı bölgənin inkişafına, müdafiə qabiliyyətinin gücləndirilməsinə, inzibati idarəçiliyin formalaşmasına özünəməxsus töhfələr vermişdir.

Naxçıvanın xarici müdaxilələrdən qorunmasında 1918-ci ildə yaradılmış Araz-Türk Respublikasının da mühüm xidmətləri olmuşdur. Bu dövrdə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı idi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

“Naxçıvanın muxtariyyəti asanlıqla qazanılmamış, böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmışdır. 1919-cu ildə Azərbaycanın Zəngəzur mahalı Ermənistana verildikdən sonra ölkənin əsas ərazisindən təcrid olunan Naxçıvanın muxtariyyət məsələsi zərurətə çevrilmişdir. O dövrdə bunu zəruri edən əsas amil naxçıvanlıların daim Azərbaycanla bir olmaq tələbi, ana Vətəndən ayrı düşməmək istəyi idi.”-deyən Bəxtiyar Əsgərov qeyd etdi ki,Naxçıvanın muxtariyyətinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-ci ildə Zaqafqaziya Seymində,1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində və Türkiyə Parlamentində,1919-cu ildə isə məlum Paris Sülh Konfransında müzakirə edilmişdir. 1921-ci ildə azərbaycanlı,rus və erməni nümayəndələrinin iştirakı ilə Naxçıvan əhalisi arasında rəy sorğusu keçirilmiş,əhalinin 90 faizdən yuxarı hissəsi muxtar respublikanın Azərbaycanın tərkibində qalmasını istəmişdir.Sonda isə Naxçıvan əhailsinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Moskva müqaviləsinin 3-cü,Qars müqaviləsinin isə 5-ci bəndinə əsasən,Naxçıvanın ərazisi təsdiq olunmuş və bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilmişdir.Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq,1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret imzalamışdır. Ona görə 9 fevral günü Naxçıvanın muxtariyyət əldə etdiyi gün kimi tarixə düşmüşdür.Bu,doğrudan da,Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi. Böyük Heydər Əliyevin dediyi kimi, “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi”. Ötən illərin əldə edilmiş uğurları və real nəticələr onu göstərir ki, bu dövr ərzində ölkəmizdə muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, eyni zamanda Naxçıvan böyük bir inkişaf yolu keçmişdir. Naxçıvanın muxtar respublika statusu bu bölgənin 96 il öncədən indiyədək yaşadığı taleyində, onun ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir. Təbii ki,Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində bu illər ərzində ümumxalq səsverməsində qəbul olunmuş konstitusiyalar da mühüm rol oynamışdır. 1926-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının 3 konstitusiyası, ölkəmiz müstəqillik qazandıqdan sonra,1998-ci il dekabrın 29-da isə Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyası qəbul olunmuşdur.1995-ci il noyabrın 12-də isə ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən həmin tarixdən Naxçıvan Muxtar Respublikasına muxtar dövlət statusu verilmişdir.

Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolunun çətinliklərindən bəhs edən Bəxtiyar Əsgərov bildirdi ki, ötən əsrin 90-cı illərində - bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır. Bu dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olmuşdur. Belə ki, 1990-cı il noyabrın 17-də ümummilli liderimizin rəhbərliyi ilə keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur.Naxçıvanın muxtariyyət statusu sözügedən vaxtda erməni işğalı təhlükəsinin aradan qaldırılması, ağır blokada şəraitində insanların dinc yaşayışının təmin olunması sahəsində taleyüklü qərarların qəbul edilməsinə şərait yaratmış, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi ümummilli lider Heydər Əliyev qonşu İran İslam Respublikası və Türkiyə Cumhuriyyəti ilə səmimi əlaqələr yaradaraq bu ölkələrdə rəsmi səfərlərdə olmuş, müxtəlif sahələrdə əməkdaşlığa dair niyyət protokolları imzalamışdır. Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvan Muxtar Respublikasının yox, eyni zamanda, doğma müstəqil Azərbaycan Respublikasının da xilasına,qurtuluşuna xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli Ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi,bir sözlə,böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının əsaslı tərkib hissələri idi.

Bütün bu proseslərin fəal iştirakçısı olan,Azərbaycanın müstəqil dövlət quruculuğunda birbaşa yaxından iştirak edən,ulu öndər Heydər Əliyevin silahdaşı və köməkçisi kimi xüsusi xidmətlər göstərən,bu gün illərdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olaraq fəaliyyət göstərən, Heydər Əliyev siyasi kursunun layiqli və ləyaqətli müdavimi,müasir Naxçıvanın memarı cənab Vasif Talıbov haqlı olaraq demişdir: “1990-cı ilin iyul ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Bu illərdə xalqımızın böyük oğlunun muxtar respublika Ali Məclisində xüsusi bəyanatla çıxış etməsi, Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməsi Naxçıvanın muxtariyyət statusuna ikinci ömür vermişdir”.

Daimi nümayəndəliyin rəhbəri qeyd etmişdir ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 07 yanvar 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazdığı məktubunda Naxçıvanın muxtariyyət tarixini,keçdiyi mürəkkəb və çətin inkişaf yolunu haqlı olaraq 5 mərhələyə bölürdü: 1924-1969, 1969-1987, 1987-1991, 1991-2003-cü illər,nəhayət, 2003-cü ildən sonrakı illər.Bu mərhələlər içərisində muxtar respublikanın hərtərəfli,əsaslı inkişafı,yüksəlişi ümummilli liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizə,cənab Vasif Talıbovun isə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi uğurlu illəri xüsusi qeyd etmək lazımdır. Vurğulanıb ki,1995-ci ildən bəri Naxçıvanda həyata keçirilən hərtərəfli quruculuq siyasəti ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına əsaslanıb.Naxçıvan Muxtar Respublikası həm sosial-iqtisadi inkişaf, həm də muxtar dövlət quruculuğu baxımından regionun və dünyanın analoji siyasi sistemlərinə nümunədir,inkişafın Naxçıvan modeli artıq müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.Ötən əsrin 80-ci illərinin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddiaları baş qaldırmış, keçmiş Sovetlər İttifaqının ikiüzlü,riyakar siyasəti vəziyyəti daha da gərginləşdirmişdir. Naxçıvan Muxtar Respubliaksı Ermənistan tərəfdən iqtisadi və nəqliyyat blokadasına salınmış, ölkəmizin əsas ərazisi ilə gediş-gəliş çətinləşmişdi. Belə bir şəraitdə erməni silahlı birləşmələrinin Naxçıvanın sərhəd kəndlərinə quldur basqınları artırmışdır. Bununla yanaşı o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün rəhbərliyi də Naxçıvana qarşı siyasi mübarizəni intensivləşdirmiş, Naxçıvanın beynəlxalq müqavilələrdə təsbit olunmuş muxtariyyət statusunu ləğv etmək barədə əsassız iddialar səsləndirilmişdir.

Ulu öndər Heydər Əliyevin belə ağır bir zamanda Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi görkəmli dövlət xadimi cənab Vasif Talıbovun qeyd etdiyi kimi,muxtar respublika ərazisini erməni işğalından, muxtariyyət statusunu isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Müdrik dövlət xadimi Heydər Əliyev o zamankı Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirəyə çıxarmaqla beynəlxalq aləmin diqqətini bir daha bu vacib məsələyə cəlb etmişdir. Ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrdə də Naxçıvanla bağlı verdiyi Sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həlli vacib olan digər məsələlərin həyata keçirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, onu çiçəklənən bir diyara çevirmişdir.

Ötən 96 il ərzində Naxçıvan Muxtar Respublikası,doğrudan da,böyük bir inkişaf yolu keçmişdir. Ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi sahədə olduqca böyük inkişafa nail olunması,əhalinin həyat şəraitinin və güzəranının əhəmiyyətli dərəcədə yaxşılaşması bu inkişafın əhali artımına və məskunlaşmaya da öz təsirini göstərməsi muxtariyyətin əvvəlindən bu günədək əldə edə bilmədiyi uğurlara nail olmaq idi. Bu gün muxtar respublika əhalisi 5 dəfədən çox artaraq 500 min nəfərə yaxınlaşmaqdadır.Artan imkanlar sosial-iqtisadi səviyyəyə də öz təsirini göstərmiş, muxtar respublikada elm, təhsil, səhiyyə , mədəniyyət, idman və gənclər siyasəti və s.yeni inkişaf müstəvisinə çıxmış,yeni mərhələyə qədəm qoymuşdur.

İndiyədək dövlət səviyyəsində keçirilən təntənəli yubileylərin böyük siyasi,tarixi,elmi əhəmiyyətindən bəhs edən Bəxtiyar Əsgərov qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının 1949-cu ildə 25,1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60,1999-cu ildə 75,2004-cü ildə 80 və 2014-cü ildə isə 90 illik yübileylərinin keçirilməsi həmişə var olacaq dövlətimiz tərəfindən bu diyara,onun qəhrəmanlıq dolu tarixinə,burada yaşayan fədakar,əzmkar insanlara göstərilən sonsuz sevgi,diqqət, və qayğının bariz nümunəsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikasının Yubiley tədbirlərinin keçirilməsi bir tərəfdən muxtar respublikaya göstərilən dövlət qayğısının parlaq ifadəsidirsə,digər tərəfdən Naxçıvan tarixinin yenidən və əsaslı şəkildə öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir.”

Bəxtiyar Əsgərov qeyd etdi ki,son 96 il ərzində Naxçıvan Muxtar Respublikasının keçdiyi yol təkcə müdrik bir xalqın yazdığı möhtəşəm tarix deyil,həm də ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”.

“Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənclər himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir. Bu mənada ötən il daha əlamətdar olmuş, 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmiş, Naxçıvanda "Avropa günləri", Türk Şurası Gənc Liderlərinin ilk formu, eləcə də TÜRKSOY-un "Türk-islam əxlaq fəlsəfəsinin qurucu liderləri: Türküstandan Anadoluya İrfan məktəbinin alimləri" mövzusunda beynəlxalq konfransı keçirilmişdir.”- deyə bildirən Bəxtiyar Əsgərov onu da sözlərinə əlavə etdi ki,Naxçıvanın muxtar respublika statusu onun 96 illik tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir.Naxçıvan Muxtar Respublikası 96 illik tarixi inkişaf yolunun ən dinamik və dayanıqlı inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublika 25 ilə yaxın bir dövrdə hərtərəfli inkişafa nail olmuşdur. Həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş vermişdir. Bu işlər bu gün də sürətlə və ardıcıl olaraq davam etdirilir.Bu gün Naxçıvan Muxtar Respublikası enerji, informasiya, ərzaq və müdafiə təhlükəsizliyi yüksək səviyyədə təmin olunan çiçəklənən diyardır. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində daha böyük inkişafa doğru inamla və qətiyyətlə irəliləyir. Təbii ki, bu nailiyyətlərin qazanılması Naxçıvanın muxtariyyət statusunu daha da möhkəmləndirir.

Tədbir şair-dramaturq İftixar Piriyevin Naxçıvan Muxtar Respyblikasının 96 illiyi münasibəti ilə ərsəyə gətirdiyi “Nurlu Naxçıvan” poeması əsasında müəllifin hazırladığı eyni adlı bədii-sənədli poetik filmin nümayişi ilə davam etdirilmişdir. Filmdə ölkəmizin müstəqillik dövründə, Naxçıvan Muxtar Respublikası,xüsusən son illərdə burada aparılan sürətli inkilaf prosesləri, nümunəyə çevrilən quruculuq işləri, Naxçıvanın barlı-bərəkətli və füsünkar gözəlliyinin müasir zövqlə bəzədilmiş siması tərənnüm olunmuş, muxtar respublikanın ictimai-siyasi həyatında baş verən uğurlu intibah mərhələsi poeziyanın və kino sənətinin bədii təsviri ilə canlandırılmışdır.Azərbaycanın Qurtuluşa gedən yolunun əsasının ulu öndər Heydər Əliyev tərəfindən məhz Naxçıvanda qoyulduğu,bu böyük missiyanın bu gün uğurla davam və inkişaf etdirilməsi filmdə faktların dililə öz əksini tapmışdır.Filmdə yaradıcı heyətin bu gözəl diyara və onun sakinlərinə dərin məhəbbəti hiss edilir.

Tədbirdə rəsmi qonaqlar,elm və mədəniyyət xadimləri,filmin yaradıcı heyəti digər şəxslər iştirak edib.Çıxışlarla davam edən tədbirdə Azərbaycan Respublikasının xalq artisti,bəstəkar Tofiq Bakıxanov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbovun muxtar respublikasının hərtərəfli inkişafındakı böyük xidmətlərindən, elm,mədəniyyət,incəsənət admlarına göstərdiyi diqqət və qayğıdan,yaradılan şəraitdən bəhs etdi.

Professor Rüstəm Kamal Rəsulov Naxçıvan Muxtar Respublikasınn Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətli rolundan bəhs edərək qeyd etdi ki,qədim və zəngin tarixə malik Naxçıvanın muxtariyyət statusu qazanılmış ən böyük tarixi nailiyyət,Allahın bizə bəxş etdiyi qiymətli bir ərmağandır.Naxçıvan yeganə məkandır ki,hər bir daşın altında bir tarix,bir əfsanə gizlənir.Naxçıvan bizim simvolik məkanımızdır.

Bu əlamətdar gün münasibətilə bütün naxçıvanlıları təbrik edən Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov qeyd etdi ki, Naxçıvan qədim adət-ənənəkləri,qan yaddaşımızı özündə yaşadan və qoruyub saxlayan bir diyardır.Mən fəxr edirəm ki, belə bir diyarda doğulub,boya-başa çatmışam.Mənim bu gün bu səviyyəyə çatmağımda məhz Naxçıvan mühitinin böyük rolu olmuşdur.

Tədbir digər çıxışlarla davam etdirilmişdir.

07 fevral 2020-ci il