Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



7 mart 2019-cu il


BAKI ŞƏHƏRİNDƏ NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DAİMİ NÜMAYƏNDƏLİYİNDƏ
8 MART-BEYNƏLXALQ QADINLAR GÜNÜ QEYD EDİLİB

       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 07 mart 2018-ci il tarixində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib,onlara xoşbəxtlik, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb.

Rəhbər çıxış edərək bildirib ki,Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda da geniş qeyd edilir.Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü kimi ölkədə qeyri-iş günü hesab olunur.Bu,bir tərəfdən Azərbaycan xalqının tarixən özünəməxsus dəyərlərə,adət-ənənələrə bağlı olan yüksək zəkalı,nəcib,xeyirxah və qəhrəman xanımları ilə qürur duyması,qadına dərin hörmət və böyük ehtiram göstərməsindən irəli gəlirsə,digər tərəfdən müstəqil ölkəmizin beynəlxalq birlikdə özünüifadəsi,milli və dünyəvi dəyərlərə hörmətinin əyani təzahürüdür.Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olub,adət-ənənələrimizin yaşadılması və nəsillərdən nəsillərə çatdırılması yolunda müdriklik nümayiş etdirib,torpaqlarımızın,ərazi bütövlüyümüzün uğrunda gedən döyüşlərdə kişilərlə bərabər bir sırada dayanıblar.Qəhrəmanlıqla dolu keçmişimizə nəzər salsaq, görərik ki,istər torpaqlarımızın müdafiəsində,milli dövlətçiliyimizin formalaşmasında və idarə olunmasında,istərsə də xalqımıza məxsus dəyərlərin yaşadılmasında xidmətləri olan qadınlarımıza hörmət və ehtiram əlaməti olaraq,onlara xatın,bəyim,banu və xanım kimi adlarla müraciət edilərək ehtiram göstərilmişdir.Xalqımız üçün çox müqəddəs olan vətənin,torpağın və dilin ana vətən,ana torpaq,ana dili adlandırılması da Azərbaycan xalqının qadın,ana adına verdiyi yüksək qiymətin ifadəsidir.

Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki,ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.Ulu öndər Heydər Əliyev qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi hesab edib,milli qadın hərəkatının formalaşması üçün böyük işlər görüb.Azərbaycan qadını həkim,müəllim,mühəndis,dövlət qulluqçusu,ictimai-siyasi xadim olmaqla yanaşı,həm də qayğıkeş ana,vəfalı həyat yoldaşıdır.Ümummilli liderimizin ali hakimiyyətə ikinci qayıdışından sonra qadın problemlərinin həllində də əsaslı dönüşə nail olunmuşdur. Dövlət qadın siyasətini tənzimləyən qanunvericilik bazası yaradılmış, ölkəmiz qadın hüquqlarının qorunması ilə bağlı konvensiyalara qoşulmuşdur.Bu gün Azərbaycan qadını qanunvericilik,icra strukturlarında,ictimai-siyasi həyatda,elm, təhsil,mədəniyyət,dövlət qulluğu və ordu quruculuğunda,hüquq-mühafizə,məhkəmə və digər sahələrdə çalışır.Bu,Azərbaycan qadınının seçki hüququ qazanmasından ötən yüz ildə əldə etdiyi ən böyük nailiyyətlərdir. Azərbaycan qadınının həm ailədə,həm işdə,həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu,xoşbəxt sabahına,xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir-desək,yanılmarıq: “Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət hər cür ayrı-seçkiliyi aradan qaldıraraq,qadınların bərabər hüquqlarını və imkanlarını təmin etməyə yönəlmişdir.Bu siyasət daimi və dönməz səciyyə daşımaqla,bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa imkan verəcək.”

Qeyd olunmuşdur ki, bu gün müstəqil Azərbaycanda,eləcə də onun ayrılmaz tərkib hissəsi olan,son illər həyatın bütün sahələrində böyük inkişaf yolu keçən müasir Naxçıvan Muxtar Respublikasında Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə dövlət-qadın siyasəti özünün inkişaf mərhələsini yaşamaqdadır.Muxtar respublika qadınları ölkə həyatının ən müxtəlif sahələrində yaxından iştirak edir,işıqlı gələcək naminə yorulmadan çalışır və müstəqil dövlətimizin yaxından qayğısı ilə əhatə olunurlar.Bu,bir tərəfdən qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələrimizlə bağlıdırsa,digər tərəfdən həyata keçirilən dövlət-qadın siyasəti və Naxçıvan Muxtar Respublikasında qadınlara yaradılan geniş və münbit şəraitlə bağlıdır.

Bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən Bəxtiyar Əsgərov çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır:“1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçmişdir.Ümidvaram ki,qadınlarımız gələcək nəsillərin milli-mədəni irsə,adət-ənənələrimizə hörmət ruhunda tərbiyəsində var qüvvələrini sərf edəcək,daim yeniləşən ölkəmizin daha da çiçəklənməsinə layiqincə xidmət göstərəcəklər”.