Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək qeyd etmişdir ki, müqəddəs rəmzlərimizdən olan üçrəngli bayrağımız xalqımızın,millətimizin dünyada varlığının, mövcudluğunun göstəricisi,verilən can,tökülən qan bahasına müstəqil dövlət qurmaq və onu yaşada bilmək bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq təkcə bizim üçün deyil,dünyada dövlətə sahib olan bütün xalqlar,millətlər üçün qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur. Azərbaycanlı milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərmiş, milli bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, hər il ölkəmizdə 9 noyabr tarixi “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilir. Ölkə başçısının bu sərəncamı dövlət rəmz¬lərinə hörmət və ehtiramın ən bariz ifadəsidir. Çünki dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar milli mədəniyyətini, zəngin ənənə və dəyərlərini yaşadaraq yad təzahürlərdən hifz etməklə tarixi etnos kimi mövcudluqlarını daim qorumuşlar. Tariximizin ən dəyərli eksponatları sırasında yer tutan qədim dövlət rəmzləri və bayraqlar bizə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin tarixini öyrənməyə, araşdırmağa geniş imkanlar açır. Müasir dövrdə isə bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq, istiqlal ideallarını simvolizə edir. Ona görə də bu gün dövlət bayrağına hörmət və ehtiram, üçrəngli bayrağımıza olan məhəbbət və vətəndaş sevgisi hər bir azərbaycanlının Vətən sevgisinə, millət duyğusuna çevrilmişdir. Ölkə Prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, bu gün şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir. Türkçülüyü, müasirliyi və İslam sivilizasiyasını təcəssüm etdirən bayrağımız dövlətimizin ideoloji modelinin məna və funksiyasını tamamilə ifadə edir, ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan üçrəngli bayrağımız altında müstəqillik yolu ilə ilhamla və inamla irəliləyir, iqtisadi və siyasi gücünü getdikcə artırır. Ölkə Prezidenti cənab İlham Əliyev üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu bildirərək demişdir: “Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

“Üçrəngli bayrağımızın dövlət rəmzlərindən biri kimi qəbul edilərək ucaldılması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Azərbaycan Müvəqqəti Hökumətinin 1918-ci il 24 iyun tarixli qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət bayrağı kimi qəbul olunmuşdur. 1918-ci il noyabrın 9-da isə Nazirlər Kabinetinin Bakıda keçirilən iclasında Fətəli xan Xoyski milli bayraq haqqında məruzə ilə çıxış etmişdir. Müzakirələrdən sonra yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq Dövlət bayrağı kimi qəbul olunmuşdur.

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız ürəklərdə yaşamışdır. Azərbaycan Respublikasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Həmin sessiya Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olmuşdur. Məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə həmin sessiyada “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Ali dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” Qərara əsasən, müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul olunmuşdur.” -deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə etmişdir.

Daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki,Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dövlət bayrağımız da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında çoxsaylı normativ hüquqi aktlar qəbul edilmişdir. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamı dövlət atributlarının, o cümlədən bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır.Ulu öndərin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını daim uca tutur. Azərbaycan Prezidentinin milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə göstərir. Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli Qanunu ilə Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları müəyyənləşdirilmişdir. Bu qanunla Dövlət Bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər müəyyən edilmiş, onun rəsmi tədbirlər, matəm günləri və matəm mərasimləri zamanı istifadəsi, həmçinin digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi qaydaları təsbit olunmuş, Dövlət Bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər, habelə Dövlət Bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən isə Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılışı olmuşdur.

Qeyd olundu ki,hər il noyabr ayının bu günlərində ölkəmizdə həm də “Konstitusiya Günü” qeyd edilir.1995-ci ildə ulu öndər Heydər Əliyevin müəllifi olduğu ana Qanunumuz xalqımızın yekdilliklə səsverməsi nəticəsində qəbul olunmuş,beləliklə,müstəqil Azərbaycanın ilk Konstitusiyası qüvvəyə minmişdir. Odur ki,bu əlamətdar hadisəni də xalqımız yaxın tarixinə sədaqətinin nümunəsi kimi hər il qeyd edir. Ölkəmizin hər yerində yaradılan bayraq meydanları,ucaldılan üçrəngli bayrağımız dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” imzalanmış digər Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunmasını nəzərdə tutur.Bu Sərəncam bir təfdən Naxçıvan Muxtar Respublikasının həmişə olduğu kimi,bu gün də müstəqil dövlətçiliyimizə olan dərin sevgisinin göstəricisidirsə,digər tərəfdən,ümummilli lider Heydər Əliyevə dönməz sədaqətinin təntənəsidir.2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Açılış mərasimində çıxış edən Ali Məclisin Sədri demişdir: “Dövlətçilik tariximizdə mühüm yer tutan dövlət rəmzləri və bayraqlar bir tərəfdən nadir dövlətçilik irsinin varisləri kimi bizdə iftixar hissi doğurursa, digər tərəfdən Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə də geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malik olacaqdır... Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət edən hər bir insan, hər bir gənc dövlət rəmzlərinin tariximizdəki yeri barədə məlumatlandırılmalı, dövlət atributlarının mahiyyəti və əhəmiyyəti geniş təbliğ olunmalı, ümummilli liderimiz Heydər Əliyevin səyi ilə üçrəngli bayrağımızın ilk dəfə Dövlət Bayrağı kimi qaldırıldığı gün – noyabrın 17-si hər il Naxçıvan Muxtar Respublikasında əlamətdar tarixi gün kimi qeyd edilməlidir”.

Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir. Əbədi müstəqilliyimizin simvolu kimi daim uca zirvələrdə dalğalanan bayrağımız milli dəyərimiz, əyilməyən başımız, qürurumuzdur. Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.

Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Tədbir digər çıxışlarla davam etdirilmişdir.

08 noyabr 2019-cu il