Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir


       Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində böyük dövlət xadimi Heydər Əliyevin 14 ilul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 52-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək böyük liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov dünya şöhrətli dövlət və siyasət xadimi,dahi şəxsiyyət,əbədiyaşar lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan xalqının tarixində misilsiz xidmətləri barədə danışaraq bildirib ki; “Dünyada elə şəxsiyyətlər var ki, onların həyatından, taleyindən, fəaliyyətindən danışmaq üçün bütöv bir xalqın, ölkənin tarixini vərəqləmək, onu dərindən bilmək lazım gəlir. Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqımızın və ölkəmizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır, yarım əsrdən artıqdır ki, onun işıqlı yolu ilə addımlayır. O, Azərbaycan xalqının müstəqillik mübarizəsində misilsiz xidmətlər göstərmiş, hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli liderlə bağlı Azərbaycan tarixində xüsusi yer tutmuş unudulmaz günlərdən biri də məhz 14 iyuldur.Sovetlər İttifaqı dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul Plenumunda böyük Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamızın rəhbəri olmuşdur. Ulu öndərin Azərbaycanın rəhbəri seçilməsi xalqımızın tarixində və taleyində əhəmiyyətli dönüş, başlanğıc, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu möhtəşəm tarixdir. Azərbaycanda Sovet Sosialist Respublikasının yaradılması və uzun bir dövr ərzində öz fəaliyyətini davam etdirməsi müstəqil dövlətçilik ideallarını arxa plana keçirmişdir. Lakin görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin hələ 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə sovet rejimi çərçivəsində ümummilli idealların yenidən dirçəldilməsi və inkişaf etdirilməsi prosesləri vüsət almağa başlamışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başladığı 14 iyul 1969-cu il ölkəmizin həm də müstəqil dövlətçiliyə doğru ilk böyük dönüşünün başlanğıcı olmuşdur. Sözün həqiqi və böyük mənasında, Heydər Əliyevin yarım əsr bundan qabaq siyasi hakimiyyətə gəlişi və çoxşaxəli, səmərəli şəkildə siyasi fəaliyyəti,milli və dövlətçilik maraqları ilə mahir idarəçiliyi nəticədə, Azərbaycan xalqının çoxəsrlik, tarixi ümummilli ideyalara doğru böyük bir inkişaf prosesinə gətirib çıxarmışdır.”

1969-cu ildə ulu öndər Heydər Əliyev ölkəmizə rəhbər seçiləndə Azərbaycan o zamankı SSRİ-nin ən geridə qalmış respublikaları sırasında idi. Böyük Heydər Əliyev 1969-1982-ci illər ərzində ölkədə siyasi-iqtisadi həyatı köklü surətdə dəyişmiş, Azərbaycanı keçmiş müttəfiq respublikalar arasında axırıncı yerlərdən ən ön mövqeyə çıxarmağa nail olmuşdur. O, Sovetlər Birliyinin ən geridə qalmış aqrar respublikası olan Azərbaycanı ən inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək əməli işi, bütöv fəaliyyəti ilə bugünkü müstəqilliyimizin təməlini qoymuşdur - desək, yanılmarıq - deyən daimi nümayəndəliyin rəhbəri əlavə etdi ki; “Ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövrü eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürmüş, ictimai şüurdakı qorxunu aradan qaldırmış, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanmışdı ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Müstəqilliyi əldə etmək üçün isə möhkəm təməl, iqtisadi inkişaf lazımdır. Ulu öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaratmışdı.

Türk dünyasının böyük oğlu böyük Heydər Əliyev öz xidmətləri ilə hər bir azərbaycanlıya Vətən üçün, Azərbaycan üçün qurub-yaratmaq, yorulmadan xidmət etmək fəlsəfəsini aşılamış, Azərbaycanı 1969-1982-ci illərdə inkişaf etmiş respublikaya çevirərək, həqiqətən, bugünkü müstəqilliyimizin təməlini hazırlamış, gələcək nəsillər üçün əvəzsiz, qiymətli miras qoymuşdur. 1969-1985-ci illərdə Azərbaycanda təkcə 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkə¬sinə 350 adda məhsul ixrac olunmuşdur. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 10 mindən çox azərbaycanlı gənclər təhsil almağa göndərilmişdir. Bütün bunlar böyük Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin bəhrələri idi.Sonralar həmin dövrdə həyata keçirilən tədbirlərdən danışan ulu öndərimiz deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqra¬siya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır.”

Bəxtiyar Əsgərov xatırlatmışdır ki; “Azərbaycanda milli dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız ulu öndərimiz böyük Heydər Əliyev kimi vətəninə, xalqına bağlı, cəsarətli bir dövlət xadimi, böyük siyasi lider reallaşdıra bilərdi. Bu istiqamətdə o dövrdə görülən işlərin bəhrəsini biz indi daha aydın əxz edirik. Həmin illərdə görkəmli dövlət ¬xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparılmış, tarix və mədəniyyət abidələrinin pasportu hazırlanmış, görkəm¬li şair və yazıçıların yubileyləri keçirilmiş, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldılmış, onların adlarını daşıyan yaşayış məntəqələri salınmış, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkilmişdir.1969-1982-ci illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günü¬uzadılmış qrup fəaliyyət göstərirdi. Ümummilli liderimizin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılmış, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi yaradılmışdır. XX əsrin 70-80-ci illərində ulu öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək-ixtisaslı mütəxəssislərin yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaratmışdır. Həmin dövrdə keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox ən nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır. Onların əksəriyyəti sonradan müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak etmiş, bu gün də etməkdədirlər.”

“Ulu öndərimizin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan 54 ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Xüsusi vurğulamaq lazımdır ki, ümummilli liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyəti¬nin formalaşmasında müstəsna rol oynamışdır.”-deyə natiq sözlərinə davam etdi; “Bizim ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdəki hörmətini qaldırmaq lazımdır. Çünki, xalq həmişə öz ziyalıları, öz mədəni irsi, öz elmi ilə tanınır. Şübhəsiz ki, xalqın tarixində sərkərdələrin də, siyasətçilərin də , böyük rolu vardır. Ancaq xalq həmişə mədəniyyəti, elmi ilə tanınıb və keçmiş tariximiz də bunu sübut edir.” – deyən Heydər Əliyev 70-ci illərdə Azərbaycan paytaxtında və digər şəhər və rayonlarımızda tanınmış mədəniyyət, ədəbiyyat və elm xadimlərinin abidəsinin ucaldılmasına nail olurdu. Böyük öndərin siyasətinin nəticəsi idi ki, məhz 70-ci illərdə Nəriman Nərimanovun, İmadəddin Nəsiminin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Mehdi Hüseynzadənin Səttar Bəhlulzadənin və başqa görkəmli soydaşlarımızın abidəsi qoyulmuşdu. 1976-cı ildə Şuşanın sosial-iqtisadi inkişafı haqqında qərar qəbul ediləndən sonra bu şəhərdə Xan qızı Natəvanın abidəsi və sonralar Molla Pənah Vaqifin məqbərəsi ucaldıldı. Bu illərdə Bakıda və başqa şəhərlərdə çoxlu sayda tarix-diyarşünaslıq muzeyləri, Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev muzeyləri yaradıldı. Məxsusi bir qərarla repressiya qurbanlarının –Mikayıl Müşfiq və Hüseyn Cavidin ev muzeyləri yaradıldı.

Ulu Öndərimizin Azərbaycan dövlətçiliyi tarixindəki özünəməxsus və əvəzsiz yerini möhtərəm Prezidentimiz cənab İlham Əliyev belə dəyərləndirib: “Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti buna bariz nümunədir. Bütün dövrlərdə - həm 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində Azərbaycan Kommunist Partiyasının rəhbəri olduğu dövrdə, həm də müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev öz fəaliyyəti ilə doğma xalqına xidmət etmişdir. Heydər Əliyev 1969-cu ildə rəhbərliyə gələndə Azərbaycan həm iqtisadi baxımdan, həm də sosial məsələlərin həlli baxımından 15 müttəfiq respublika arasında ən geridə qalmış vəziyyətdə idi. 1982-ci ildə isə artıq Azərbaycan həm iqtisadi və sə-naye artımı baxımından, həm infrastruktur layihələrin mövcudluğu baxımından və bütövlükdə, inkişaf baxımından keçmiş SSRİ-də birinci ölkə idi. Eyni zamanda, biz bunu müasir tarixdə də görürük. 1993-cü ildə Azərbaycan, demək olar ki, ən ağır vəziyyətdə olan yeni müstəqil dövlətlərdən biri idi. Bəlkə də, birincisi idi. İndi Azərbaycan bu ölkələr arasında ən qabaqcıl mövqelərdədir. Bizim nailiyyətlərimiz başqa ölkələrlə müqayisə oluna bilməz. Bizim iqtisadi inkişafımız, həyata keçirdiyimiz nəhəng, transmilli layihələr onu göstərir ki, Azərbaycan çox uğurla inkişaf edən ölkədir.”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov isə ümummilli liderin ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi tədbirləri belə xarakterizə etmişdir: “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.”

Daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki; “Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, Naxçıvandan başlanan Qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat vermişdir. 1990-1993-cü illərdə dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə səbəb olmaqla yanaşı, milli dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi ilə tarixə yazılmışdır. Belə ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanının da adı dəyişdirilmiş, muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirilmişdir.1993-cü ilin yayında ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə Bakıya qayıtmış və ali hakimiyyətə bu qayıdış xalqımızın ən yeni tarixinə Vətənimizin xilası kimi yazılmışdır. Dahi lider ölkəni böhran vəziyyətindən, müstəqilliyini itirmək təhlükəsindən xilas etmək üçün müdrik siyasəti ilə qısa müddət ərzində vətəndaş qarşıdurmasının və müharibənin dayandırılmasına nail olmaqla, Azərbaycanda sabitliyin bərpasını təmin etdi ki, bu da böyük islahatların başlanmasına rəvac verdi. Beləliklə də, ölkəni olduqca ağır vəziyyətdən yüksək məharətlə çıxarmış ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə bütün sahələrdə islahatlar həyata keçirilməyə başlanıldı. İslahatlar aparılarkən kortəbii ehkamçılığa və tələskənliyə qarşı çıxan müdrik rəhbər vurğulayırdı ki, “Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına uyğun olaraq təşkil olunmaqla yerli şərait, milli xüsusiyyətlər, ənənələr və xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla həyata keçirilməlidir”. Ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına müvəffəq oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidmətləri idi. O, müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. O, dəfələrlə xatırladırdı: "İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq".

“Vətəni və milləti qarşısın¬da misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin xalq qarşı¬sındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik bir siyasi lider yetişdirməsi olmuşdur. Bu, ondan irəli gəlirdi ki, vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl daxili və xarici siyasət sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür, respublikamız hazırda da eyni templə inkişaf edir, beynəlxalq əlaqələr genişlənir və vətənimiz Azərbaycan dünya ölkələri sırasında tutduğu layiqli mövqeyini hərtərəfli möhkəmləndirir. Bu gün böyük iftixarla deyirik ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə dam¬lası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan hərbçilərimiz parlaq qələbəmizi təmin et¬miş, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilmiş, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Dövranın gərdişini dəyişən müdrik lider və yenilməz sərkərdə – İlham Heydər oğlu Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan olmuş¬dur. Qeyd etmək zəruridir ki, Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə sövq etmək məqsədi ilə gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin şücaəti hərb tariximizin qəhrəmanlıq salnaməsini yaratmağa müvəffəq oldu. Təsadüfi deyil ki, NATO, eləcə də ABŞ, Böyük Britaniya, Almani¬ya, Ukrayna və digər ölkələrin hərbçiləri Azərbaycanın Vətən müharibəsi təcrübəsindən bəhrələnmək, bunun¬la əlaqədar öz ordularında müəyyən dəyişikliklər aparmaq fikirlərində ol-duqlarını açıq etiraf edirlər.”- deyə daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb.

Sonda Bəxtiyar Əsgərov bir daha vurğuladı ki; “Bu gün Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ulu Öndərin yolu ilə inamla irəliyə addımlayır, onun arzularını bir-bir gerçəkləşdirir. “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır!”, – deyən dövlətimizin başçısı cənab İlham Əliyev həyatının amalı Azərbaycançılıq, millət sevgisi, Vətəninin müstəqilliyi, vətəndaşların rifahı, ümumilikdə, xalqına xidmət olan dahi şəxsiyyət Heydər Əliyevin uğurlu siyasətinin, müqəddəs yolunun layiqli davamçısıdır. Məhz buna görə də Azərbaycan kiçik dövlət olmasına baxmayaraq, çox qısa zamanda dünyanın inkişaf etmiş böyük ölkələri sırasında layiqli yerini tutmuşdur. Müstəqil və qüdrətli Azərbaycan bu gün ümummilli lider Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyir, yeni nailiyyətlər qazanaraq milli, iqtisadi və hərbi gücünü daha da artırır. Azərbaycan xalqı Vətəni və milləti qarşısındakı bənzərsiz xidmətləri ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış nəhəng tarixi şəxsiyyət Heydər Əliyevi hər zaman yüksək ehti-ramla xatırlayacaq, onun əziz və unudul¬maz xatirəsini daim xüsusi hörmətlə yad edəcəkdir.

Tədbir digər çıxışlarla davam etdirildi.



13 iyul 2021-ci il