Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 17 iyul 2021-ci il tarixində bir əsrlik tarixi boyunca milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və s. həyatında müstəsna rol oynayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin birgə mətbu orqanı olan “Şərq qapısı” qəzetinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının, eləcədə, xidməti fəaliyyəti zamanı həyatını itirmiş mətbuat işçilərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 01 iyun 2021-ci il-də “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə imzaladığı Sərəncamın tarixi əhəmiyyətindən və Sərəncamdan irəli gələn bu tədbirin məhz Milli Mətbuat Günü ərəfəsində keçirilməsinin təsadüfi olmadığından danışaraq qeyd etdi ki; “ Bu Sərəncam təkcə “Şərq qapısı” qəzetinə və onun kollektivinə deyil, muxtar respublikamızın şəhər və rayonlarında işıq üzü görən bütün digər qəzetlər də daxil olmaqla,qəzet redaksiyalarında çalışan fədakar insanlara, bir sözlə, respublikamızın bütün mətbuat işçilərinə, onların fəaliyyətinə verilən yüksək qiymətin, dəyərin ifadəsidir. Sərəncamda da qeyd olunduğu kimi, “Şərq qapısı” qəzeti, doğrudan da, Naxçıvanda maarifin, elmin və ictimai fikrin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında əsas baza rolunu oynamışdır. Ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə qəzetin böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüş, böyük Heydər Əliyevin birbaşa diqqət və qayğısı ilə qəzetin 50 illik yubileyi qeyd olunmuşdur.

1990-1993-cü illərdə isə “Şərq qapısı” qəzeti görkəmli dövlət xadimi böyük Heydər Əliyevin Azərbaycanın xilası naminə həyata keçirdiyi tədbirləri və qəbul etdiyi tarixi qərarları geniş xalq kütləsinə çatdırmış, həmişə vətəninə, dövlətinə sadiq olan fədakar naxçıvanlılar üçün informasiya blokadasının aradan qaldırılmasında və milli dövlət quruculuğu yolunda fəal mübarizlərdən olmuşdur. Elə müstəqillik illərində, xüsusilə, ötən iyirmi beş ildə müstəqil dövlət quruculuğunda xidmətlər göstərmiş ictimai-siyasi xadim cənab Vasif Talıbovun muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin yolu ilə gedərək, Prezident cənab İlham Əliyevin siyasətini dönmədən, ləyaqətlə icra etməsinin nəticəsidir ki, “Şərq qapısı” qəzetinin maddi-texniki bazası da indiyədək olmadığı kimi gücləndirilmiş, yaradıcılıq imkanları genişləndirilmiş, rəngli nəşrinə başlanmış, yubileyləri dövlət səviyyəsində layiqincə qeyd olunmuşdur. “Şərq qapısı” qəzeti Naxçıvanın tarixini və keçdiyi inkişaf yolunu gələcək nəsillərə olduğu kimi çatdıra biləcək salnamədir. Qəzet bu gün də muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, hərbi və elmi-mədəni inkişafına, tərəqqisinə öz töhfəsini verir.”

Qəzetin təsis olunduğu gündən indiyədək keçdiyi nahamar, mürəkkəb, eyni zamanda, şərəfli tarixi yoldan danışan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov eyni zamanda qeyd etdi ki; “Bu gün müstəqil Azərbaycanın ən qocaman mətbu orqanlarından biri olan “Şərq qapısı” qəzetinin 100 yaşı tamam olur. Bu, 146 illik milli mətbuat tariximizin böyük hadisəsi olmaqla yanaşı, Naxçıvanın 97 illik muxtariyyət tarixinin canlı şahidi, bir əsrlik tariximizin təmiz güzgüsüdür. “Şərq qapısı” qəzeti müxtəlif dövrlərdə mövcud olan ideoloji, iqtisadi çətinliklərə, bəzi hallarda yaradılan süni maneələrə baxmayaraq fəaliyyətini dayandırmamış, ötən 100 ildə muxtar respublikamızda baş vermiş siyasi, iqtisadi, sosial və elmi-mədəni hadisələrin, həyat həqiqətlərinin davamlı, əhatəli mətbu orqanı kimi əhəmiyyətli mənbəyə çevrilmişdir. Qəzet bir neçə nəsil üçün real məktəb olmuş, Naxçıvanda aparıcı jurnalist kadrların yetişməsində böyük rol oynamışdır. Qəzetin 100 illik tarixi inkişaf yolu muxtar respublikada ziyalılığın təkmilləşmə, dirçəliş və yüksəliş yoludur- desək, bəlkə də, yanılmarıq. Belə ki, “Şərq qapısı”nın yaradıcılıq məktəbində yetişən ziyalılar sonralar Azərbaycan miqyasında, hətta daha geniş dairələrdə tanınıb məşhurlaşmış, elmi, ədəbi, ictimai, siyasi nüfuz qazanmışlar. Qəzetin əhatə dairəsini, ictimai nüfuzunu, tarixi əhəmiyyətini səciyyələndirərkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı” qəzetinə verdiyi müsahibəsində dediyi fikirləri xatırlamaq kifayətdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb.”

Natiq qeyd etdi ki; “Naxçıvanda qəzet çıxarmaq ideyası hələ XIX əsrin 90-cı illərində irəli sürülmüşdür. O vaxt maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqinin yenicə açdığı “Məktəbi tərbiyə” adlı təhsil ocağı xalqın savadlanması, təhsil alması yolunda fəaliyyətə başlamışdı. 1894-cü ildə ziyalılar qəzet nəşr etdirməkdən ötrü Peterburqa, çar üsul-idarəsinə ərizə və məktublarla müraciət etsələr də, müraciətlərinə cavab verilməmişdir. Sonrakı illərdə də bu məsələ dəfələrlə gündəliyə gətirilmiş, ancaq dövrün mütərəqqi ziyalıları öz istəklərinə nail ola bilməmişlər.

1921-ci ilin noyabrında “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuşdur. Vərəqə kimi çap olunan “Cavanlar həyatı” qəzeti cəmi iki aya yaxın müddət ərzində fəaliyyət göstərmişdir.1921-ci ilin dekabr ayından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmağa başlamışdır. Mətbuat tarixçiləri “Füqəra səsi” qəzetini “Cavanlar həyatı”nın davamı olan mətbuat orqanı kimi qiymətləndirirlər. 1922-ci ilin aprel ayından isə “Şərq qapısı” qəzeti nəşr olunmağa başlamışdır. “Şərq qapısı” qəzeti 1930-cu ilədək ərəb, 1930-1940 cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək isə yenidən latın qrafikalə əlifba ilə nəşr edilir. “Şərq qapısı” qəzeti 100 illik tarixi ərzində həm də böyük ədiblər, tənqidçilər, jurnalistlər nəsli yetişdirmişdir. Qəzetə keçən əsrin 20-30-cu illərində Həmid Mahmudov, Əhməd Haşımov, Həsən Əlizadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Xəlil Əminov, Musa İsmayılov redaktorluq etmişlər. Azərbaycanın xalq yazıçısı Əli Vəliyev 1933-1935-ci illərdə “Şərq qapısı”nın redaktoru vəzifəsində çalışmış, həmin illərdə qəzetin ictimai təsir imkanları artmış, qəzetdə vətəndaşlıq missiyasını təbliğ edən, onu artıran ciddi və kəsərli yazılar çap etmişdir.”

Bəxtiyar Əsgərov dedi ki,“Şərq qapısı” qəzeti Böyük Vətən müharibəsi dövründə yazıçı-publisist Məhəmmədəli Tarverdiyevim baş redaktorluğu (1941-1945) ilə müharibə illərinin arxa və ön cəbhədəki vəziyyətini olduğu kimi əks etdirmiş, o dövrdə vətənpərvərlik ruhunda yazılara geniş yer verilmişdir. Müharibə dövründə qəzet cəbhə ilə xalq arasında əsl körpü yaradan mətbu orqan kimi Naxçıvanda, doğma diyarımızda, demək olar ki, hər evin qapısını açmış, döyüş səngərlərinə belə gedib çata bilmişdir. Müharibədən sonrakı dövrlərdə qəzet tarixi yolunu davam etdirərək Azərbaycanda gedən proseslərin zəminində Naxçıvan hadisələrini əks etdirmişdir. Sonrakı dövrlərdə isə qəzetə Manaf Xudiyev (1953-1956), Fərman Tağıyev(1956-1960), Məmməd Bektaşi(1961-1962) və Hüseyn İbrahimov(1962-1965) baş redaktorluq etmişlər. Bu illərdə qəzetdə yeniləşmə hadisələrinə, ictimai meyillərin inkişafına, ədəbiyyat və incəsənət məsələlərinə, mədəniyyyət tədbirlərinin işıqlandırılmasına ciddi diqqət yetirilmişdir.

“Şərq qapısı” qəzeti ötən əsrin 70-ci illərinədək yalnız tək-tək ziyalıların gücü ilə, çətin şəraitdə fəaliyyətini davam etdirə bilmişdirsə, Sovetlər İttifaqı dönəmində ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra ədəbi və mədəni həyatda baş verən əlamətdar hadisələr, mətbuata göstərilən diqqət, qayğı “Şərq qapısı” qəzetindən də yan keçməmiş, qəzet öz həyatında 1970-ci ildən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin ilk dəfə gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyi münasibətilə “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin milli mətbuatımıza və mətbuat işçilərinə böyük diqqətinin və qayğısının nəticəsi idi.”

Bəxtiyar Əsgərov vurğuladı ki; “Tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən “Şərq qapısı” qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşmüşdür. 1990-cı il 20 yanvar tarixindən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını da yerinə yetirmişdir. Ümummilli liderimiz Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc edilmiş müsahibəsi, ulu öndərin Moskvadan Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifə təşkil edir. Qəzet vaxtilə muxtar respublikamızda fəaliyyət göstərən dünyaca görkəmli dövlət xadiminin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçirdiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. 1990-1993-cü illərdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə, onun fasiləsiz nəşrinin təmin olunması üçün əlindən gələni etmişdir.

Azərbaycanda söz, fikir və mətbuat azadlığına bütövlükdə ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti nəticəsində nail olunmuş, bunun əsası isə məhz Naxçıvanda – ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən qoyulmuşdur. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Bu işlərin nəticələrini, bu siyasətin davamlı gerçəkləşdirilməsinin bəhrələrini isə bu gün muxtar respublikada jurnalistikanın inkişafı timsalında aydın görmək mümkündür.”

Bəxtiyar Əsgərov dedi ki; “Müstəqillik illərində muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ali Məclisin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində – 2010-cu il iyulun 22-də Naxçıvan şəhərində “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksinin istifadəyə verilməsindən sonra qəzetin həyatında yeni dövr başlamış, rəngli nəşrə başlanılmışdır. Muxtar respublikada mətbuatın inkişafı ilə paralel olaraq ölkəmizdə nümunə sayılacaq yüksək nəşriyyat-poliqrafiya mədəniyyəti də formalaşmışdır. Bu gün Naxçıvanda-mərkəzdən uzaq muxtar respublikada ən mükəmməl, nəfis şəkildə nəşr-poliqrafiya işinin aparılması mədəniyyət tariximizdə də bir ilkdir-deyə bilərik. 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Şərq qapısı”nın 90 illik yubileyi münasibətilə keçirdiyi görüşdə redaksiyanın və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin əməkdaşlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı ilə təltif edərkən, bir qrup əməkdaşa yeni mənzillərin açarlarını təqdim edərkən demişdir: “Qəzet Naxçıvanda maarif və mədəniyyətin, elmin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamış, ictimai fikrə öz təsirini göstərmişdir. Bu gün də cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında, günümüzün quruculuq və inkişaf salnaməsinin yazılıb gələcək nəsillərə çatdırılmasında “Şərq qapısı” qəzetinin üzərinə mühüm vəzifələr düşür. “Şərq qapısı” oxucuların, cəmiyyətin maraqlarına xidmət göstərən materialların verilməsini davam etdirməli, əhalinin maarifləndirilməsi və məlumatlandırılması işində fəallıq göstərməlidir. Qəzet çalışıb ona nail olmalıdır ki, hər bir vətəndaşımızda, gənclərimizdə vətənpərvərlik, yurd sevgisi hissləri və milli duyğular güclənsin, milli dəyərlər, adət-ənənələr qorunsun, xalq yaradıcılığının, milli mədəniyyətin təbliğinə diqqət artırılsın. Muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eyni zamanda ucqar dağ və sərhəd kəndlərinin həyatı da qəzet səhifələrində obyektiv əksini tapmalı, zəngin mədəniyyətimiz və qədim tariximizlə bağlı materiallar hazırlanmalıdır”.

“Şərq qapısı” qəzeti həmişə Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuş, onun 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuşdur. 1996-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq Sərəncamı ilə qəzetin 75 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. O zaman Prezident Heydər Əliyevin bu münasibətlə “Şərq qapısı” qəzetinin kollektivinə ünvanladığı təbrik məktubunda deyilirdi: “75 illik şərəfli yaradıcılıq yolu keçmiş “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda bütün qüvvələrini səfərbər etmək, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.

““Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” məlum Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlətin qayğısından, dəstəyindən xəbər verir. Bu, əslində, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir.”- deyən Bəxtiyar Əsgərov həmçinin qeyd etdi ki; “Şərq qapısı” qəzeti öz fəaliyyəti ilə muxtar respublikamızda işıq üzü görən bütün mətbu orqanlara, şəhər və rayon qəzetlərinə nümunə olmaqla yanaşı, həm də bir növ dövlətçiliyimizin və müstəqilliyimizin dayağı rolunu oynayır. Qəzetin həftədə 5 gün, rəngli formada işıq üzü görən nömrələrində bütün sahələrdə artan yüksəlişdən, vətənimizin keşiyini gecə-gündüz ayıq-sayıqlıqla çəkən oğullarımızın şərəfli xidmətindən yazılır, qəhrəmanlıqlarından söhbət açılır, Günnüt zəfərindən, Aprel döyüşlərindən və ən nəhayət, ötən il 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qəbələdən danışılır. “Şərq qapısı” qəzeti ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər” sözlərdən fəxarət duyur, şəhid ailələrinin acısına şərik olur, dövlətimizin onlara bəslədiyi sonsuz sevgini, qayğını gözlər önünə sərir, Vətən oğullarının həyat yoluna nəzər salır, qəhrəmanlıqlarını dilə gətirir. Qəzetin 2012-ci ildə yaradılan, sonralar daha da təkmilləşdirilən, gün ərzində mütəmadi olaraq surətlə yenilənən elektron saytında muxtar respublika ilə yanaşı, ölkəmizdə, dünyada baş verən ictimai-siyasi hadisə və proseslərə də geniş yer verilir...

Bu gün “Şərq qapısı” qəzeti redaksiyasında istər jurnalist peşəkarlığı, istərsə poliqrafik keyfiyyət baxımından müasir tələblərə cavab verən, dünya qəzetçilik meydanına çıxa biləcək qəzetin nəşri üçün müasir iş şəraiti yaradılmışdır. Qəzetə məxsus www.serqqapisi.az saytı vasitəsilə “Şərq qapısı” dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlamış, qəzetin mükəmməl elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənərək qlobal informasiya məkanına çıxış imkanı qazanmış, bu gün Naxçıvanla bağlı dəqiq informasiyanın dünyaya çatdırılmasında mühüm rol oynamaqdadır.”

Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılmışdır-deyən Bəxtiyar Əsgərov əlavə etdi ki; “Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, Universitet televiziyası və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, bu sahədə 400-dən artıq əməkdaş çalışır. Bu gün nəinki muxtar respublikaya aid olan bütün qəzet və jurnallar, eyni zamanda digər kitab və materiallar da burada yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Ötən illər ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə mətbuat sahəsində çalışanların əməkhaqları artırılmış, əməyi ilə fərqlənən jurnalistlər respublikamızın və muxtar respublikanın fəxri adlarına layiq görülmüşlər. Ali Məclis Sədrinin mətbuat orqanlarına olan hərtərəfli diqqət və qayğısı kütləvi informasiya vasitələrində keyfiyyətcə böyük dəyişikliyin yaranmasına gətirib çıxarmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələri öz fəaliyyətlərini milli dövlətçilik prinsipləri əsasında, vətənə sədaqət ruhunda ləyaqətlə davam və inkişaf etdirməkdədir.”

Sonda Bəxtiyar Əsgərov daimi nümayəndəliyin kollektivi adından “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə, həmçinin Milli Mətbuat Günü münasibətilə qəzetin kollektivini təbrik etdi və onlara yeni-yeni nailiyyətlər, yaradıcılıq uğurları arzuladı.

Tədbir digər çıxışlar və daimi nümayəndəliyin arxivində saxlanmış “Şərq qapısı” qəzetinin müxtəlif illəri əhatə edən nömrələrindən ibarət sərgiyə baxışla davam etdirilmişdir.



17 iyul 2021-ci il