Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

       Yanvarın 18-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində 1990-cı il 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbir açıq elan edildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Bu faciə milli ideallar uğrunda mübarizə aparan soydaşlarımızın hər cür məhrumiyyətlərə sinə gərmək əzminin bariz ifadəsi, xalqımızın tarixinə yazılan şanlı bir səhifədir. Elə bir səhifə ki, üstündən neçə illər keçsə belə, xalqımıza milli ideallar uğrunda mübarizənin haqlı dava olduğunu xatırladır”, - deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verib. Bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı danışan daimi nümayəndəliyin rəhbəri bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını ömrünün həm də unudulmaz qəhrəmanlıq səhifəsi kimi yaşayıb. Sovetlər İmperiyasının qaniçən rəhbərliyinin qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkar aksiyanı həyata keçirməkdə məqsədi, doğrudan da, Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini beşikdəcə boğmaq və ona ağır mənəvi zərbə vurmaq məqsədi daşıdığı bildirilib. Törədilmiş qanlı cinayətlər nəticəsində 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılıb, dövlətimizə və vətəndaşlarımıza külli miqdarda maddi və mənəvi ziyan dəyib. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, bütün bunlara baxmayaraq, həmin bu qanlı əməllər Azərbaycan xalqının iradəsini qıra bilməyib, əksinə Qanlı Yanvar faciəsi milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın müstəqilliyini bərpa etməsinə gətirib çıxarıb.

Törədilmiş qanlı hadisənin səhəri günü ümummilli lider Heydər Əliyevin heç kimdən və heç nədən qorxmadan Moskvada, o zamankı Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirməsini, 20 yanvar günü Bakı şəhərində törədilmiş qırğınının səbəbkarlarını - Mixail Qorbaçov və onun əli qana batmış əlaltılarını adları ilə, açıq şəkildə günahlandırmasını böyük fədakarlıq sayan Bəxtiyar Əsgərov xüsusi qeyd edib ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin verilməsi də yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtmasından sonra baş verib. Məhz Ulu Öndərin tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilib. Həmin iclasda 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və bu hadisələrə görə məsuliyyətin, eyni zamanda, o zamankı respublika rəhbərliyinin üzərinə düşdüyü qeyd olunub.

Bildirilib ki, Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb, məhz Ulu Öndərin müvafiq Sərəncamı ilə 20 yanvar Ümumxalq Hüzn Günü elan olunub. Şəhidlər xiyabanındakı möhtəşəm anıt abidəsi də məhz Ulu Öndərin təşəbbüsü ilə ucaldılıb. Ümummilli Liderin layiqli davamçısı, dünya miqyasında xüsusi çəkisi ilə fərqlənən Prezident İlham Əliyev də daim tarixilik və müasirlik amilini əlində əsas tutaraq, milli-mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir. Prezident İlham Əliyev tərəfindən həmişə şəhid ailələrinə lazımi diqqət və qayğı göstərilir, 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir. Bu yardımlar, eyni zamanda, torpaqlarımız uğrunda canından keçmiş bütün şəhid ailələrini əhatə edir desək, daha dəqiq olar.

Natiq vurğulayıb ki, əsrlər keçsə də 20 Yanvar faciəsi heç vaxt yaddan çıxmayacaq, dönə-dönə xatırlanacaqdır. Şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, qüdrətli Azərbaycanın bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki, 20 Yanvar günü hər il olduğu kimi, bu il də Naxçıvan Muxtar Respublikasında Ümumxalq Hüzn Günü muxtar respublikanın rayon və şəhərlərində ucaldılmış və ziyarətgaha çevrilmiş 20 Yanvar abidələrinin önündə insanların izdihamlı keçidi ilə yad ediləcək. Tədbirdə Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbovun bu sahədə gördüyü işlər, atdığı humanist addımlar qədirbilənliklə sadalanıb, onun bu sahədə imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar xüsusi vurğulanıb. Qeyd edilib ki, məhz Vasif Talıbovun həyata keçirdiyi uğurlu fəaliyyətin nəticəsində Naxçıvan Muxtar Respublikasında Vətənə, torpağa, xalqa bağlılığı tərənnüm edən abidələrin ucaldılması, həyata keçirilən fəaliyyət proqramları, sosial layihələr, şəhid ailələrinə diqqət və qayğının göstərilməsi, onlara mütəmadi olaraq pulsuz mənzil, maşın və digər yardımların verilməsi gənc nəsillərdə gələcəyə ümid, etibar, Vətənə, torpağa bağlılıq hissinin möhkəmlənməsinə zəmin yaradır və xalqımıza uzaqda olmayan böyük qələbəyə inam hissini aşılayır.

Sonda Bəxtiyar Əsgərov erməni işğalında olan Qarabağımızın və digər torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin fədakar və inamlı daxili və xarici siyasəti nəticəsində tezliklə geri qaytarılacağına, haqqın, ədalətin bərqərar olacağına xalqımızın tükənməz inamının əsas verdiyini, buna heç kimdə qətiyyən şübhə olmadığını qeyd edib.

Tədbir digər çıxışlarla davam etdirilib.