Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir

       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində “20 Yanvar” faciəsinin 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Daimi Nümayəndəliyin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin, 20 Yanvar faciəsində vətənimizin azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş, eyni zamanda günahsız qətlə yetirilmiş Azərbaycanın oğul və qızlarının, həmçinin, respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xalqımızın qan yaddaşına böyük faciə, müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq səlnaməsi kimi həkk olunan 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat verərək qeyd etdi ki; “Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 34 il keçir. Hər bir xalqın tarixində, onu azadlığa aparan dövlətçilik yolunda həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı məhz 1990-cı ilin Qanlı Yanvar günlərini həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gün, o faciəvi gecədə Azərbaycan xalqı həm də sınağa çəkildi. 20 Yanvar faciəsi, eyni zamanda həm ümümxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “Bu təcavuz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya bilmədi, qururunu sındıra bilmədi, bu tarix qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı”.

Daimi Nümayəndəliyin rəhbəri qeyd etdi ki; “ Qanlı Yanvar faciəsi Azərbaycan xalqının azadlıq istəyinin qarşısını almaq cəhdi ilə yanaşı, həm də tarixi düşmənimiz olan ermənilərin işğalçılıq siyasətinin həyata keçirilməsinə xidmət edən ən böyük terror aktı idi. Ermənilərin faciədən bir neçə gün əvvəl Azərbaycanımızın dilbər guşəsi Naxçıvana olan hücum aktları bunu bir daha təsdiq edir. Məhz 1990-cı il yanvarın 18-də, bu gün də erməni işğalında olan Naxçıvanın Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal edildi. Muxtar respublikanın ərazi bütövlüyü və sakinlərin həyatı təhlükə altında olduğundan, eləcə də, 1921-ci ildə bağlanmış beynəlxalq Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğundan, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi Qərar qəbul etdi. Çarəsizlikdən qəbul edilən bu qərara əsasən, o zamankı Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxdığını elan etdi. Təsadüfi deyildi ki,1990-cı il yanvarın 20-də, Bakıda və ölkəmizin digər yerlərində Qanlı Yanvar hadisələrinin törədilməsindən təxminən 8 saat əvvəl Naxçıvanın Sədərək qəsəbəsinə və ətraf kəndlərə erməni silahlı dəstələrinin hücumları başladı və bu hücum əslində 20 Yanvar faciəsinin ilk qanlı işartıları idi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, silahsız mülki şəxsləri, o cümlədən uşaqları, qadınları və yaşlıları amansızcasına öldürmüş, bununla da beynəlxalq hüquq normalarını, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəalarını, fundamental insan hüquqlarını kobudcasına pozmuş, tapdalamışlar. Doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış millətimizə, çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Keçmiş sovetlər birliyinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi təkcə bizim tariximizdə deyil, həm də bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturasının Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləsinin o zamankı Sovet İttifaqının aparıcı müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlanmasından qorxmayan qəhrəman xalqımızın milli azadlıq ideallarından əl çəkməyəcəyini düşmənlərə bir daha nümayiş etdirmiş oldu. Həmin vaxt Azərbaycan, doğma torpaqlarımızda zorla yaradılmış mənfur qonşumuz olan Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki ermənilərin yaratdığı əsassız münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, müxtəlif sovet hərbi hissələrində xidmət keçən erməniləri, hətta erməni kursantları daxil etmişdir. O zaman Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər kəsi, hər şeyi əzir, hərbçilər hər yanı amansızlıqla atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Hətta yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək insan yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.”

Bəxtiyar Əsgərov bildirildi ki; “Xalqımız o günlərdə böyük bir həqiqəti-həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin-dünyaca qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar hadisələrində xalqının səsinə hər kəsdən əvvəl səs verən də məhz ulu öndərimiz böyük Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də oğlu, silahdaşı, o çətin günlərdə atasını bir an belə tək qoymayan Müzəffər liderimiz İlham Əliyevlə birlikdə ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Sergeyeviç Qorbaçovu kəskin ittiham etdi, qoşunların dərhal Bakıdan çıxarılmasını tələb etdi. SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda onu və açıq ermənipərəst başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ulu öndər Heydər Əliyev, Prezident İlham Əliyev və onun ailəsi bununla, hər şeydən əvvəl Vətən, xalq qarşısında vətəndaşlıq, sarsılmaz, dönməz iradə və milli mövqelərini nümayiş etdirmiş oldu.. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də Azərbaycandakı faciəyə verilən ilk obyektiv siyasi qiymət idi,özü də İmperiyanın mərkəzində, Moskvada...

Yalnız ümummilli lider Heydər Əliyevin müstəqil ölkəmizin rəhbərliyinə qayıdışından sonra, 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Ümummilli liderin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda isə həm də Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymətin verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda mübarizəsinin dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz böyük Heydər Əliyevin prinsipial və ardıcıl siyasi mübarizəsindən, dönməz mövqeyindən sonra öz hüquqi-siyasi qiymətini aldı. “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur.“-deyən ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ulu öndər hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edər, şəhid ailələri ilə görüşər, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, memarlığı ilə əziz şəhidlərimizin ölməz xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Böyük Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verilib.”

Daimi Nümayəndəliyin rəhbəri qeyd edib ki; “Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev şəhid adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Hər il yanvarın 20-də xalqımızın qan yaddaşına hörmətin ifadəsi olaraq Şəhidlər xiyabanını ziyarət edərək, şəhid məzarlarına, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyan, qərənfillər düzən Prezident cənab İlham Əliyev və 1-ci Vitse Prezident xanım Mehriban Əliyeva tərəfindən həm də 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün çox mühüm addımlar atılmış, qərarlar verilmişdir. Bu gün dövlət başçısı cənab İlham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərmanına əsasən şəhid ailələrinə təqaüd verilir və bu təqaüdlər ildən-ilə artırılır. Cənab Prezidentimizin təşəbbüsü ilə Şəhidlər Xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 33 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecənin faciəsinin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, xəyanət və fəlakətin səbəbkarlarına öz dərin nifrətini ifadə edir. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək hər il 20 Yanvarda onların xatirəsini dərin ehtiramla yad edir. Hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirilir, qanlı qırğının ildönümü respublikamızın bütün şəhər və rayonlarında qeyd olunur.

Bu gün iftixar hissi ilə demək olar ki, uzun illər Ermənistanın işğalı altında olmuş torpaqlarımızda, eləcə də, illərdir mənfur düşmənlərimizin terror mərkəzinə, yuvasına çevirdiyi doğma Xankəndində əziz şəhidlərimizin uğrunda canlarını vermiş üçrəngli bayrağımız heç vaxt olmadığı kimi əzəmətlə, qürurla dalğalanır. İllər öncə ulu öndərimizin və cənab Prezidentimizin dediyi “Üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır! O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün real həyatda öz əksini tapmışdır. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər qazandı. Qəhrəman Milli Ordumuzun cəsarəti, peşəkarlığı, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində 2020-ci ilin 27 sentyabrından 8 noyabr tarixinədək davam edən 44 günlük Vətən müharibəsi nəticəsində müstəqil Azərbaycanımız, cəfakeş xalqımız öz suverenliyinə qovuşdu, azadlıq,müstəqillik,ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin qisası alındı. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Qarabağın tacı olan Şuşanın işğalçılardan azad edilməsi xəbərini, müjdəsini məhz müqəddəs Şəhidlər Xiyabanından Azərbaycan xalqına çatdırması, Fəxri Xiyabanda ulu öndərin məzarı önündə qələbə salamı təsadüfi deyildi: “2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!” Bəli, Azərbaycan xalqı zülmə qarşı barışmaz olduğunu 20 Yanvar gecəsində sübut etdiyi kimi, illər sonra Vətən müharibəsində düşmənə “dəmir yumruq”la layiqli cavab verərək bir daha bütün dünyaya bəyan etdi. 44 günlük vətən müharibəsindəki tarixi Zəfərlə qədirbilən xalqımız Vətəni canından, qanından artıq sevdiyini bir daha dosta da, düşmənə də nümayiş etdirdi. Ali Baş Komandanımız Cənab İlham Əliyev bir qalib Sərkərdə kimi dünyaya həm də daha müasir hərb qaydaları, yeni müharibə taktikasını təqdim etdi.Öz bacarığı, uzaqgörənliyi, ən başlıcası qətiyyətli qərarları ilə Prezident İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinə və müdrik xalqımıza dayanıqlı ictimai-siyasi sabitlik, qürur, fərəh dolu yeni ruh, qüdrətdən yoğrulmuş, müasir silahlarla təchiz olunmuş, dünyanı heyrətə salan qalib ordu, müqəddəs zəfər bəxş etdi.

Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsndə ölkə Prezidentinin ən yaxın silahdaşı ömür-gün yoldaşı, Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva olmuşdur. Adını Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edən Mehriban xanım Əliyeva şanlı tariximizin görkəmli, şöhrətli qəhrəman qadın¬ları ilə bir sırada dayanır. Bu, ilk növbədə, tanınmış ictimai-siyasi xadim, mərhəmətli, şəfqətli xanım kimi həm də son 200 ildə görünməmiş tarixi bir qələbənin əldə olunmasında, doğma Qarabağımızın 30 illik işğaldan azad edilməsində Onun həmişə olduğu kimi, Azərbaycan Prezidentinin yanında olması, silahdaşı olması, beləliklə, Müzəffər Sərkərdə cənab İlham Heydər oğlunun rəhbərliyində şanlı Ordumuzun böyük Zəfər qazanması ilə bağlıdır. 2020-ci ildə yazılmış möhtəşəm Zəfər tarixində Mehriban xanım Əliyevanın “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” – sözləri, xalqımızı qələbəyə ruhlandıran müraciətləri hər kəsə böyük ruh vermişdir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən vətən uğrunda gedən müharibə və döyüşlərdə ağır yaralanan əsgər və zabitlərin reabilitasi¬ya üçün qardaş Türkiyəyə göndərilməsi, onların müvafiq təminatı və qayğı ilə əhatə edilməsi xalqımız tərəfindən daim təqdir edilir.”

Sonda Daimi Nümayəndəliyin rəhbəri vurğuladı ki, “Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalqımız hər il olduğu kimi, bu gün də bir daha əsarət qandallarını sındırmış, azadlıq şamlarını yandırmış şəhidlərimizi dərin ehtiramla yad edir. 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olmuş vətən övladları Azərbaycan tarixinə parlaq səhifə yazdı, müdrik xalqımızn milli azadlığı, müstəqilliyi üçün əbədi yol açdılar. Nəticədə, “20 Yanvar” faciəsi azadlıqsevər xalqımızın, müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.” Bəli, nə qədər ki, xalqımız yaşayacaq, nə qədər ki, müstəqil Azərbaycan var olacaq – əziz şəhidlərimiz heç zaman unudulmayacaq.”

Tədbir digər çıxışlarla davam etdirilmişdir.



19 yanvar 2024-cü il