Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir

       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 22 fevral 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 100-cü ildönümününə həsr olunmuş “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” adlı dəyirmi masa keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri giriş nitqi ilə açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik və “Şərqin qapısı” adlandırılan qədim Naxçıvanın keçdiyi mürəkkəb və çətin, eyni zamanda şərəfli tarixi inkişaf yolundan ətraflı bəhs edib. Azərbaycanın ayrılmaz parçası olan ulu Naxçıvanın,bu gözəl diyarın muxtariyyət əldə etməsinin 100-cü ildönümündə, tanınmış ziyalıların iştirakı ilə daimi nümayəndəlikdə dəyirmi masaya toplanmağın əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikasının yaranmasının Azərbaycanın siyasi tarixində çox mühüm hadisə olduğunu bildirən natiq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması haqqında” imzaladığı Sərəncamını müstəqil və qalib ölkəmizin müasir tarixində əhəmiyyətli hadisə kimi şərh edib: “Sərəncamda qeyd olunur ki, Naxçıvan diyarı Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəyləri – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır Naxçıvan əsrlər boyu yetirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermişdir. Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur.”

Naxçıvan diyarının muxtariyyət tarixinin diqqətlə öyrənilməsi və təbliğ olunması vacibliyini bir vəzifə kimi qarşıya qoyan dövlətimizin başçısı cənab İlham Əliyev demişdir: “Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycandan qismən təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq məcburiyyətində qalan, tez-tez bədnam qonşuların ərazi iddiaları obyektinə çevrilən Naxçıvanın tarixinin hələ də tədqiq edilməyə ehtiyacı olan səhifələri açılmalı, bu diyarın tam dolğun, obyektiv tarixi xalqımıza, habelə dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, erməni siyasətçilərinin tarixi saxtalaşdırmaq cəhdlərinə tutarlı cavab verilməlidir”. Tarix boyu həmişə Naxçıvan Azərbaycan dövlətçiliyinin əsas mərkəzlərindən biri olmuşdur. Əlverişli təbii-coğrafi mövqeyi, şərqlə qərbi birləşdirən qədim İpək yolunun üstündə yerləşməsi Naxçıvanı fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirmişdir. Ərazisi dəfələrlə işğal olunsa da, əldən-ələ keçsə də, Naxçıvan heç vaxt qəddini əyməmiş, xalqımıza məxsus mədəniyyəti, adət-ənənələri, ən vacibi isə, tarixi ərazisini qoruyub saxlaya bilmiş, müasir dövrümüzədək gətirib çıxarmışdır. Burada dövlətçilik ənənəsinin çoxəsrlik tarixi vardır. Atabəylər dövləti - Naxçıvan bəylərbəyliyi, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Naxçıvan mahalı kimi dövlət qurumlarının mövcud olması Azərbaycanın bu qədim diyarında dövlətçilik təfəkkürünün həmişə qüvvətli olmasını şərtləndirmişdir. Naxçıvanın xarici müdaxilələrdən qorunmasında 1918-ci ildə yaradılmış Araz-Türk Respublikasının mühüm xidmətləri olmuşdur. Bu dövrdə Naxçıvan şəhəri bir milyondan çox əhaliyə malik olan Araz-Türk Respublikasının paytaxtı idi. Tarixi proseslərin sonrakı inkişafının nəticəsi olaraq Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılmışdır.

Daimi Nümayəndəliyin rəhbəri dedi ki: “Naxçıvanın muxtariyyəti böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmış, gərgin, ağır, eyni zamanda şərəfli bir yol keçmişdir. Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun həyati əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq.”

Naxçıvanın muxtariyyəti çox çətin sınaqlardan keçərək gərgin hərbi-siyasi və diplomatik mübarizələr nəticəsində qazanılmış, böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin nəticəsi kimi meydana çıxmışdır.Bu muxtariyyət tarixi, geosiyasi zərurət idi. 1919-cu ildə Zəngəzur mahalı Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunmuşdu. Regionda marağı olan böyük dövlətlər İrəvan və Zəngəzur kimi Naxçıvanı da ermənilərə güzəştə getmək istəyirdilər. Erməni yaraqlıları isə əhalini qorxu içərisində saxlayır, soyqırımı törədir, torpaqların boşaldılmasına çalışırdılar. Buna baxmayaraq, nə böyük dövlətlərin siyasi və diplomatik təzyiqi, nə aclıq və səfalət, nə də ermənilərin aramsız hərbi müdaxiləsi naxçıvanlıların iradəsini sındıra, Azərbaycanla bir olmaq istəyinin qarşısını ala bilmədi. Naxçıvanın muxtariyyətinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və daha sonra beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-ci ildə Zaqafqaziya Seymində, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətində, Türkiyə Parlamentində, 1919-cu ildə isə Paris Sülh Konfransında müzakirə edilmişdir. 1921-ci ildən 1924-cü ilədək, yəni muxtariyyət statusundan muxtar respublikanın təşkilinə kimi çoxsaylı müzakirələr aparılmışdı. Bu müzakirələrdə bir məsələ aydın idi ki, Azərbaycanın daxilində Naxçıvanın muxtariyyət təşkil etməsi bölgənin spesifik ərazi vəziyyəti-geosiyasi şəraiti ilə bağlı idi. Naxçıvanın Azərbaycandan ayrı düşməsi, heç bir sərhədə malik olmaması onun inzibati idarəçiliyinin qəza və ya rayon hüquqlarında təşkil etməyə imkan vermirdi. 1921-ci ildə azərbaycan, rus və erməni nümayəndələrinin iştirakı ilə Naxçıvan əhalisi arasında rəy sorğusu keçirilmiş,əhalinin 90 faizdən yuxarı hissəsi muxtar respublikanın Azərbaycanın tərkibində qalmasını istəmişdir. Sonda isə Naxçıvan əhailsinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanmışdır. Kazım Qarabəkir Paşanın “Şərqin qapısı”, Mustafa Kamal Atatürkün isə “Türk qapısı” adlandırdıqları Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə təsbit olunmuşdur. Moskva müqaviləsinin 3-cü bəndinə, Qars müqaviləsinin 5-ci bəndinə əsasən Naxçıvanın ərazisi təsdiq olunub və bu ərazinin beynəlxalq müqavilələrlə qorunan toxunulmazlıq hüququ təsbit edilib. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılması haqqında Dekret imzalamışdır. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək demişdir: “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir. Naxçıvanın muxtariyyət statusunun hüquqi bazasının yaradılması 1924-cü ilin aprelində təsdiq edilmiş Əsasnamə və 1926-ci il aprelin 18-də qəbul olunmuş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının birinci Konstitusiyası ilə təsbit edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”. Naxçıvan MSSR-in sonrakı konstitusiyalarında da Naxçıvan Azərbaycan SSR-in tərkibində muxtar respublika kimi göstərilmişdir.” Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda, bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada saIınmalı və tariximizə daxil olmalıdırlar”. Qeyd olunanlar onu göstərir ki, ötən dövr ərzində ölkəmizdə muxtariyyətin möhkəm siyasi və hüquqi bazası formalaşmış, böyük bir inkişaf yolu keçmişdir. Naxçıvanın muxtar respublika statusu bu bölgənin 100 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir. Naxçıvanın muxtariyyət statusunun möhkəmlənməsində bu illər ərzində qəbul olunmuş konstitusiyalar da mühüm rol oynamışdır. 1926-1978-ci illərdə Naxçıvan Muxtar Respublikasının üç konstitusiyası, ölkəmiz müstəqillik qazandıqdan sonra 1998-ci il dekabrın 29-da isə Naxçıvan Muxtar Respublikasının yeni konstitusiyası qəbul olunmuşdur.”

Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi inkişaf yolunun çətinliklərindən bəhs edən Bəxtiyar Əsgərov qeyd etdi ki: “1987-1993-cü illərdə ölkəmizi Heydər Əliyev yolundan döndərməyə uğursuz cəhdlər göstərildi. Nəticəsi də o oldu ki, Azərbaycan daha ağır vəziyyətlə üzləşdi. 20 Yanvar faciəsi baş verdi, Qarabağ və ətraf rayonlar işğal olundu. Ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşdü. Ölkəmizin bir çox yerlərində separatçı hərəkatlar baş qaldırdı. Azərbaycan fəlakətin bir addımlığında idi. Azərbaycan, sözün həqiqi mənasında, siyasi xəritədən silinə bilərdi. Eyni aqibət, təbii ki, Naxçıvan Muxtar Respublikasını da gözləyirdi. Bu dövrün Naxçıvanı təklənmiş, tək, taleyin ümidinə buraxılmış adanı xatırladırdı. Ermənistan tərəfindən təkcə iqtisadi blokadaya yox, həm də hərtərəfli,eləcə də informasiya blokadasına salınmış Naxçıvan beynəlxalq aləmdən tamamilə təcrid edilmişdi.1990-cı ilin iyul ayında xalqımızın böyük oğlu Heydər Əliyevin Moskvadan Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublikanı bütün məkrli siyasi oyunlardan - ərazisini erməni işğalından, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi. Ümummilli liderimiz 1990-1993-cü illərdə burada baş verən prosesləri xatırlayaraq deyirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim həyatımda xüsusi yer tutur. O illər biz Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, böyük faciələrdən xilas etdik. O dövr böyük sınaq dövrü oldu. İnsanların öz torpağına, Vətəninə sədaqətinin sınaqdan keçməsi dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”. Ötən əsrin 90-cı illərində - bölgəyə erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyətin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaratmışdır. Bu dövrdə ölkəmizin müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məxsus olmuşdur. Belə ki, 1990-cı il noyabrın 17-də ümummilli liderimizin rəhbərliyi ilə keçən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının ali dövlət hakimiyyət orqanları haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. Nəhayət, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, həmin tarixdən Naxçıvan Muxtar Respublikası muxtar dövlət statusu ilə yaşamaqdadır. Naxçıvanın muxtariyyət statusu bu dövrdə erməni işğalının, təhlükələrin aradan qaldırılması, ağır blokada şəraitində insanların yaşayışının təmin olunması sahəsində də taleyüklü qərarların qəbul edilməsinə şərait yaratmış, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi o zaman ümummilli lider Heydər Əliyev qonşu İran və Türkiyə respublikaları ilə əlaqələr quraraq bu ölkələrdə səfərlərdə olmuş, müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalamışdır. Ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının məhz Naxçıvanda qəbul edilməsi, burada milli ordu quruculuğuna başlanılması, dərin aqrar islahatların həyata keçirilməsi - böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin gələcəkdə daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi.”

Keçirilən yubileylərin, xüsusilə, 100 illik yubileyin böyük siyasi,tarixi,elmi əhəmiyyətindən bəhs edən Bəxtiyar Əsgərov qeyd etdi ki, “Naxçıvan Muxtar Respublikasının 1949-cu ildə 25, 1964-cü ildə 40, 1974-cü ildə 50, 1984-cü ildə 60, 1999-cu ildə 75, 2004-cü ildə 80 və 2014-cü ildə isə 90 illik yübileylərinin keçirilməsi, xüsusilə, müstəqil dövlətimiz tərəfindən bu diyara göstərilən sonsuz sevgi, diqqət, və qayğının bariz nümunəsi, eləcə də bu qədim diyarın əhəmiyyətinin göstəricisidir. Son 100 il ərzində Naxçıvan Muxtar Respublikası böyük bir inkişaf yolu keçmişdir. Ölkə Prezidentinin Naxçıvan Muxtar Respublikasına ard-arda tarixi səfərləri, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileylərində proqram xarakterli çıxışları, muxtar respublikada müstəqillik illərində görülən işlər, həyata keçirilən quruculuq tədbirləri ulu öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ardıcıl, düşünülmüş, uzaqgörən siyasətin nəticəsində Naxçıvan birbaşa Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə öz müasir inkişaf dövrünün yeni mərhələsinə başlayır. Muxtariyyət statusu qazanmasını və Naxçıvan Muxtar Respublikasının 100-cü ildönümünü keçdiyi şanlı tarixin qüruruyla, daha böyük nailiyyətlərə imza atmaq arzusu ilə qeyd edir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad olunması uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük haqq savaşında qazandığı şərəfli və tarixi qələbədən bəhs edən Bəxtiyar Əsgərov böyük qürur hissi ilə qeyd etdi ki, “ərazi bütövlüyümüzün bərpası və Vətən müharibəsində Qələbəmiz, əlbəttə, dövlətimizin gücünü, Azərbaycan xalqının iradəsini və sözümüzlə əməlimizin bir olduğunu nümayiş etdirdi. Beləliklə, müharibənin başa çatdırılması və işğal edilmiş ərazilərimizin azad olunması ilə bağlı Azərbaycan xalqı qarşısında verilən vədlər və götürülmüş öhdəliklər dövlət rəhbərimiz tərəfindən tam yerinə yetirilmişdir. Vətən müharibəsinin bitməsi ilə əlaqədar 2020-ci ilin noyabr ayının 10-da imzalanan üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın Qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Yaranacaq dəhlizdən region dövlətlərinin istifadəsi üçün zəmin yaranır. Ən əsası isə Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi yaranır. Həmin dəhlizin bərpası ilə region dövlətləri olan Azərbaycanın, Türkiyənin, Rusiyanın, İranın, istəsə Ermənistanın birgə istifadəsi bölgədə yeni reallıq və iqtisadi əməkdaşlıq üçün sağlam mühit formalaşdırılır. Yaradılacaq bu şərait ilk növbədə muxtar respublikanın iqtisadi, sosial inkişafı üçün şaxələnmiş, etibarlı təminatdır.”

“Naxçıvan Muxtar Respublikası özünün böyük tarixi keçmişinə və milli dəyərlərinə sahibdir. Qədim tarixi abidələrimiz, gələcəyimiz olan gənclər himayə olunur, milli adət və ənənələrin qorunması üçün tədbirlər görülür. Naxçıvan qədim Azərbaycan diyarıdır, qədim tarixə, mədəniyyət malik olan diyardır, eyni zamanda müasir şəhərdir… Naxçıvan muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verib» söyləyən Prezident İlham Əliyevin bu qədim diyara göstərdiyi diqqət və qayğı sayəsində muxtar respublika gündən-günə çiçəkləndi, inkişaf etdi. Bütün sahələri əhatə edən quruculuq, abadlıq işləri sayəsində müasirliklə qədimliyin vəhdətində böyüyən, böyüdükcə gözəlləşən Naxçıvan intibah dövrünü məhz böyük Heydər Əliyev ideyalarından ilham alaraq yaşayır. Tarixi abidələri, müalicəvi əhəmiyyətli suları, buz bulaqları, meşələri, təmiz havası ilə qonaqları valeh edən muxtar respublika füsünkarlığı ilə göz oxşayır.Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşünın Şərq aləmində tanınan muxtar respublikada keçirilməsi, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı elan olunması dünya sivilizasiyasına önəmli töhfələr vermişdir. Görülən işlərin nəticəsidir ki, Naxçıvan artıq beynəlxalq elm, mədəniyyət və idman tədbirlərinə ev sahibliyi edir, elmi konfrans və simpoziumlar, rəsm festivalları keçirilir. Bu mənada ötən il daha əlamətdar olmuş, 2018-ci ildə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilmiş, Naxçıvanda "Avropa günləri", Türk Şurası Gənc Liderlərinin ilk formu, eləcə də TÜRKSOY-un "Türk-islam əxlaq fəlsəfəsinin qurucu liderləri: Türküstandan Anadoluya İrfan məktəbinin alimləri" mövzusunda beynəlxalq konfransı keçirilmişdir.”- deyən Bəxtiyar Əsgərov onu da sözlərinə əlavə etdi ki, “Naxçıvanın muxtar respublika statusu, qeyd edildiyi kimi, onun 100 illik tarixi taleyində, ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olmuşdur. Naxçıvanın müdafiə qüdrətinin artırılmasına, təhlükəsizliyinin təminatına göstərilən diqqət də yüksək səviyyədədir. Bu gün Naxçıvan hərbi texnika və avadanlıqlarların təchizatı baxımından yüksək səviyyədədir. Hələ işğal dönəmində, Günnüt əməliyyatının uğurla başa çatması, düşmən işğalında qalan 11 min hektar ərazinin azad olunması Silahlı Qüvvələrimizin qüdrətini göstərməklə, Naxçıvanın etibarlı müdafiəsinin, hərbi potensialının gücləndirilməsinin də nümunəsi olmuşdur. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində daha böyük inkişafa doğru inamla və qətiyyətlə irəliləyir-desək, yanılmarıq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il iyunun 5-də imzalanan və Sərəncamla təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın “Mövcud çağırışlar” adlanan 3.2-ci bölməsində müəyyənləşdirilən perspektiv fəaliyyət imkanları da sübut edir ki, ötən dövrdə regionun mövcud potensialından onun daha sürətli və optimal inkişafının təmin edilməsi üçün hələ tam istifadə olunmamışdır. Təsadüfi deyildir ki, Dövlət Proqramında qeyd edilir: “2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə yaranmış yeni reallıq Orta Dəhlizin inkişaf perspektivlərini gündəmə gətirməklə, Zəngəzur dəhlizinin açılmasını zəruri etmiş və Naxçıvan Muxtar Respublikasının tranzit potensialını genişləndirmişdir. Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu, sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi ön plana çıxmışdır... Mövcud potensialdan daha səmərəli istifadə etməklə bölgədə sosial-iqtisadi inkişafın sürətləndirilməsi və davamlılığının təmin edilməsi zəruridir. Məhz buna görə də Naxçıvanda ictimai-siyasi idarəçiliyi sağlamlaşdırmaq, muxtar respublikanın büdcəsindən, o cümlədən dövlət büdcəsindən ayrılan dotasiyadan, habelə Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı Sərəncamlarla bölgənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün yönəldilmiş əlavə resurslardan bundan sonra səmərəli və şəffaf şəkildə istifadə edilməsi üçün Naxçıvan Muxtar Respublikasının idarəçiliyində islahatların keçirilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il dekabrın 22-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu təsis edilmiş, nümayəndəliyin Əsasnaməsi təsdiq edilmişdir. Naxçı¬van Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin təsis edilməsi bu qədim diyar¬da mühüm hadisə kimi muxtar respublikada reallaşdırılan kadr islahatlarında, dövlət idarəçiliyinin təkmilləşdirilməsində yeni dövrün başlanmasından xəbər verir. Başqa sözlə, dövlət başçısının 22 dekabr 2022-ci il tarixli fərmanı 30 illik düşmən əsarətindən xilas edilmiş Qarabağ iqtisadi regio-nundan sonra Naxçıvan Muxtar Respub¬likasında da dövlət idarəçiliyi sistemində yeni mərhələyə keçid və daha böyük uğurların əldə edilməsinə açılan pəncərə idi. Ən əsası odur ki, 100 illik yubiley ərəfəsində imzalanmış adıçəkilən tarixi sənəd qədim diyarın insanları, ictimaiyyət nümayəndələri və ziyalıları tərəfindən də böyük rəğbətlə qarşılanmışdır.”

Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Naxçıvanın sosial-iqtisadi inkişaf proqra¬mı və bundan irəli gələn strateji layihələr həyata keçirilir. Həmin layihələr çərçivə¬sində yaranan yeni iş yerləri iqtisadi inki¬şaf zəncirinin tamamlanmasını şərtləndi¬rir. İqtisadiyyatın dayanıqlılığı və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsi üçün muxtar respublikanın zəngin re-sursları, dağ-mədən sənayesi, turizm, ticarət, nəqliyyat-logistika, habelə insan potensialından səmərəli istifadə olun¬ması, biznesin müasir tələblərə uyğun gücləndirilməsi, regionun ixrac potensi¬alının artırılması təşəbbüslərinin diqqət mərkəzində saxlanılması da qədim diya¬rın yaxın gələcəkdə sürətli inkişaf dina-mikası haqqında aydın təsəvvür yaradır. Eyni zamanda, bu sadalananlarla bə¬rabər, Zəngəzur dəhlizinin açılmasının Naxçıvanın mühüm nəqliyyat qovşağına çeviriləcəyi, Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolunun daha da artacağı inamını gücləndirir. Onu da qeyd eymək yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də, Naxçıvanda real¬laşdırılan genişmiqyaslı tədbirlər, sistemli quruculuq işləri, o cümlədən, mühüm inf¬rastruktur layihələri, enerji təchizatı, müa¬sir yolların, təhsil və səhiyyə obyektlərinin inşası, yeni müəssisələrin açılması və iş yerlərinin yaradılması istiqamətində artıq yeni layihələrin icrasına başlanılıb. Muxtar respublikada idarəetmənin təkmilləşdiril-məsi, iqtisadi potensialdan səmərəli istifa¬də, sosial-iqtisadi sahədə şəffaflığın artı-rılması, işgüzar mühitin yaxşılaşdırılması, sahibkarların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması prioritet istiqamətlər kimi önə çəkilib. Əhalidə bu sahədə hə-yata keçirilən nəticəyönümlü islahatlar qədim diyarımızın Azərbaycanın iqtisadi artım templərinə uyğun davamlı inkişafını şərtləndirəcəyi əminliyi yaradıb.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının məqsədyönlü, konseptual şəkildə davam etdirilməsi bu qədim diyarın simasını günü-gündən dəyişir, dünyanın sayılan şəhərləri ilə müqayisə olunacaq dərəcədə gözəlləşməsinə xidmət edir. Naxçıvanın bütün bölgələri, sərhəd kəndləri inanılmaz dərəcədə müasirləşməkdədir. Qədimliyini, tarixiliyini qorumaqla müasirliyə doğru irəliləyən muxtar respublikanın paytaxtı kimi bütün rayon və kəndlərində həyata keçirilən sosial- iqtisadi islahatlar, inşa olunan obyektlər, yollar, təhsil, səhiyyə ocaqları əhaliyə xidmət edir. Rayon və kəndlər də daxil olmaqla həyata keçirilən infrastruktur layihələrinə, yol-nəqliyyat sahələrinə diqqətin artırılması, abadlıq və yenidənqurma işlərinin genişlənməsi istiqamətində görülən işlər insanların rahat yaşamasını təmin edir. Uzun illər blokada şəraitində belə əldə olunan uğurlar bir tərəfdən ulu öndərimizin, onun layiqli davamçısının apardığı müdrik siyasətin nəticəsidirsə, digər tərəfdən bu yurdun insanlarının vətənə bağlılığının, torpağa sevginin bariz ifadəsidir. Muxtar respublikanın davamlı, sürətli inkişaf dinamikası Naxçıvana təyin olunmuş yeni rəhbərliyin səyi və bu diyarın insanlarına dövlətimizin ayrıca diqqət və qayğısının il-ildən artmasının sayəsində təmin olunacaq.Təbii ki, ard-arda bu nailiyyətlərin qazanılması Naxçıvanın muxtariyyət statusunu daha da möhkəmləndirir. Bu gün xalqımız əmindir ki, ümummilli liderimizin uzaqgörən siyasi kursu möhkəm və əmin əllərdədir. Bu kursu davam etdirən cənab Prezident İlham Əliyev Azərbaycanı, onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını nəinki yaşadır, həm də onu fasiləsiz inkişaf etdirir, ölkəmizi və xalqımızı inamla daha firavan gələcəyə aparır! Azərbaycan xalqının əlamətdar bayramı -Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə sizi bir daha təbrik edir,uğurlar arzulayıram!”

Qonaqlardan AMEA-nın prezidenti,Milli Məclisin deputatı akademik İsa Həbibbəyli, Milli Məclisin Komitə sədrləri Ziyafət Əsgərov və Sadiq Qurbanov çıxış edərək Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusunun tarixi əhəmiyyəti və Heydər Əliyevin bu statusun möhkəmləndirilməsindəki xidmətlərindən, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bu diyarda əldə olunmuş mühüm nailiyyətlərdən danışdılar.

Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, millət vəkilləri Qüdrət Həsənquliyev və Jalə Əliyeva Naxçıvan Muxtar Respublikasının inkişaf modelindən, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqillik tariximizin ərsəyə gətirdiyi elmi əsərlərdən və Zəngəzur dəhlizinin reallaşmasından söhbət açdılar.

Çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, fizika-riyaziyyat elmləri doktoru professor Asəf Zamanov, Milli Məclisin deputatı Kəmaləddin Qafarov, Aydın Mirzəzadə və xalq artisti, professor Tofiq Bakıxanov Naxçıvanın muxtariyyət tarixində müstəsna xidmətlər göstərmiş tarixi şəxsiyyətlərdən, xüsusilə, ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən Prezident İlham Əliyevin müasir muxtar respublikasının hərtərəfli inkişafındakı böyük xidmətlərindən, elm,mədəniyyət,incəsənət admlarına göstərdiyi diqqət və qayğıdan,yaradılan imkanlardan bəhs etdi.

Naxçıvanın muxtariyyət günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edən Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirinin müavini Zeynəb Kıvılcım Türkiyə-Azərbaycan qardaşlığından geniş bəhs etdi.

Sonda çıxış edən YAP Binəqədi rayon Təşkilatının sədri Vüsar İsmayılov ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılmasını bu diyarın Zəfərdən sonrakı uğurlu idarəetmə, inkişaf modeli kimi xarakterizə etdi və muxtar respublikada yeni idarəçiliyin perspektivləri haqqında ətraflı çıxış etdi, təbriklərini çatdırdı.

Sonda tədbir iştirakçıları daimi nümayəndəlikdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş kitab sərgisi ilə tanış olub, xatirə şəkli çəkdiriblər.



22 fevral 2024-cü il