Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov
tədbirdə iştirak edib


       Azərbaycan Mətbuat Şurasında respublikamızın bir sıra ziyalılarının,rəsmi şəxslərin iştirakı ilə "Şərq qapısı" qəzetinin 100 illik yubileyi qeyd edilib.Tədbirdə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov və nümayəndəliyin əməkdaşları da iştirak edib.

Bəxtiyar Əsgərov tədbirdə çıxış edib:

Hörmətli tədbir iştirakçıları! Bu il Naxçıvan Muxtar Respublikasının aparıcı mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin yaranmasının 100-cü ildönümü tamam olur.

Milli mətbuatımızın inkişafına böyük töhfələr vermiş, muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında müstəsna rol oynayan qəzet Naxçıvanın 100 illik tarixinin yazılı salnaməsidir.

1921-ci ilin noyabrında nəşrə başlayan “Şərq qapısı” qəzeti böyük inkişaf yolu keçmiş, ötən əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyevin qayğısı ilə böyük formatda nəşri təmin edilmiş, qəzetdə xalqımızın milli dəyərlərinə və mədəniyyətinə həsr olunmuş yazılar işıq üzü görmüşdür. 100 illik tarixi ərzində qəzetdə böyük ədiblər, tənqidçilər, jurnalistlər nəsli yetişmişdir. Qəzetin ötən əsrin 70-ci illərində 50 illik yubileyinin qeyd olunması və “Şərəf nişanı”na layiq görülməsi həmin dövrdə Azərbaycana rəhbərlik edən görkəmli dövlət xadiminin mətbuata böyük qayğısının təzahürü idi.

XX əsrin 90-cı illərinin əvvəllərində “Şərq qapısı” qəzeti müstəqilliyimizin əldə olunmasına və dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir. Qəzet həmin dövrdə -“Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”, - deyən ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçiridiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur.

1990-1993-cü illərdə ulu öndərimizin Azərbaycanın xilası naminə Naxçıvanda həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar, eləcə də dahi rəhbərin müsahibələri məhz “Şərq qapısı” qəzetində çap olunaraq geniş ictimaiyyətə çatdırılmışdır. Bu dövrdə ulu öndərimiz qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə onun nəşr olunmasını təmin etmişdir.

Ümummilli liderimiz ölkəmizə rəhbərliyi dövründə də qəzetin inkişafına qayğı göstərmiş, “Şərq qapısı” qəzetinin 75 illik yubileyi münasibətilə qəzetin kollektivinə məktub ünvanlamış, bu mətbu orqanın fəaliyyətinə yüksək qiymət verərək demişdir: “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur”.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə mətbuatın inkişafı sahəsində həyata keçirdiyi tədbirlər “Şərq qapısı” qəzetini də əhatə etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamı qəzetin inkişafı və fəaliyyəti üçün geniş imkanlar açmışdır. “Şərq qapısı” qəzetinin redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmiş, qəzetin böyük formatda və rəngli nəşrinə başlanılmış, interent saytı yaradılmışdır. Muxtar respublikada qəzetin 80, 85 və 90 illik yubileylərinin qeyd olunması bu mətbu orqana göstərilən davamlı dövlət qayğısının ifadəsidir. “Şərq qapısı”nın 90 illik yubileyində qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanına layiq görülmüş, əməkdaşları mənzillə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən Tədbirlər Planı təsdiq olunmuş, muxtar respublikada qəzetin yubileyi ilə bağlı silsilə tədbirlər keçirilmişdir.

Bu gün Azərbayan Mətbuat Şurasında qəzetin 100 illik yubileyinin qeyd olunması da mühüm əhəmiyyət daşıyır. Göstərilən təşəbbüsə və tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Mətbuat Şurasına təşəkkürümüzü bildiririk. Sağ olun!

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası "Şərq qapısı" qəzetini 100 illik yubileyi münasibətilə diplomla təltif edib.Təltif tədbirdə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərova təqdim edilib.



22 noyabr 2021-ci il