Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir


       Bu gün Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində Muxtar Respublikanın “Əcəmi” Poliqrafiya Birliyində dahi rus şairi, dramaturqu, tərcüməçisi və təmsilçisi İvan Andreyeviç Krılovun 250 illik yubileyi ilə əlaqədar çap olunmuş kitabla tanışlıq mərasimi keçirilmişdir. Daimi nümayəndəlyin kollektivinin iştirak etdiyi tədbirə kitabın müəllifi publisist-politoloq Reyhan Mirzəzadə dəvət olunmuşdur.

Daimi nümayəndəliyin rəhbəri cənab Bəxtiyar Əsgərov çıxışında qeyd etmişdir ki, ədəbi əlaqələr xalqlar arasında dostluğun bir rəhnidir. Mütərəqqi rus ədəbiyyatı dünya mədəniyyəti xəzinəsinə böyük dühalar, klassiklər, zəngin və nadir sənət nümunələri bəxş etmişdir. Tarixən zəmanəni doğru-dürüst əks etdirərərək bədii yaradıcılığın xalq taleyi ilə sıx əlaqəsi naminə mübarizədə qabaqcıl rus yazıçı və şairlərinin böyük rolu olmuşdur. Fəlsəfi, ideya-tərbiyəvi əhəmiyyəti ilə həm xalqın tarixi inkişaf mərhələsinin, həm də müasir dövrün tələbləri mövqeyindən çıxış edən və gələcək nəsillərə faydalı irs olan bu bəşəri ədəbiyyat bütün dünyada sevilə-sevilə oxunmaqda, öyrənilməkdədir. Çünki təqdim etdiyi gerçəkliyə müstəsna dərinliklə nüfuz edən rus ədəbiyyatı vətəndaş cəsarəti, xəlqilik, milli iftixar, vətənpərvərlik ruhu ilə özünəməxsus şöhrət qazanmışdır. Azərbaycan və rus xalqları, görkəmli ədəbi simaları arasındakı böyük və sədaqətli dostluğun tarixi isə silinməz və əbədidir.

“Həmişə olduğu kimi, bu gün də Naxçıvanda çoxsaylı oxucuların rus ədəbiyyatına, rus klassiklərinin yaradıcılığına böyük marağı vardır; xüsusilə gənc nəsil onları daha böyük həvəslə, sevgi ilə oxuyur.”

Bəxtiyar Əsgərov qeyd edib ki,Naxçıvanda Ali Məclisin Sədri Cənab Vasif Talıbovun birbaşa diqqəti və qayğısı ilə çap edilən kitablar,həmçinin,son aylarda işıq üzü görmüş,rus dahiləri haqqında hər bir kitab əhəmiyyətli hadisə kimi qəbul olunur.Bu baxımdan müəllif Reyhan Mirzəzadənin bundan əvvəl qüdrətli rus zəka sahibləri Çexov, Qorki, Mayakovski, Makarenko, Qriboyedov və b. haqqındakı geniş tədqiqat yazıları onun Naxçıvanda çap olunmuş “Rus klassikləri haqqında” kitabında, böyük pedaqoqlar Uşinski, Çernyayevski, Suxomlinski, Makarenko haqqındakı yazıları 10 min tirajla yayımlanan “Pedaqoji fikir tarixindən” kitabında əksini tapmış, Lev Nikolayeviç Tolstoyun 190 illiyinə, şair-diplomat Aleksandr Sergeyeviç Qriboyedovun həyat və fəaliyyətindən bəhs edən yazıları isə ayrıca kitabça kimi çap olunmuş və Naxçıvanda,o cümlədən ölkəmizdə geniş ictimaiyyətin diqqətinə çatdırılmışdır. Daimi nümayəndəliyin rəhbəri bildirdi ki, Qriboyedov, Uşinski, Çernyayevski, Suxomlinski haqqındakı kitablar Naxçıvan MR Ali Məclisi Sədrinin tövsiyyəsi ilə oxunası zəruri olan kitablar sırasına daxil edilmiş və hazırda geniş şəkildə mütaliə və müakirə olunur:

“Böyük təmsilçi Krılov haqqında işıq üzü görən bu kitab da çox maraqlıdır. Rus tənqidçi və ədəbiyyatşünası V.Q.Belinski haqlı olaraq qeyd etmişdir ki, “Krılov bizim ədəbiyyatımızın namusu, şərəfi və şöhrətidir”. Düşünürəm ki, “Əcəmi”nin nəşr etdiyi bu kitab oxucuları rus ədəbiyyatının “namusu, şərəfi və şöhrəti” ilə yaxından tanış edəcəkdir.”

Sonda, müəlllf Reyhan Mirzəzadə Naxçıvanda çap olunan bütün kitabları ilə bağlı hədsiz sevinc hissləri yaşadığını, bundan qürur və fəxarət duyduğunu bildirib, Naxçıvan MR Ali Məclisinin sədri cənab Vasif Talıbova dönə-dönə minnətdarlığını ifadə edib. “Əcəmi” nin bütün kollektivinə,bütün Naxçıvan oxucularına dərindən təşəkkür edən müəllif R.Mirzəzadə, bu Ulu diyarın ona böyük ruh aşıladığını,xüsusilə,Naxçıvanda nəşr edilən kitablarının hər dəfə ona daimi nümayəndəlikdə xüsusi təqdim edilməsindən mənəvi güc aldığını və bundan sonra da mövzunu həvəslə davam etdirəcəyini bildirdi.

22 aprel 2019-cu il