Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir

       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin 30 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

24 fevral 2022-ci il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib. Görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə gül-çiçək dəstələri qoyulub, əziz xatirəsi anılıb.

Daha sonra Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində Nümayəndəliyin təsis olunmasının 30-cu ildönümününə həsr olunmuş yubiley tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının, eləcə də, Xocalı soyqırımında həyatını itirmiş soydaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

30 illik yubiley münasibətilə Daimi Nümayəndəliyin kollektivini və tədbirdə iştirak edən qonaqları təbrik edən Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov tədbiri açaraq, giriş nitqi ilə rəhbərlik etdiyi Daimi Nümayəndəliyin yaranma tarixi, keçdiyi çətin və mürəkkəb yol, fəaliyyət istiqamətləri barədə geniş, ətraflı çıxış etdi. Bəxtiyar Əsgərov bildirdi ki; “Bu gün biz əlamətdar bir tarixi hadisəni- Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin təsis edilməsinin 30-cu ildönümünü qeyd edirik. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin təsis edilməsi ulu öndərimiz böyük Heydər Əliyevin uzaqgörən siyasi fəaliyyətiniin Naxçıvan dövrünün unudulmaz, parlaq səhifələrindən birini təşkil edir. Cəsarətlə deyə bilərik ki, Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ulu öndər Heydər Əliyevin əsəridir. Ona görə ki, 1990-cı illərdə ölkəmizdə baş qaldırmış hərc-mərcliyin, anarxiyanın, vətəndaş qarşıdurmasının, dövlətçiliyin itirilməsi təhlükəsinin və s. fonunda, eyni zamanda, Naxçıvanın ağır blokada şəraitində, sosial çətinliklərlə dolu, problemli, çətin, mürəkkəb siyasi-iqtisadi bir dövr yaşadığı vaxtda Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının dövlət təsisatları, mərkəzi icra hakimiyyəti orqanları arasında gündəlik əlaqələrin təmin edilməsini həyata keçirə biləcək bu dövlət orqanının- Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin məhz Heydər Əliyevin Sədri olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə təsis edilməsi yalnız dahi liderin verə biləcəyi tarixi qərardan asılı idi.

Bu dövlət orqanının təsis edilməsinin tarixi zərurətdən meydana gəldiyini vurğulayan ümummilli liderimiz Heydər Əliyev Daimi Nümayəndəliyin 2002-ci ildə təmirdən sonra istifadəyə verilən yeni inzibati binasının açılış mərasimindəki çıxışında demişdir: “Azərbaycanın ayrılmaz bir hissəsi olan Naxçıvan Muxtar Respublikasının 1990-cı illərin əvvəllərindən blokadaya düşməsi və coğrafi nöqteyi-nəzərdən Azərbaycanın əsas torpağından aralı olaraq çətinliklərlə üzləşməsi Naxçıvan Muxtar Respublikasının Bakıda, Azərbaycan hökumətinin yanında daimi nümayəndəliyinin təşkil olunmasının zəruriliyini irəli sürdü”.

Bəxtiyar Əsgərov qeyd etdi ki; “Bu gün 30 illik yubileyini qeyd etdiyimiz Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1992-ci il 24 fevral tarixli 139-XII nömrəli Qərarı ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli cənab Vasif Talıbovun muxtar respublikaya rəhbərlik etməyə başladığı tarixdən bu günə qədər Daimi Nümayəndəliyin fəaliyyətini daim yüksək diqqətdə saxlaması, onun respublikamızın paytaxtında Naxçıvan Muxtar Respublikasının layiqli təmsilçisi kimi inkişafına böyük imkanlar açması, Daimi Nümayəndəliyin dövrün tələblərinə cavab verən şəkildə fəaliyyətinin təmin edilməsində daim dəstək göstərməsi böyük Heydər Əliyevin yoluna dönməz sədaqətin, Onun əsərinə isə yüksək diqqət və qayğının bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2010-cu il 21 aprel tarixli Fərmanı ilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin yeni Əsasnaməsini təsdiq etmiş və onun əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir. Sovet hakimiyyəti vaxtı kiçik istisnalar olmaqla, Naxçıvanın Azərbaycanın başqa digər bölgələri ilə, xüsusən paytaxt Bakı ilə əlaqəsində elə bir problemlər yox idi. Dəmir yolu işləyirdi. Uzun məsafələr olsa da, bir neçə avtomobil yolu var idi, Gürcüstandan və Ermənistandan keçərək Naxçıvana avtomobillə getmək mümkün idi. Ancaq keçmiş Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsi başlayandan sonra Naxçıvan Muxtar Respublikasının Bakı ilə, Azərbaycanın digər bölgələri ilə əlaqələri tamamilə kəsildi. Dəmir yolu bağlanandan və bütün kommunikasiyalar, elektrik xətləri, qaz xətləri kəsiləndən sonra isə Naxçıvan Muxtar Respublikası nəinki tamamilə blokada şəraitinə düşdü, siyasi, sosial-iqtisadi problemlərin məngənəsində yaşamaq uğrunda mübarizə aparmağa başladı. O zaman xalq arasında haqlı olaraq belə bir ifadə yaranmışdır: “Naxçıvan döyüşür..,yaşayır!” Naxçıvan sözün əsl mənasında, blokadada, misli görünməyən problemlərin içində idi, bu qədim diyara aparan bütün yollar kəsilmişdi, erməni təcavüzü dərinləşirdi, var olmaq, yaşamaq get-gedə çətinləşirdi. Ermənistan silahlı qüvvələrinin Naxçıvana hücum etmək, onu işğal etmək niyyətləri hamı, hər kəs tərəfindən açıq-aydın hiss edilir, görünürdü. Ermənilərin bunun üçün böyük imkanları da var idi. Həmin dövrdə Azərbaycanda siyasi hakimiyyətdə olan yarıtmaz, səbatsız AXC-Musavat cütlüyü birmənalı şəkildə Naxçıvanın muxtatiyyətini ləğv etməyə çalışırdılar. Bu isə muxtar diyarın tamamilə məhvinə, düşmənin onu tam şəkildə işğal etməsinə yaşıl işıq yandırmaq cəhdləri idi. Belə bir şəraitdə Naxçıvanın torpağını, onun əhalisini, bütövlükdə, ulu babalarımızın bizə, xüsusilə, bu torpağı düşməndən qorumaq üçün miras qoyduqları muxtariyyəti qorumaq, saxlamaq üçün Bakıda mütləq Naxçıvanın Daimi Nümayəndəliyinin olmasının zəruriliyi meydana çıxmışdır. Lakin, artıq qeyd etdiyimiz kimi, o zaman respublika rəhbərliyində təmsil olunan bəzi üzdəniraq qüvvələr qəti olaraq belə bir addımın atılmasına qarşı çıxdılar və hətta Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Qərarın qəbul edilməsinə, Azərbaycan Respublikası səviyyəsində yüksək razılığın əldə olunmasına baxmayaraq, Daimi Nümayəndəliyin Bakıda fəaliyyət göstərməsi üçün ona yer ayrılmadı. Bütün bu çətinliklərə baxmayarq, ulu öndər Heydər Əliyev, sonda, ona edilən təzyiqlər fonunda öz istəyinə nail ola bildi. Beləliklə, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi o zaman Nazirlər Kabinetinin binasında, darısqal bir otaqda, şəraitsizliklə də olsa fəaliyyətinə başlaya bildi. Hadisələrin böyük sürətlə inkişafı və zamanın sonrakı axarı bir daha sübut etdi və göstərdi ki, dahi liderin qəbul etdiyi uzaqgörən qərar- Bakı şəhərində Daimi Nümayəndəliyin yaradılması ideyası həqiqətən vacib və zəruri imiş. Bundan sonrakı illərdə torpaqların bir-birinin ardınca işğal edilməsindən sonra Naxçıvanla bütün əlaqələr tamamilə kəsildi. Naxçıvanlılar hələ bu günədək ancaq təyyarə ilə, bir də sonradan İran İslam Respublikası ərazisindən keçməklə, narahat, nahamar avtomobil yolu vasitəsilə avtobusla, yük maşınları ilə Bakıya və digər rayon və şəhərlərə gedib gələ bilirlər. Son iki ildə dünyada yayılmış COVİD-19 adlı pandemiya ilə əlaqədar gediş-gəlişin tamamilə kəsilməsi fonunda muxtar respublika sakinlərinin yenidən daha çətin vəziyyətə düşməsi, gediş-gəlişin çətinliyi ilə üz-üzə qalması Daimi Nümayəndəliyin fəaliyyətinin zəruriliyini bir daha ortaya çıxarmış, minlərlə Naxçıvan sakinin problemlərinin həll olunmasında yeganə dövlət orqanı kimi onun yaxından və birbaşa iştirakını zəruri etmişdir.Təkcə gündəlik əlaqələndirmə deyil,məhz belə çətin vəziyyətlərdə də Daimi Nümayəndəlik naxçıvanlılar üçün Bakı şəhərində bir dayaq nöqtəsi, doğma ocaq kimi müraciət ünvanı olaraq fəaliyyət göstərməkdədir.”

Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov həmçinin əlavə etdi ki; “Daimi Nümayəndəlik yaranarkən, ölkənin əsas ərazisi ilə kommunikasiya əlaqələrinin kəsilməsi ucbatından yaranmış çətin şəraitdə belə çevik fəaliyyət göstərməli, dövlət orqanları ilə birgə çalışaraq, tam blokada vəziyyətinin yaratdığı çətinliklərin yüngülləşdirilməsinə qismən də olsa, nail olmalı idi. Onun fəaliyyəti qəbul edilmiş Nizamnaməyə uyğun olaraq həyata keçirilməkdə idi. Lakin həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr nəinki vahid dövlətçilik məntiqinə söykənən bu qərarın mahiyyətini düzgün qavraya bilmədilər, əksinə, siyasi səriştəsizliklərini bir daha sübuta yetirərək, erməni blokadasında qalan bir muxtar diyarının kiçik kollektivə malik Daimi Nümayəndəliyini də Bakı şəhərində blokadaya aldılar, hər gün mənəvi və fiziki təzyiqlərə məruz qoydular. 1992-ci ildə 15 nəfərlə fəaliyyətə başlamağı hədəfləyən Daimi Nümayəndəliyə o vaxtkı siyasi rəhbərlik tərəfindən nəinki lazımi səviyyədə yer, bina ayrılmadı, ona könülsüz olaraq “ayrılmış”, başqa bir idarəyə məxsus darısqal otaqda əvvəlcə 2, sonra isə 4 nəfərin çalışmağı üçün “şərait” yaradılmışdır.” Bəxtiyar Əsgərov əlavə etdi ki; “Bildiyiniz kimi, 1993-cü ilin yayında ölkəmizin bütövlükdə siyasi həyatında böyük dəyişikliklər baş verdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycan xalqı özünün seçimi ilə taleyini əbədi olaraq əvəzsiz dahi liderinə və siyasi rəhbərinə- ulu öndər Heydər Əliyevə bağladı. Bu böyük şəxsiyyət ölkəmizdə ən kəskin ziddiyətlərin mövcud olduğu bir şəraitdə müstəqil Azərbaycanı xilas etdi, Azərbaycanın varlığını parcalanıb yox olmaq təhlükəsindən qurtardı və xalq tərəfindən əbədi sevilən böyük xilaskara çevrildi. Bundan sonra dövlət səviyyəsində Daimi Nümayəndəliyə də göstərilən diqqət və qayğı artırıldı. 1994-cü ildə Bakının mərkəzində, Nəsimi rayonu ərazisində Daimi Nümayəndəliyin bütün əməkdaşlarının fəaliyyətini təmin etmək məqsədilə ayrıca inzibati bina ayrılmış, bütün lazımi təhcizatla təmin edilmişdir. Lakin həmin inzibati bina 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş zəlzələ nəticəsində ciddi zədələndiyi üçün ümummilli lider Heydər Əliyevin tapşırığına əsasən, Bakı şəhərinin Nərimanov rayonunda Daimi Nümayəndəlik üçün yeni bina alınmış və qısa müddətdə aparılan keyfiyyətli təmir, yenidənqurma işlərindən sonra 2002-ci ildə Daimi Nümayəndəliyin ixtiyarına verilmişdir. Bu dahi rəhbərimizin Naxçıvan Muxtar Respublikasına, onun sakinlərinə və daimi yaşayış qeydiyyatında olduqları yerdən kənarda yaşayan bütün naxçıvanlılara ən böyük hədiyyəsi idi. Buna görə də bir daha ümumilli liderimiz Heydər Əliyevə dərin ehtiramımızı bildirir, ruhu qarşısında baş əyirik! Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan, Prezident İlham Əliyevin, onun rəhbərlik etdiyi güclü, qüdrətli dövlətimizin, o cümlədən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun himayəsi, diqqət və qayğısı ilə əhatə olunan Daimi Nümayəndəlik bu gün özünün inkişaf dövrünü yaşayır. Ali Məclis Sədrinin “Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin işçilərinin əməyinin stimullaşdırılması və onların sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 12 fevral 2018-ci il tarixli və “Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin yeni ştat strukturunun təsdiq edilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamları Daimi Nümayəndəliyə göstərilən yüksək dövlət qayğısının daha bir bariz nümunəsidir.-desək, yanılmarıq”

Daimi Nümayəndəliyin fəaliyyət istiqamətləri və gördüyü işlər barəsində danışan Bəxtiyar Əsgərov qeyd etdi ki; “Vurğulandığı kimi, Nümayəndəlik əsas vəzifəsi kimi, Azərbaycan Respublikasının dövlət orqanları ilə Naxçıvan Muxtar Respublikasının müvafiq dövlət orqanları arasında gündəlik əlaqələrin təmin olunması işini həyata keçirir. Paytaxt Bakıda muxtar respublika ilə bağlı bütün məsələlərdə yaxından iştirak edir. Bundan əlavə muxtar respublikanın elm, təhsil, yaradıcılıq təşkilatları və digər ictimai qurumları ilə ölkənin müvafiq qurumları və müxtəlif sahələrdə fəaliyyət göstərən yaradıcı insanları arasında əlaqələrin yaradılması və genişləndirilməsi, muxtar respublikanın sosial-iqtisadi, mədəni həyatı ilə bağlı tədbirlərin təşkili və keçirilməsi də öhdəliklərimiz sırasındadır. Eyni zamanda, Naxçıvandan Bakı şəhərinə ezam edilmiş şəxslərə xidməti tapşırıqların yerinə yetirilməsində, onların burada rahat şəkildə görüşlərinin təmin olunmasında, fəaliyyətində yaxından köməklik göstərilir. Doğma diyarımızdan olan tələbə və magistrlarla mütəmadi əlaqədə saxlayır, onların təhsillərinin müvəffəqiyyətlə davam etdirmələrinə nəzarət edir, yaxud da, bizə olunana müraciətlərə vaxtında diqqət göstəririk. Təhsilini yüksək səviyyədə başa vuran gənclərimizin müvafiq işlə təmin olunması,onların istəkləri nəzərə alınmaqla, Naxçıvanda işlə təmin olunmasına da müvafiq dəstəyimizi əsirgəmirik. Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə birgə əməkdaşlıq çərçivəsində, öz səlahiyyətlərimiz daxilində, Nizamnaməmizə uyğun olaraq, ölkəmizdə fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edərək onların nümayəndələrinin Naxçıvana səfərlərinə köməklik göstəririk.

Daimi Nümayəndəliyinin illik fəaliyyəti geniş spektrlidir. Bu mənada,xüsusi vurğulamaq istəyirəm ki, bu gün daimi nümayəndəlik nəinki Azərbaycan Respublikasında və hətta onun hüdudlarından kənarda belə, böyük dövlət xadimi cənab Vasif Talıbovun rəhbərliyi ilə günü-gündən inkişaf edən, yüksələn doğma Naxçıvanımızı şərəflə təmsil etməkdə olan bir dövlət təsisatı kimi fəaliyyətini təkmilləşdirməkdə, genişləndirməkdədir. Buna görə də ölkəmizdə və xarici ölkələrdə keçirilən bir çox mühüm rəsmi, mədəni və s. tədbirlərdə iştirak edir, muxtar respublikamızın əldə etdiyi nailiyyətləri qürurla təbliğ edirik. Ölkəmizdə Naxçıvan Muxtar Respublikası ilə yaxından, uzaqdan bağlı olan hər hansı bir rəsmi tədbir keçirilirsə, ilk növbədə, Daimi Nümayəndəlik, onun mobil kollektivi, əməkdaşları burada Naxçıvanı ləyaqətlə təmsil edir. Sevindirici hal ondan ibarətdir ki, son illər daimi nümayəndəliyin bir çox sahədə səmərəli fəaliyyəti uğurlu bir təmsilçilik nümunəsi formalaşdırmış, Azərbaycanın yüksək dövlət və hökumət orqanları, eləcə də ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusla əməkdaşlıq imkanlarını artırmışdır. Cəmiyyətdə diqqət mərkəzinə çevrilmiş Daimi Nümayəndəlik təkcə Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu qazanmış Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları arasında gündəlik əlaqələrin təmin edilməsini həyata keçirən təşkilat kimi deyil, öz Nizamnaməsinə uyğun olaraq, respublika rəhbərliyinin razılığı əsasında, eyni zamanda, muxtar respublikanın xarici iqtisadi əlaqələrinin qurulmasında və inkişafında da yaxından iştirak etməkdədir.

“Təqvimlə bağlı günlərin, muxtar respublikanın Ali vəzifəli şəxsinin Sərəncamlarından irəli gələn tədbirlərin və xüsusi bayramların, yubileylərin, Naxçıvan Muxtar Respublikasının yaradılmasının ildönümlərinin qeyd edilməsi Daimi Nümayəndəlikdə artıq davamlı xarakter almışdır. İldönümlər və yubileylərlə bağlı tədbirlər daimi nümayəndəliyin həyata keçirdiyi tədbirlər planının, təşkil etdiyi tədbirlərin əsas prioritet istiqamətini təşkil edir. Həmin tədbirlər sırasında keçirilən, dəyirmi masalardan tutmuş rəsmi görüşlərə, bir çox ənənəvi tədbirlərdən tutmuş, konsert proqramlarına, rəsm sərgilərinə qədər çox tədbirləri qeyd etmək olar. Naxçıvan sakinlərinin həftənin iş günlərində fasiləsiz olaraq qəbulunun həyata keçirilməsi, müraciətlərə vaxtında baxılması və aidiyyatı üzrə istiqamətləndirilməsi, şəxsiyyət vəsiqələri ilə bağlı problemlərin “Asandan-Asan” formasında fasiləsiz həll edilməsi, uçuş üçün Arayışların və bron yerlərinin verilməsi Daimi Nümayəndəlikdə gündəlik, təxirəsalınmaz fəaliyyət proqramı kimi həyata keçirilir.”- deyə bildirən Bəxtiyar Əsgərov eyni zanmanda əlavə olaraq qeyd etdi ki, “2019-cu ilin oktyabr ayında Fransanın Paris şəhərində keçirilən Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclasını xüsusilə xatırlatmaq istəyirəm. Qürurvericidir ki, bu tədbirdə Naxçıvanı məhz Daimi Nümayəndəliyin rəhbəri təmsil etmişdir. Komitənin iclasında, belə demək mümkündürsə, Avropanın aparıcı dövləti sayılan Fransada, onun rəsmi şəxslərinin, xüsusilə, bu ölkənin regionlarını təmsil edən nümayəndələrin iştirak etdiyi rəsmi tədbirdə Daimi Nümayəndəliyin rəhbəri Naxçıvanın daha yaxından tanıdılması üçün geniş təqdimatla çıxış etmişdir. İnanırıq ki bu səfər müasir, son dərəcə inkişaf etmiş, intibah dövrünü yaşayan ulu Naxçıvanımızı beynəlxalq arenada tanıtmaq baxımından böyük əhəmiyyətə malik bir səfər kimi yadda qalacaqdır.” “2018- ci ildən başlayaraq, Daimi Nümayəndəlik Bakı şəhərində və respublikamızın digər bölgələrində yaşayan, Naxçıvanda daimi yaşayış qeydiyyatında olan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi işinin təşkilində birbaşa və yaxından iştirak edir. Bu da çox sevindirici haldır ki, artıq bir neçə ildir ki, bu proses il ərzində bir neçə dəfə olmaqla həyata keçirilir və Naxçıvandan kənarda yaşayan naxçıvanlıların rahatlığını təmin edir. Cənab Vasif Talıbovun təşəbbüsü ilə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Daimi Nümayəndəliyin iştirakı ilə həyata keçirilən bu tədbir vətəndaşlar tərəfindən böyük rəğbət və sevinc hissi ilə qarşılanmaqdadır. Əvvəllər insanlar çox uzaq məsafə qət edərək şəxsiyyət vəsiqəsi əldə etmək və ya dəyişdirmək üçün Naxçıvana getməli olurdularsa, bu gün Bakıda rahatlıqla bu imkanlardan istifaqə imkanı əldə ediblər. Bu gün Daimi Nümayəndəliyin təşəbbüsü ilə muxtar respublika rəhbərliyinin həyata keçirdiyi bu fəaliyyət sayəsində Bakıda və Azərbaycanın digər şəhər və rayonlarda yaşayan Naxçıvan sakinləri artıq çox rahat şəkildə əvvəlcədən elan olunmuş, növbəli sistemlə işləyən ünvana müraciət etməklə, vaxtında, Bakı şəhərində şəxsiyyət vəsiqələri ilə bağlı məsələlərini həll edə bilirlər.”

Bəxtiyar Əsgərov vurğuladı ki, “Bu gün Daimi Nümayəndəliyin Vətən müharibəsində arxa cəbhədə olan fəaliyyəti haqqında xüsusi danışılmalı və gənc nəsillərin bu məsələyə diqqəti artırılmalıdır. 44 gün ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə uğurlu əməkdaşlığı, muxtar respublikanın müvafiq orqanları ilə koordinasiyanın qurulması, şəhidlərin doğma ata ocaqlarına layiqlı şəkildə yola salınması, qazilərin problemlərinin vaxtında həll olunması ilə bağlı işlər Nümayəndəliyimizin təkcə əsas vəzifə borcunun yerinə yetirilməsi kimi deyil, eyni zamanda vətənə, torpağa olan vətəndaşlıq borcunun az da olsa qaytarılması kimi yaddaşlarda qalacaq. Son iki ildə bütün dünyanı sarsıdan Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Daimi Nümayəndəlik ağır günlərdə də öz fəaliyyətini yüksək səviyyədə qura bilmişdir. Daimi Nümayəndəliyin kollektivi verilmiş tapşırıqları və nəzərdə tutulmuş məsələlərin icrasını vaxtından əvvəl həyata keçirmək məqsədilə bütün hallara yüksək səviyyəli hazırlıq səviyyəsində fəaliyyətini davam etdirir. Təsadüfi deyil ki, son illərdə Daimi Nümayəndəliyin müasir tələblər səviyyəsində bu günki fəaliyyəti həm rəhbərlik, Azərbaycanın dövlət və hökumət nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri həm də sıravi vətəndaşlarımız tərəfindən hörmət və rəğbətlə qarşılanır. Bu gün kiçik bir kollektiv olaraq çalışırıq ki, həyata keçirdiyimiz işlərlə xalqımızın cəmiyyətimizin həmişə xoş sədası eşidilən ulu diyarımız Naxçıvana olan inamını, müsbət münasibətini həmişə yüksək səviyyədə saxlayaq. Çünki biz anlayırıq ki,gördüyümüz bütün işlərlə tarixi boyu Azərbaycanda xüsusi çəkisi ilə sayılan və seçilən ulu diyarı- Azərbaycanın Naxçıvan Muxtar Respublikasını təmsil edirik.”

Bəxtiyar Əsgərov bildirildi ki, “Bu gün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı istiqamətində əldə olunan uğurlar, burada həyata keçirilən quruculuq və abadlıq işləri həm genişmiqyaslı, həm də olduqca qürurvericidir. Vaxtilə Ulu Öndər Heydər Əliyevin qoruduğu, alınmaz qalaya çevirdiyi Naxçıvan bu gün yenə də yarımblokada şəraitində yaşamasına baxmayaraq, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində sürətlə və uğurla inkişaf edir, nailiyyətlərini gündən-günə artırır. Naxçıvanın yüksəlişi istiqamətində görülən işlər, hər il müsbət makroiqtisadi nəticələrin əldə olunması, istehsal müəssisələrinin çoxalması, iş adamları üçün geniş sərmayə imkanlarının yaradılması inkişaf tempinin davamlı xarakter almasına və nəticə etibarilə vətəndaşların maddi rifahının yaxşılaşmasına, rahat həyat şəraitinin yaradılmasına, sosial sahədə mühüm uğurların qazanılmasına səbəb olmaqdadır.”

Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov əlavə etdi ki, “Muxtar respublikada əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, elmə, təhsilə, mədəniyyətin inkişafına göstərilən xüsusi diqqət və qayğı, aparılan genişmiqyaslı islahatlar, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində inkişaf göz qabağındadır. Burada insanların firavan həyatı,yaşayışı yüksək səviyyədə təmin edilib, vətəndaş məmnunluğuna tam nail olunub. Bu qədim diyar bir çox sahələrdə vətəndaş məmnunluğuna gətirib çıxaran cəmiyyətin qurulmasında nümunə rolunu oynamaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin hər il Naxçıvana səfərləri zamanı bu muxtar diyarın əldə etdiyi inkişafı yüksək qiymətləndirməsi bizim üçün əsas göstəricidir. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasını təmsil edərkən, ümumiyyətlə, Naxçıvan haqqında danışarkən bu məsələləri xüsusilə diqqət mərkəzinə gətirmək, bir təmsilçi kimi bizə qürur hissi bəxş edir. Naxçıvan Muxtar Respublikasında, eləcə də onun Daimi Nümayəndəliyində təsərrüfat və sosial-mədəni quruculuqda əldə edilmiş nailiyyətlərin təbliği və buna yönəlik tədbirlərin, sərgilərin, ekspozisiyaların, mühazirələrin təşkil olunması, müasir filmlərin nümayişi, yaradıcı kollektivlərin çıxışlarının təklifinə və təşkilinə köməklik göstərmək də bizim fəaliyyət sahələrimizə daxildir. Muxtar respublikada həyatın bütün sahələrində əldə olunmuş nailiyyətləri, uğurları, bəzi hallarda tam statistik məlumatları mətbuata təqdim edir, beləliklə Azərbaycan ictimaiyyətinin, eyni zamanda xarici ölkələrin Bakıdakı səfirliklərinin müəyyən mənada marağına səbəb olan real faktları tez-tez mətbuata açıqlayırıq. Bu gün muxtar respublikada bütün sahələrdə, eləcə də müasir informasiya texnologiyası sahəsində qazanılan böyük uğurların zirvəsində ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müdrik siyasəti və bu siyasi xətti layiqincə davam etdirən, yaşadan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov kimi vətənini, torpağını, millətini və xalqını sevən və sevilən rəhbərlərimiz dayanır. Biz də öz növbəmizdə onların həyata keçirdiyi Heydər Əliyev siyasətini daim öz fəaliyyətimizlə dəstəkləməyə, onların ətrafında sıx birləşərək sədaqətlə xidmət etməyə çalışırıq. Daimi Nümayəndəliyimizin kollektivinin bütövlükdə gənclərdən ibarət olmasını əsas tutaraq, demək istəyirik ki, gənclik enerji və yenilik deməkdir. Biz də 30 illiyini qeyd etdiyimiz Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin kollektivi olaraq, bütün varlığımız və ləyaqətimizlə çalışdığımız bu təşkilatda muxtar respublikanın ali rəhbərliyi tərəfindən yaradılan təmiz, münbit, hərtərəfli imkanlardan istifadə edərək, çalışacağıq ki, hər zaman qarşımızda duran vəzifələrin öhdəsindən ləyaqətlə gələk, tapşırıqları və vəzifələri daha yüksək formada, vətənimizə olan sonsuz məhəbbətimizlə, şövqlə yerinə yetirək! Bir daha Daimi Nümayəndəliyin 30 illik yubileyi münasibətilə hamınızı təbrik edir, kollektivimizə qarşıdakı illərdə daha böyük, davamlı fəliyyət uğurları arzulayıram! Sağ olun!”

Çıxıs edən Daimi Nümayəndəliyin Əlaqələndirmə sektorunun böyük məsləhətçisi, 1-ci dərəcəli dövlət qulluqçusu Ramazan Abbasov cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada olduğu kimi, son illərdə Daimi Nümayəndəlikdə də yaradılan imkanlar, münbit iş şəraiti, görülən təqdirəlayiq işlər, xarici-iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və keçirilən tədbirlərdən ətraflı danışdı, uzun illərdi fəaliyyət göstərdiyi Daimi Nümayəndəliyin keçdiyi inkişaf yolundan, dünənindən və bu günündən bəhs etdi.

Nümayəndəliyin gənc əməkdaşı, Daimi Nümayəndəliyin Ümumi İşlər sektorunun aparıcı məsləhətçisi, 2-ci dərəcəli dövlət qulluqçusu Arzu Aslanzadə çıxış edərək fəaliyyətini Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində davam etdirməsindən qürur hissi keçirdiyini, Azərbaycan Respublikasına, onun Naxçıvan Muxtar Respublikasına xidmət etməklə fəxr etdiyini, bir dövlət qulluqçusu kimi burada işlədiyi qısa zamanda kollektivdə dövlətə əsl xidmətin nümunəsi ilə yaxından tanış olduğunu, gələcəkdə öz layiqli fəaliyyəti ilə daim bu təmsilçiliyin adını yüksəldəcəyinə, onu əziz tutacağına bir daha söz verdi. Qonaqları və Nümayəndəliyin kollektivini yubiley münasibətilə ürəkdən təbrik etdi.

Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Naxçıvanın muxtariyyətindən əvvəl və sonra onun Türkiyə və İrandakı nümayəndəliklərinin, eləcə də 1992-ci ildə Bakıda fəaliyyətə başlamış, bu gün 30 illiyinə toplandığımız bu Daimi Nümayəndəliyin mühüm əhəmiyyətindən və ölkəmizin ikinci dəfə müstəqillik əldə etməsindən sonra görkəmli dövlət xadimi Heydər Əliyevin bu institutun möhkəmləndirilməsindəki xüsusi xidmətlərindən danışıb. Qeyd edib ki, Prezident İlham Əliyevin, eləcə də, Naxçıvan Muxtar Respublikasının ali rəhbərinin diqqət və qayğısı ilə bu gün Bakıdakı Daimi Nümayəndəlik fəaliyyətini ləyaqətlə davam etdirir, həmçinin Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə bu diyarda əldə olunmuş nailiyyətlərin ictimaiyyətə təqdim olunmasında, ölkəmizin ictimai həyatında yaxından iştirak edir. Akademik, Naxçıvan Muxtar Respublikasının inkişaf modelindən, həmçinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqillik tariximizin ərsəyə gətirdiyi elmi əsərlərdən də söhbət açıb.

Sonra çıxış edən Milli Məclisin deputatı,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev ümummilli lider Heydər Əliyevin təşəbbüsü və Onun Naxçıvan Ali Məclisinin Sədri olduğu dövrdə imzaladığı Qərarla təsis edilmiş Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin 30 illiyi münasibətilə nümayəndəliyin kollektivini təbrik etdi.Uzun, mənalı və eyni zamanda mürəkkəb yol keçmiş Naxçıvanın muxtariyyət tarixinin xalqımızın taleyində ayrıca bir səhifə təşkil etdiyini, ulu öndər Heydər Əliyevin isə bu muxtariyyətə nə qədər böyük önəm verərək, onu qoruduğunu və beləliklə də, yeni müstəqillik tariximizdə düşmənlərin Naxçıvana qarşı həyata keçirmək istədikləri mənfur hiylələrdən, digər məhrumiyyətlərindən xilas etdiyini vurğuladı. Bu gün cənab Vasif Talıbovun rəhbəri olduğu Naxçıvanda dönmədən həyata keçirilən Heydər Əliyev ideyalarından, YAP-ın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə burada qazanılmış hərbi, sosial-iqtisadi uğurlardan, quruculuq, abadlıqdan bəhs edən natiq, Daimi Nümayəndəliyin bu nailiyyətləri lazımınca təbliğ və təşviq etdiyini, bir sözlə, muxtar respublikanı layiqincə təmsil etdiyini, xüsusilə, son illərdə cəmiyyətimizdə Nümayəndəliyin nüfuzunun artdığını qeyd etdi. Tahir Budaqov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox mühüm, əhəmiyyətli yer tutan Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvanda yaradılmasının əhəmiyyətindən də danışıb, həmçinin Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi yoldan bəhs edib.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Eldar İbrahimov Naxçıvanın muxtariyyət tarixində müstəsna xidmətlər göstərmiş tarixi şəxsiyyətlərdən danışıb. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin, o cümlədən Prezident İlham Əliyevin Naxçıvanın inkişafında, qorunmasında böyük tarixi xidmətləri olub. Bu xidmətlərdən biri də məhz 1992-ci ildə ulu öndərimiz Heydər Əliyevin Sədri olduğu Naxçıvan Ali Məclisinin Qərarı ilə Bakıda Daimi Nümayəndəliyin təsis edilməsi idi. Bu gün Prezidentimiz İlham Əliyevin isə yüksək diqqət və qayğısı ilə, cənab Vasif Talıbovun nümunəvi idarəçiliyi ilə daimi nümayəndəliyin uğurlu fəaliyyətinin şahidiyik. Bu o deməkdir ki, Heydər Əliyevin vaxtında qəbul etdiyi qərarlar, xüsusilə, Naxçıvanın muxtariyyətinin qorunub saxlanılması ilə bağlı düşüncələri bu gün öz layiqli bəhrələrini verməkdədir. 30 illiyinə toplandığımız, bu gün gənc, enerjili rəhbərliyə, kollektivə malik Daimi Nümayəndəlik, sözün əsl mənasında, ulu öndərimizin qarşıya qoyduğu vəzifələrin öhdəsindən gəlir və inanırıq ki, həmişə belə olacaqdır. Milli Məclisin deputatı Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikasının yaranmasını xalqın birliyi, mübarizəsi, Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin yaradılmasını isə məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, dühası ilə əlaqələndirib. Qeyd edib ki, azərbaycançılıq məfkurəsinin yaranmasında ulu öndər Heydər Əliyevin nə qədər böyük, danılmaz əməyi vardırsa, Naxçıvanın, onun muxtariyyətinin qorunmasında da o qədər böyük xidmətləri vardır. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin, illərdir cənab Vasif Talıbovun bu qədim diyara uğurla rəhbərliyinin Naxçıvanın inkişafına əvəzsiz töhfələr verdiyini bildirib.

Çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu günün, bu il muxtariyyətinin 98-ci ildönümünü əldə etdiyi böyük nailiyyətlərlə qeyd edən Naxçıvan Muxtar Respublikasının həyatında əlamətdar günlərdən biri olduğunu xatırladıb. Ümummilli liderimizin xalqımızın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi illəri çox yaxşı xatırladığını, o illərdə ulu öndərin diqqət və qayğısı ilə Bakıda yenicə fəaliyyətə başlamış Naxçıvanın Daimi Nümayəndəliyinin necə çətin bir dövr yaşadığını unutmadıqlarını qeyd edib. 2002-ci ildə Bakının Nərimanov rayonunda, mərkəzi yerlərdən birində ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən Daimi Nümayəndəliyin yeni istifadəyə verilən indiki binasının açılışdan danışan natiq, bu gün Daimi Nümayəndəliyin ulu öndər Heydər Əliyev ideyalarına sədaqətlə, Prezident İlham Əliyevin daim bu qədim diyarı inkişaf etdirmək siyasətinə uyğun şəkildə və cənab Vasif Talıbovun təqdir edilən idarəçilik prinsiplərinə bağlılıqla, yeni tələblər səviyyəsində fəaliyyət göstərməsini ürəkdən alqışladıqlarını, burada qeyd edildiyi kimi, ali təhsil ocaqlarının da Daimi Nümayəndəliklə həmişə məmnunluqla əməkdaşlıq edəcəyini bildirdi. Kollektivi təbrik etdi.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Naxçıvanın geosiyasi mövqeyi, blokada şəraitində yaşadığı üçün respublikamızın paytaxtı ilə əlaqələrinin yaradılmasında rahatlığın təmin olunması məqsədilə yaradılan Daimi Nümayəndəliyi, doğrudan da, ulu öndər Heydər Əliyevin böyük mənaya malik olan əsəri kimi dəyərləndirib. Prezident İlham Əliyevin və cənab Vasif Talıbovun müasir Naxçıvanın inkişafında xüsusi xidmətlərini yada salan natiq, Naxçıvanın Daimi Nümayəndəliyinin respublikamızda çoxşaxəli fəaliyyətini, onun nüfuzunun artmasını cənab Prezidentin birbaşa diqqəti ilə əlaqələndirib.Kollektivi 30 illik yubiley münasibətilə təbrik edib.

Tədbirdə Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin, xüsusilə, son 10 ildə fəaliyyətini əks etdirən Foto-Slayd nümayiş etdirilib.

Sonda tədbir iştirakçıları Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəliyin 30 illik fəaliyyət yolunu özündə əks etdirən foto-albomla və kitab sərgisi ilə tanış olmuş, bədii kompozisiyaya tamaşa etmişlər.



24 fevral 2022-ci il