Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Xocalı soyqırımı”nın 31-ci ildönümünə həsr olunmuş
anım tədbiri keçirilib


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 24 fevral 2023-cü il tarixdə “Xocalı soyqırımı”nın 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə, soyqırımı qurbanlarına və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri açıq elan edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan, amansızlığı və xüsusi qəddarlığı ilə seçilən, xalqımıza və millətimizə qənim kəsilmiş şovinist və militarist erməni faşizmi tərəfindən xalqımıza qarşı törədilmiş Xocalı qətilamı barədə geniş məlumat verərək qeyd etdi ki; “Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı-acılı səhifələrini təşkil edir. Ermənistanın bu cinayətkar siyasətinin tarix boyu davamlı olduğunu sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni daşnaqları tərəfindən törədilən soyqırımı və etnik təmizləmələrə məruz qalmışdır. Bu əxlaqsız millətçi siyasətin əsas məqsədi həmişə azərbaycanlıları tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Məlumdur ki, XX əsrin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü, bütün dövrlərdə Qarabağa dair ərazi iddiaları kənardan da təhrik edilməklə məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılmışdır. Hələ Sovetlər İttifaqı dövründə mərkəzi hakimiyyət orqan¬larının himayədarlığı ilə Azərbaycan əleyhinə açıq və ya gizli, məqsədyönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə mənfi ictimai fikir forma-laşdırılmışdır. Məhz bu üzdəniraq siyasətin məntiqi nəticəsi olaraq XX əsrin 90-cı illərində xalqımıza qarşı törədilən, tarixin ən amansız və qanlı cinayəti sayılan Xocalı faciəsi baş vermişdir.

Bəxtiyar Əsgərov dedi ki, “Azərbaycan xalqına qarşı Xocalıda törədilmiş soyqırımı aktı öz miqyası etibarilə Xatın, Liditse, Oradur və Sonqmi faciələri ilə müqayisə oluna bilər. Azərbaycanın qədim, zəngin mədəniyyət ocağı, yaşayış məskəni sayılan və dinc sakinlərin yaşadığı Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən məhv edilərək yerləyeksan edilmişdir. Bu hərbi cinayət zamanı erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə əliyalın xocalılıları amansızcasına qətlə yetirmiş, insanlara ağlasığmaz işgəncələr vermiş, uşaq, qoca, qadın demədən hamısını vəhşicəsinə öldürmüşlər. Erməni vandalların qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri özlərini əsl qəhrəman kimi aparmış, son nəfəslərinədək düşmən qarşısında əyilməmişlər. Bu qətliam zamanı 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoyulmuşdur. Bir gecədə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Faciə zamanı 487 nəfər yaralanmış, 1275 dinc sakin əsir götürülmüş, 155 nəfər itkinin taleyi hələ də məlum deyildir. Soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 3 nəfər diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi.”

“Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Burada hava limanı da yerləşir. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik yerlərindən biridir. Yeri gəlmişkən, bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə, tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III min¬illiklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.

Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir”.”

Bəxtiyar Əsgərov bildirdi ki: “Bu mütəşəkkil cinayət əməlində beynəlxalq terrorçuluq üçün xarakterik olan bütün əlamətlər vardır. İlk növbədə, o, siyasi məqsəd daşıyır və prosesdə, eyni vaxtda 3 tərəf iştirak edir: Terrorun icraçıları, qurbanları və sağ qalmış insanlar. Xocalı soyqırımını həyata keçirən erməni terror birləşmələrindən birinin rəhbəri olmuş Serjik Sarkisyanın (Ermənistan Respublikasının sabiq prezidenti) etirafları da yuxarıda səslənən fikirləri təsdiqləyir: “Xocalıdan öncə azərbaycanlılar güman edirdilər ki, biz onlarla zarafat edirik və hesab edirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz isə bunun əksini sübut etməyi bacardıq. Baş verənlər də məhz bunlardan ibarətdir”. Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Azərbaycan xalqına qarşı aparılan misli görünməmiş bu soyqırım, amansız qırğın aktı, erməni qəsbkarlarının ölkəmizin dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf almış məqsədyönlü irticaçı siyasətinin növbəti qanlı səhifəsi olmaqla bərabər, təkcə xalqımıza deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayətdir. XX əsrin sonunda baş vermiş bu faciə, həqiqətən, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı beynəlxalq cinayətlər tarixinin ən qara səhifələrindən biri olaraq, erməni millətçilərinin son 200 ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətinin məntiqi nəticəsidir. Bu misli görünməyən cinayətin mümkün olması və onu törətmiş şəxslərin bu günə qədər cəzasızlığı beynəlxalq miqyasda ikili standartların və ədalətsizliyin hökm sürməsinin bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev öz çıxışlarında bu dəhşətli faciədən bəhs edərkən deyirdi: “1992-ci il fevralın 26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü, uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi... XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət idi”. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməmişdir”.

Daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki, “Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində İnsan hüquqları haqqında BMT-nin Ümumi Bəyannaməsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, onların şərəf və ləyaqəti tapdanmışdır. 1992-1993-cü ilin yarısına qədər hakimiyyətdə olmuş səriştəsiz və yarıtmaz “milli” qüvvələr bu və digər hüquq normalarına əsaslanmaqla Xocalı faciəsinin real mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədilər. Halbuki, o zaman artıq Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gətirildiyi, beynəlxalq müstəvidə danışıqların başlandığı dövr idi. Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübuta yetirmək üçün təbliğat maşınını tam gücü ilə işə salaraq "Sumqayıt hadisələri"ni dünyaya həmişəki kimi tam tərsinə bəyan etdilər. Hətta 1993-cü il fevralın 23-də imzalanmış "Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında" fərman da kağız üzərində qalmışdı.Təəssüf doğuran məqam ondan ibarətdir ki, erməni daşnakları xocalılıları, bütövlükdə isə azərbaycanlıları kütləvi şəkildə qətlə yetirdiyi bir vaxtda Bakıda bu hadisələrə reaksiya vermək, törədilən qırğınların dünya ictimaiyyətinin diqqətinə çatdırmaq əvəzinə siyasi hakimiyyət uğrunda açıq savaş gedirdi. Bu cür vəziyyət yenicə imperiyadan ayrılmış Azərbaycan dövləti və xalqı üçün əsl fəlakət idi. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan görkəmli dövlət xadimi ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ona görə də xalq ikinci Xocalı faciəsi yaşamamaq üçün ümummilli lideri, dünyaca tanınmış böyük şəxsiyyəti ikinci dəfə siyasi hakimiyyətə gətirdi. Məhz Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs də elə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətini, habelə ərazilərimizin işğalından sonra o zamankı Dağlıq Qarabağın terrorizm mənbəyinə - “boz zona”ya çevrilməsi, orada narkotik maddələrin yetişdirilməsi, mədəni abidələrin məhv edilməsi faktlarının və digər dəlil-sübutların dünya ictimaiyyətinə çatdırılmasını müstəqil Azərbaycanın xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Belə ki, ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı. Ümummilli lider Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir.”

Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ölkədə və xaricdə keçirilən mühüm layihələrdən və görülən işlərdən geniş danışan Bəxtiyar Əsgərov vurğuladı ki, “Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə müstəsna xidmətləri, onların təşəbbüsü və rəhbərliyi ilə görülən böyük işlər, xüsusilə də, Heydər Əliyev Fondunun, Leyla xanım Əliyevanın yorulmaz fəaliyyəti bu sahədə mühüm əhəmiyyətli işlər kimi ayrıca qeyd edilməlidir. Xocalı həqiqətlərinin bütün dün¬yaya çatdırılmasında, tarixi faktların beynəlxalq aləmdə yayılmasında, soyqırıma obyektiv qiymət verilməsində Heydər Əliyev Fondunun həyata ke¬çirdiyi sistemli və davamlı tədbirlər, o cümlədən, müxtəlif illərdə Xocalı soyqı¬rımının ildönümləri ilə bağlı Türkiyə, Ru¬siya, ABŞ, Almaniya, Ukrayna, Qazaxıs¬tan, Gürcüstan, Küveyt və s. kimi bir sıra digər ölkələrdə təşkil olunmuş genişhəcmli tədbirlər əhəmiyyətli rol oynamışdır. “Qarabağ həqiqətləri” silsiləsi, “Sonsuz dəhliz” sənədli filmi və digər filimlər, eləcə də bu mövzuda hazırlanmış video¬çarxlar, işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində və digər əcnəbi dillərdə nəşr olunaraq, xaricdə yayılan kitablar, bukletlər və sair məqsədə çatmağa öz mühüm töhfələrini vermişdir. Heydər Əliyev Fondu tərəfindən 2007-ci il fevra¬lın 26-da Brüsseldə açılmış “Təcavüzün qurbanları” adlı foto və uşaq rəsm sərgisi və həmin ilin fevralın 19-26-da “Xocalı həftəsi” tədbirlər proqramı çərçivəsində İstanbulda və Türkiyənin 25 vilayətində anım mərasimlərinin keçirilməsi Xocalı qətliamı barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən böyük işlər kimi vurğulanmalıdır. Fond tərəfindən təşkil edimiş, 2008-ci il fevralın 14-də Berlində “Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər” mövzusunda keçirilən elmi konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Xüsusi vurğulanmalıdır ki, 2012-ci ildə Heydər Əliyev Fondu¬nun dəstəyi ilə və onun hazırladığı maarifləndirmə materialları əsasında dünyanın 100-dən çox şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər təşkil olun¬muşdur. Heydər Əliyev Fondunun gərgin fəaliyyəti, əvəzsiz xidmətlərinin sayəsində dünya ictimaiyyəti Xocalı¬da ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və van¬dalizm aktları barədə geniş məlumatlar əldə etmişdir.Bu haqda danışarkən, bir az əvvəl qeyd etdiyim kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildən başlayaraq həyata keçirdiyi “Xocalıya Ədalət” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasını, eləcə də Xocalı Soy¬qırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı səmərəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Məhz bu kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları hakimiyyət strukturları ilə birlikdə hərtərəfli fəaliyyət göstərirlər. Mütəmadi olaraq, xüsusən də soyqırımın ildönümü ərəfəsində Respublikamızda və digər ölkələrdə bununla əlaqədar müxtəlif tədbirlər keçirilir, erməniliyin məqsədli şəkildə həyata keçirdiyi vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, mate¬riallar kütləvi şəkildə nümayiş etdirilir. Eyni zamanda xarici dövlətlərin kütləvi informasiya vasitələrində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio verilişlərinin hazırlanması təmin edilir. Bununla da, saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının yalanları ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini, bu faciənin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə qarşı yönələn ən ağır cinayətlərdən biri olduğunu qəbul edir və bütün dünya xalqlarında da bu dəhşətli soy¬qırımı törədən millətin bütün dünya üçün təhlükəli olması barədə fikir formalaşır.”

“Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın və xanım Mehriban Əliyevanın rəhbərliyi ilə isə Heydər Əliyev Fondunun bütün dünyanı əhatə edən beynəlxalq təşkilatlarının diqqətini bu faciəyə cəlb etməsinin nəticəsidir ki, artıq əksər dövlətlər, onların vətəndaşları və bir çox beynəlxalq təşkilatlar soyqırım barədə ətraflı məlumatlara malikdirlər və Xocalı faciəsinin soyqırımı olma¬sı faktı dünyanın bir sıra ölkələri və nüfuzlu təşkilatları tərəfindən rəsmən tanınmışdır. Meksika, Pakistan, Çexi¬ya, Peru, Kolumbiya, Panama, Hon-duras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmiş, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlan¬diya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 25-dən artıq ştatının (Mas¬saçusets, Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Pensilvaniya, Qərbi Virciniya, Konnektikut, Florida, İndiana, Yuta, Nebraska, Havay, Mon¬tana, Aydaho, Arizona və sair) icra və qanunvericilik orqanları tərəfindən Xocalı faciəsi qətliam kimi qiymətləndirilərək qətiyyətlə pislənilmişdir. Bundan baş¬qa, İslam Əməkdaşlıq Təşkilatı bu dəhşətli faciəni soyqırım kimi tanımış, həmçinin, İnsan Hüquqları üzrə Avro¬pa Məhkəməsi tərəfindən qəbul edil¬miş 22 aprel 2010-cu il tarixli qərarda Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğu müəyyənləşdirilmişdir.”-deyə Bəxtiyar Əsgərov sözlərini davam etdirmişdir. O həmçinin bildirdi ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla və əzmlə həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımlar bəhrəsini verməkdədir. İlbəil daha da qüdrətlənən, müdafiə potensialı artan Azərbaycan Ordusu artıq düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib-desək, yanılmarıq. Ölkə Prezidenti cənab İlham Əliyevin son 20 ildə həyata keçirdiyi qüdrətli dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi sayəsində 2016-ci ilin Aprel döyüşlərində və 2018-ci ilin may ayında qazanılan zəfərlər Böyük Qələbə gününü daha da yaxınlaşdırırdı. Xüsusilə, Prezident Cənab İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” devizi bir ildən sonra, xüsusilə 44 günlük vətən müharibəsi ərzində reallığa çevrilərək xalqımıza böyük sevinc bağışladı. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlanmış əks-hücum əməliyyatının parlaq zəfərlə yekunlaşması məhz bu baxımdan heç də təsadüfi deyildi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində uğurlu strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadə nəticəsində milli ordumuzun bölmələri işğal altındakı ərazilərimizi yağı düşməndən təmizlədi, azğın düşmənin komanda-idarəetmə məntəqələri, raket və artilleriya vasitələri, döyüş texnikaları və təminatı sıradan çıxarıldı, düşmən faktiki olaraq iflic vəziyyətinə gətirildi. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edərək hərb tarixinə qısa zamanda böyük nailiyyət gətirdi. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu. Ümumən demək olar ki, vətən uğrunda canından keçmiş şəhidlərimizin, qətl edilən bacı və qardaşlarımızın, eləcə də, həm Xocalının, həm də xocalıların qisası layiqincə alınmışdır. Azərbaycan Ordusunun, vətən oğullarının qətiyyəti hücumu qarşısında davam gətirə bilməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında üçtərəfli Bəyanatı imzalamağa məcbur qaldı. Bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu uzun zamandan sonra erməni və havadarlarının işğalından azad edildi. Döyüş meydanında məğlubiyyəti ilə barışmayan Ermənistan hakimiyyətinin göstərişi əsasında erməni silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması, 44 gündə 100-ə yaxın mülki şəxsin ölümünə, 400-dən artıq vətəndaşımızın yaralanmasına səbəb olan terror aktlarını törədməsinə, eyni zamanda 10 noyabr razılaşmasına uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaldarkən edilən vəhşiliklərə qarşı bir çox ölkələrin biganə münasibəti, olanları görməzdən gəlmələri əslində, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasının səbəblərini tam aydınlığı ilə üzə çıxardı. Azərbaycan Prezidenti, Müzəffər Sərkərdəmiz İlham Əliyev qəti şəkildə bildirdi ki, “Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.” Son 200 ildə ilk dəfədir ki, erməni işğalçıları Azərbaycan tor¬paqlarından rüsvayçılıqla qovuldu. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və həmin gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Xocalı soyqırımı ədalətsizlik idi, Zəfərimiz isə ədalətin bərpasıdır. Amma biz mülki insanlardan qisas almadıq, ədaləti ləyaqətlə bərpa etdik. Vətən müharibəsində Azərbaycan Ordusunun qarşı tərəfdəki dinc əhaliyə münasibətdə ləyaqətli davranışı və düşmən hərbçilərlə müharibə qaydalarına uyğun rəftarı Xocalı soyqırımını törədən Ermənistanın mənəvi acizliyini bir daha ortaya qoydu, Azərbaycanın isə mənəvi-psixoloji qüdrətini, humanizmə, ləyaqətə və ümumbəşəri dəyərlərə sədaqətini praktiki olaraq təsdiq etdi. Xocalı soyqırımı Azərbaycan xalqının stra¬teji səbrinin tarixi sınağı idi və Allaha şükürlər olsun ki, xalqımız Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin liderliyində Milli Ordumuzun rəşadəti, əzmi ilə bu sınaqdan üzüağ çıxdı.Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 27 Sentyabr Günü Anım Günü kimi qeyd olunur. Anım Günü ilə bağlı keçirilən tədbirlər, yürüşlər xalqımızın yenilməzliyinin, birliyinin bariz nümunəsidir. Bakı şəhərində keçirilmiş Anım Günü aksiyasında Prezident Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı, məhz Onların əllərində şəhid hərbçi və şəhid körpənin şəkillərini tutmaqla yürüşün önündə dünyaya ismarış göndərməsi xalqımıza qürur hissi bəxş etmişdir. Şəhidlərin fotoları ilə yürüş cənab Prezident və onun ailəsinin daim ön sırada olması demək idi. Bu, dünyaya “Şəhidlər ölməz, Azərbaycan bölünməz!” ismarışının çatdırılması idi. Vətən müharibəsindən sonra keçirilmiş yürüş və bu günədək bu sahədə görülmüş işlər bir daha sübut etdi ki, Azərbaycanın azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi daim əziz tutulacaqdır!Bu, hərbçisindən körpəsinədək hər bir vətəndaşın Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçməyə hazır olduğunun göstəricisidir. Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər il Xocalı Soyqırımı ilə bağlı paylaşımları isə gənc nəsillərin yaddaşında bu faciənin əsl mahiyyəti haqqında dəqiq təsəvvür formalaşdırır və onları vətənpərvərlik ruhunda tərbiyə edir. Xanım Mehriban Əliyeva paylaşımlarının birində qeyd edir: “Xocalı Soyqırımı bütün bəşəriyyətə və insanlığı qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir.Bu hadisə xalqımızı sarsıtdı,amma iradə və əzmini sındırmadı,bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə-Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı Soyqırımı Aktı kimi tanıdılmasına nail oluruq.Xocalı Soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir,bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm!”

Sonda Bəxtiyar Əsgərov diqqətə çatdırıb ki, ermənilər Xocalı soyqırımını törətməklə xalqımızın mübarizə əzmini qırmaq istədilər. Amma faciələrimiz bizi daha da möhkəmləndirdi, birləşdirdi. Biz bir xalq olaraq daha güclü və əzmli olduq. Biz güclü dövlət yaratdıq. O dövlət ki, bu gün dünyada söz və nüfuz sahibidir. Azərbaycan dostluq və tərəfdaşlığın nümunəsini dünyada yayan və təbliğ edən ölkələr sırasındadır. Bunu şərtləndirən ən böyük amillər xalqımızın vətənpərvərliyi, milli tarixinə hörməti, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyidir. Azərbaycan xalqı bu amansız və qəddar, xain təcavüzü, qətliamı heç vaxt unutmayacaq! Xocalı soyqırımını planlaşdıran və həyata keçirən azğın cəlladlar hökmən öz layiqli cəzalarını alır və alacaqlar. Ermənilik bütün insanlıq, cəmi bəşər övladı tərəfindən əbədi lənətlənəcəklər və bu faciəni törədənlərə öz varisləri də gec-tez lənət oxuyacaq, bu, zamanın hökmüdür. Biz buna uca Tanrının köməkliyi, millətimizin qırılmaz əzmi və iradəsi sayəsində mütləq şahid olacağıq!

Tədbir digər çıxışlarla davam etdirilmişdir.



24 fevral 2023-cü il