Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



25 fevral 2019-cu il


       25 fevral 2019-cu il tarixində Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyində 25 fevral 2019-cu il tarixdə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov erməni millətçilərinin Azərbaycan torpaqları üzərində “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün dəfələrlə azərbaycanlılara qarşı həyata keçirdikləri terror aktlarından,kütləvi qırğınlardan bəhs edərək qeyd etdi ki,erməni qəsbkarları,xüsusilə,XX yüzilliyin əvvəllərindən başlayaraq xalqımıza qarşı amansız terror hadisələri törətmişlər.1988-ci ildən etibarən Azərbaycan torpaqlarının yenidən işğalını planlaşdıran ermənilər yeni qanlı terror aktları həyata keçirməyə başlamışlar.Bu ənənəvi çirkin siyasətin davamı olaraq,vaxtilə süfrəmizin artığı ilə böyümüş,ata-baba torpaqlarımızda himayədarlarının köməyi ilə özlərinə dövlət yaratmış mənfur qonşularımız 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qədim oğuz-türk yurdu olan Xocalı şəhərində soyqırım törətmiş,bununla da vəhşi,xəyanətkar,zülmkar və üzdəniraq millət olduqlarını dünyaya bir daha nümayiş etdirmişlər.

Bəxtiyar Əsgərov təəssüf hissi statistik məlumatları xatırlayaraq qeyd etdi ki;“Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub,613 nəfər qətlə yetirilib,cəsədlər təhqir olunub,1275 nəfər girov götürülüb.Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.Qətlə yetirilənlərin 63-ü uşaq,106-sı qadın,70-i qoca idi.Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş,25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir.Qadınlar,qocalar,uşaqlar, hətta südəmər körpələr belə qəddarlıqla qətlə yetirilib,süngüdən keçirilmişlər.Təkcə son Dağlıq Qarabağ hadisələri zamanı ermənilər tərəfindən,ümumilikdə,otuz minədək insan öldürülmüş,yüz minlərlə soydaşlarımız qaçqın və məcburi köçkünə çevrilmişdir.Erməni hərbi birləşmələri qadınlara,uşaqlara,qocalara aman vermədən minlərlə insanı xüsusi vəhşiliklə qətlə yetirdi,onları hərb tarixində bənzəri olmayan işgəncə verməklə öldürdü,ən müxtəlif formalarda təhqirlərə məruz qoydu.Amansızlığına,vəhşiliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı təkcə Azərbaycan tarixində deyil,ümumən bəşəriyyətin,insanlığın tarixində qara ləkə kimi həmişə xatırlanacaqdır.”

Daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki,hər il Xocalı soyqırımının ildönümünün qeyd olunması bir daha sübut edir ki,həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcək.Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir.Dinc,sülhsevər insanların qətli,onların təhqir olunması,öz torpaqlarında yaşamaq kimi köklü haqlarının tanınmaması və beynəlxalq təməl prinsiplərin pozulması kimi amillər dünya dövlətlərini,nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyəti bu acı həqiqəti bilməyə,insanlığa qarşı törədilən bu cinayətə öz hüquqi qiymətini verməyə,təcavüzkarı cəzalandırmağa səsləməli,gələcək dünya düzəni üçün həyəcan təbili çalmalıdır.

Bəxtiyar Əsgərov vurğulayıb ki,o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymətin verilməsi,qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyib.Əksinə,nəinki beynəlxalq ictimaiyyətin,hətta xalqımızın baş vermiş dəhşətli hadisədən xəbər tutmaması üçün mümkün tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb.Lakin Azərbaycan xalqının xilaskarı,ümummilli lider Heydər Əliyevin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmiş,məhz Onun təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etmişdir.O dövrdən başlayaraq,müstəqil Azərbaycan dövləti və yenicə təşkilatlanmaqda olan dünya azərbaycanlıları erməni millətçilərinin,dünya erməniliyinin xalqımıza qarşı törətdikləri cinayətlərin,o cümlədən,Xocalı faciəsi haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması,bu qətliamın soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərməyə başlamışlar.Bunun nəticəsidir ki,hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə,dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarca soydaşlarımız və dost,qardaş xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.

Daimi nümayəndəliyin rəhbəri faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında,Xocalı faciəsi ilə əlaqədar müxtəlif layihələr çərçivəsində Azərbaycan həqiqətlərinin,Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə yaxından çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının önəmini xüsusi qeyd edib,cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı Soyqırımı ilə əlaqədar keçirilən ümumxalq yürüşlərinin əhəmiyyətini vurğulayıb.

Bəxtiyar Əsgərov onu da qeyd edib ki,fevralın 26-sı Azərbaycan xalqı üçün təkcə faciə günü deyil.Bu,eyni zamanda ölkəmizin ərazi bütövlüyünün,suverenliyinin,haqq-ədalətin bərpası və erməni işğalına son qoyulması uğrunda mübarizə tariximizin də şanlı səhifəsidir.Bu gün hər birimiz Azərbaycan Ordusunun gücü,qüdrəti ilə fəxr edir,qürur hissi keçiririk.Ali Baş Komandanımız cənab İlham Əliyevin hücum əmrini gözləyən qüdrətli ordumuz heç şübhəsiz ki, şəhidlərimizin qanını,qisasını alacaq,üçrəngli dövlət bayrağımızı Şuşada,Xankəndində dalğalanacaqdır.Prezident cənab İlham Əliyevin dediyi kimi:“Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq,suverenlik və ərazi bütövlüyümüz uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da,bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş,qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir”.

Bəxtiyar Əsgərov bildirib ki,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada həyata keçirilən fəaliyyət proqramları,bütün sahələrdə əldə olunan yüksək nəticələr,vətənimiz uğrunda canından keçmiş,müqəddəs amal uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin daim uca tutulması,əbədiləşdirilməsi işlərini də əhatə etmiş,bu sahədə ürəkaçan nəticələrə nail olunmuşdur.Təsdiq edilmiş tədbirlər planına uyğun olaraq,hər il olduğu kimi bu il də Naxçıvan Muxtar Respublikasında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə önündə Xocalı şəhidlərinin xatirəsi ehtiramla yad edilir,muxtar respublikanın hər guşəsində izdihamlı tədbirlər keçirilir,dram teatrlarda faciəni canlandıran bədii kompozisiyalar nümayiş etdirilir.Naxçıvan şəhərində,muxtar respublikanın rayon mərkəzlərində Xocalı Soyqırımı ilə bağlı silsilə anım tədbirləri keçirilir.Bir sözlə,vətənimizin hər guşəsi kimi,Naxçıvan da Xocalını heç vaxt unutmadı,unutmayacaq!

Tədbir digər çıxışlar və Soyqırımla bağlı bədii kompozisiya ilə davam etdirilmişdir.