Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərindəki Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyində tədbir keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Fəxri xiyabana gələrək, daimi nümayəndəliyin kollektivi adından müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə gül-çiçək dəstəsi qoyub, Azərbaycanın əməkdar elm xadimi, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, böyük alimə bəslənən hörmət və ehtiramı ifadə edib. Daha sonra daimi nümayəndəliyinin kollektivinin iştirakı ilə oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın və ümummilli liderimiz Heydər Əliyevin, eləcə də, Azərbaycan Respublikasının ərazi bütövlüyü, torpaqlarımız uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib onlara öz dərin hörmət və ehtiramlarını bildiriblər. Daha sonra Azərbaycan Televiziyasının hazırladığı, akademik Zərifə Əliyevanın həyat yolu və elmi yaradıcılığına həsr edilmiş “Əsl alim, qayğıkeş ana, sevimli həyat yoldaşı” sənədli filmi nümayiş etdirilib.

Çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov vurğulayıb ki, 2023-cü il Azərbaycan xalqının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli liderimiz Heydər Əliyevin və onun ömür-gün yoldaşı, Azərbaycan elminin parlaq simalarından biri, tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əlieyevanın 100 illik yubileylərinin geniş və təntənəli şəkildə qeyd olunması ilə əlamətdardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 03 noyabr 2022-ci il tarixli “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı barədə məlumat verən natiq qeyd edib ki; “Sərəncamda deyildiyi kimi “Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür.” Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur.”

Bəxtiyar Əsgərov unudulmaz elm xadimi, görkəmli oftalmoloq-alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs edərək qeyd etdi ki; “Hər bir xalq özünün istedadlı şəxsiyyətləri, elm və mədəniyyət və siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini əziz tutur. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt sayıla bilər ona görə ki, ölkəmiz bir çox bu sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın zəngin, cazibəli həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. Sıravi həkimlikdən tibb elminin zirvəsinə qədər ucalan Zərifə xanım Əliyevanın alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan olması, görkəmli şəxsiyyət kimi onun əziz xatirəsinin həmişə yad edilməsi, ülvi insani kefiyyətlərinin, elmi fəaliyyətinin təkrarsız bir insan olaraq hər zaman xatırlanmasını şərtləndirir. Təsadüfi deyil ki, Onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara işıq, nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli əllərindən süzülən nur bu gün də şəfa verdiyi insanların gözlərində bərq vurur.”

“Akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvanın Şahtaxtı kəndində nəcib bir ailədə - Azərbaycanın tanınmış ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Onun valideynləri Əziz Əliyev və Leyla xanım Abbasova qədim Azərbaycan diyarı olan İrəvan mahalında anadan olmuşlar. Ermənilərin tarixən azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirdiyi soyqırımı siyasəti və təqiblər onları da Naxçıvan Muxtar Respublikası ərazisinə köçməyə məcbur edib. Əziz Əliyev ixtisasca həkim idi. Onun həkimliyi təkcə insanların fiziki müalicəsi ilə məhdudlaşmırdı. Tale onun üzərinə cəmiyyəti də mənəvi xəstəliklərdən sağaltmaq üçün çalışmaq missiyasını da qoymuşdu. Əziz Əliyev yüksək vətəndaşlıq ruhunun daşıyıcısı kimi ictimai məsuliyyət duyğusunu bir an da olsun unutmur, daim xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etməyə çalışırdı. Ömür-gün yoldaşı Leyla xanımla birgə ailənin istisi ilə böyüyən övladlarını da belə bir ruhda tərbiyə etmiş, onlara gələcək həyat yollarında uğur qazanmaları üçün töhfələr vermişlər.

Zərifə xanım məhz atasının sayəsində uşaqlıqdan tibb sahəsinə könül verib. Onun yeniyetməlik və gənclik çağları İkinci Dünya Müharibəsinə təsadüf edib. Oxuduğu orta məktəbdə dərsləri bitəndən sonra hər gün şagird rəfiqələri ilə birgə yaxınlıqdakı hərbi hospitala gedir, həkimlərə, tibb bacılarına kömək etməyə çalışır, yaralı hərbçilərə öz ailələrinə məktub yazmaqda kömək göstərirdi. Taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Zərifə xanım Əliyevanın tələbəlik və gənclik illəri ağır müharibə dövrünə düşsə də, onun atasının yüksək dövlət vəzifələrində çalışması, heç şübhəsiz ki, bu ailənin üzvlərinin statusunun başqalarından yuxarı olması təəccüb doğurmurdu. Lakin Zərifə xanım Əliyeva heç nə ilə digər tələbə yoldaşlarından fərqlənmir, bu üstünlüyü hiss etdirmir, bəlkə heç özü də hiss etmirdi. Zərifə xanımın tələbə yoldaşları öz xatirələrində qeyd edirlər ki, Azərbaycanın görkəmli elm və dövlət xadiminin ailəsində böyüməsinə baxmayaraq Zərifə Əliyeva öz sadəliyi ilə bizim heç birimizdən seçilmirdi, əksinə, daha çox çalışqanlığı, mehribanlığı, intizamlılığı ilə bizə xoş bir nümunə idi.”

Tibb İnstitutunu bitirəndən sonra mükəmməl bir göz həkimi olmaq arzusu ilə Zərifə xanım Əliyeva Moskva şəhərinə yollanır və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra vətənə qayıdır, 1949-cu ildən başlayaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır. 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur ”.

“Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur. Zərifə xanım ulu öndər Heydər Əliyev kimi bir dahi üçün təkcə sədaqətli ömür-gün yoldaşı deyil, həm də mənəvi dayağa və əsl dosta çevrilmişdi. Həyatının sonunadək onu qorumuşdur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”” - deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə etdi.

Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən söz açan daimi nümayəndəliyin rəhbəri diqqətə çatdırıb ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı və böyük şəxsiyyət Heydər Əliyevin xanımı olmaq məsuliyyətini həmişə şərəflə daşıyan akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs ¬vəsaitlərinin müəllifi olmuşdur. Görkəm¬li alim gənc nəslin təlim-¬tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi məsləhətçisi və elmi rəhbəri olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə “Azərbaycanın Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini kimi fədakarcasına çalışmış, bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirərək dəyərli çıxışlar, məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-amanlığa səsləmişdir. O, respublika “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çıxan “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Zərifə xanımın çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və dərs vəsaitlərində, 160-dan çox elmi işdə, bir ixtira və 18 səmərələşdirici təklifdə öz əksini tapmışdır. Böyük alimin bütün mənalı ömrü boyu yaratdığı, lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu, heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə xanım Əliyevanın həyat kitabıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev böyük alimin elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirək deyirdi: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.”

Ölkəmizin birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyeva isə tanınmış ictimai xadim, görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın elmi-tibbi sahədə müstəsna xidmətlərindən və xatirələrindən danışarkən qeyd etmişdir ki; “İlk qadın oftalmoloq Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya sahəsində həm də ilk akademik olmuşdur.Onun səyi və təşəbbüsü ilə ölkəmizdə ilk dəfə peşəkar göz patalogiyası laboratoriyası yaradılmışdır.Mənim anam şərqşünas alim idi. Lakin o, həkim olmaq istəyirdi. Orta məktəbi qurtardıqdan sonra sənədlərini Tibb İnstitutuna vermişdi.Amma hansı səbəbə görəsə valideynləri bunun əleyhinə olublar və anamı fikrindən daşındıra biliblər. Sonralar o, filoloq oldu. Məhz anamın baş tutmayan bu arzusu mənim seçimimi müəyyənləşdirdi. Habelə gələcək peşəmi seçməkdə mənə o vaxt İlhamın anası-oftalmoloq alim, həkim Zərifə xanım da böyük təsir göstərdi. Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə Zərifə xanım həyatdan getdi.Bu stedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır.”

“Akademik Zərifə Əliyeva peşəkar həkim və alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi” - deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov həmçinin qeyd etdi ki, “Adı hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənən akademik Zərifə xanım Əliyeva bu gün də insanların qəlbində gözlərə işıq və nur bəxş edən görkəmli şəxsiyyət kimi yaşayır, yaşayacaq. Azərbaycanda tibbin inkişafına əvəzsiz töhfələr vermiş görkəmli alim Zərifə xanım Əliyeva gənclərimiz üçün də mənəvi paklıq nümunəsidir. O, insanlara nümunə, örnək olan yüksək mənəvi zəngin bir həyat yaşayıb. Zərifə xanım yazıb-yaratdığı dəyərli elmi əsərləri pedaqoqluq səriştəsi ilə, ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaq. O, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi yüzlərlə insanın qəlbində də özünə ayrıca heykəl ucaldıb.Elmi və ictimai fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi.Zərifə xanım çağdaş, güclü Azərbaycan dövlətçiliyinin memarı, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Ulu öndər Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, əsl dəstəkçisi, sədaqətli dostu idi. O, doğrudan da, hər zaman Ulu öndərimizin yaxın sirdaşı, həyat dostu, ən böyük mənəvi dayağı olub. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi böyük ana adıdır. Qeyri-adi məziyyətlərə malik bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrının bəxş etdiyi nur payı tək qəbul edib, onları çox sevib. Zərifə xanım Əliyeva cəmiyyətimiz, xalqımız üçün böyük, müstəsna dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, əlbəttə ki, Onun fədakar ana olmasından irəli gəlirdi. O, nə edirdisə, məhəbbətlə, böyük sevgi ilə edirdi. Zərifə xanım qayğıkeş ana kimi gözəl, yaraşıqlı, vüqarlı, sədaqətli iki övlad böyüdüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Zərifə xanım Azərbaycana Cənab İlham Əliyev kimi Prezident, Müzəffər Ali Baş Komandan bəxş edən bir ana olaraq hər zaman tarixdə yaşayacaq. Heydər Əliyevin ideyaları ilə qurulmuş və çiçəklənmiş ölkəmizin il-ildən sürətli inkişafı, dünyadakı artan nüfuzu, möhtəşəm zəfərləri, uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da verdiyi yüksək tərbiyyəni, Onun təsirini görürük. Bizə Zəfər yaşadan milli Ordumuzun Ali Baş Komandanını, Prezident cənab İlham Əliyevi bu xalqa bəxş edib. Göründüyü kimi, Zərifə xanım Əliyevanın bir qadın olaraq ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, həyat yoldaşı, övlad, elmin keşiyində duran iti zəkalı ziyalı. Elm, ədalət, səxavət, səbr, həya və ismət kimi keyfiyyətlər Onun həyat simvoluna çevirilib. Bu dəyərlər içərisində güclü və fədakar qadın kimi ucalan alim Azərbaycan elminə, tarixinə məxsusi dəyərləri ilə iz qoya bildi. Yaşanılan ömür yolunun sərlövhələri Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir nurlu simaya çevirdi. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Zərifə xanımın övladı, xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.

Akademik Zərifə xanım Əliyeva haqqında çoxlu məqalələr, kitablar, şeirlər yazılmış və bundan sonra da yazılacaqdır. Lakin bu böyük insan haqqında ən xoş, ən səmimi və ən gözəl sözləri onu hər kəsdən yaxşı tanıyan və hamıdan çox sevən ömür-gün yoldaşı- Ümummilli lider Heydər Əliyev söyləmişdir: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm.”

Bəxtiyar Əsgərov sonda dedi ki; “Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında hələ bundan sonra da yazılacaqdır. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin, nurlu şəxsiyyətin əziz xatirəsi daim ehtiramla yad ediləcək. İndi həm ölkəmizdə, həm də ölkəmizdən kənarda onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın işıqlı adını daşıyır. Onun xatirəsinə ucaldılan abidələr görkəmli alimə və əsl insana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür. Mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı ilə mənəviyyat, kamillik, müdriklik nümunəsinə çevrilmiş Zərifə xanım Əliyeva bu gün də milyonlarla insanın qəlbində yaşayır, adı dərin ehtiramla, rəğbətlə anılır. Zaman keçdikcə, nəsillər dəyişdikcə, bu məhəbbət xalqımızın ürəyində bir sevgi abidəsi kimi ucalacaq. Akademik Zərifə xanım Əliyeva elm, təhsil, səhiyyə, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə görə xalqımızın yaddaşında şəfqətli həkim, səmimi və sədaqətli Azərbaycan qadını kimi daim yaşayacaqdır!

Tədbir digər çıxışlarla davam etdirilmişdir.



27 aprel 2023-cü il