Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının
daimi nümayəndəliyində tədbir keçirilmişdir


       Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində bir qrup Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə orden və medalların təqdimat mərasimi keçirilib.

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 27 sentyabr 2021-ci il tarixində Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunmuş Anım tədbirində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən,Naxçıvan Muxtar Respublikasında hərbi xidmət keçmiş,oradan Vətən müharibəsinə yollanaraq döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş,igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş bir qrup vətən övladlarının ailə üzvlərinə orden və medalların təqdimatı keçirilib. Tədbirdə Daimi Nümayəndəliyin kollektivi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları,şəhidlərin ailə üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyi, torpaqlarımızın işğaldan azad edilməsi, vətənimizin ərazi bütövlüyü uğrunda rəşadət və şücaət göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki; “Ötən il böyük Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda “Anım Günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il tarixli Sərəncamı qədirbilən xalqımız tərəfindən əziz şəhidlərimizin xatirəsinə sonsuz ehtiramın bariz nümunəsi kimi dərin minnətdarlıqla qarşılanmışdır. Bu il ilk dəfə, qeyd olunan Sərəncama müvafiq olaraq Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş insanlara-əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr günü Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Hazırda ölkəmizin hər yerində şəhidlərimizin əziz xatirəsinə abidələr, xatirə kompleksləri, bulaqlar inşa edilir, onlara həsr olunmuş guşələr yaradılır, yeni yaşıllıq zolaqları, parklar salınır. Əlamətdar və tarixi günlərdə, bayramlarda şəhid məzarları ziyarət olunur. Prezident İlham Əliyevin tapşırıq və Sərəncamlarına uyğun olaraq, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə daim əlaqə saxlanılır, onların qayğıları ilə maraqlanılır, problemlemlərin müsbət həlli üçün bütün imkanlardan istifadə edilir. Bu istiqamətdə həyata keçirilən dövlət tədbirləri Naxçıvanda ləyaqətlə icra edilir, şəhid ailələri və qazilər mənzillərlə, avtomobillərlə təmin edilir, müalicəyə və sosial təminata ehtiyacı olan şəhid ailələrinin, qazilərin muxtar respublikada tibbi və sosial təminatı layiqincə həyata keçirilir.”

“Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir.”-deyən Bəxtiyar Əsgərov ölkəmizdə ordu quruculuğu sahəsində aparılan islahatlardan da danışmış, Azərbaycan Ordusunun yaranmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək bildirmişdir ki; “Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Silahlı qüvvələrimizin müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilən təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü Vətən müharibəsində bir daha ortaya qoymuşdur. Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Milli Ordusu tarixi Qələbə ilə Azərbaycan tarixində yeni səhifə yazmışdır. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, səmərəli hərbi strategiyanın və ordumuzun gücü 44 günlük Vətən müharibəsində düşməni təslimçiliyə məcbur etdi. Bütün dünya Azərbaycanın qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına əldə edilmiş şanlı qələbəsinin şahidi oldu. Bütövlükdə,hərbi əməliyyatlarla Milli Ordumuz 300-dən çox yaşayış məntəqəsi düşməndən təmizlədi. Düşmən Ordumuzun gücü qarşısında geri çəkilərək kapitulyasiya aktını imzalamağa və digər torpaqları qaytarmağa məcbur edildi. Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəni böyük qürur hissi ilə qeyd etdi. Bu tarixi Zəfər İkinci Dünya Müharibəsindən sonra əldə olunan qələbələr içərisində dünyada ən şanlı və ədalətli qələbədir. Bu qələbə əslində haqqın qələbəsi idi.Bu qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini təmin etdi. 1 milyona yaxın Azərbaycan vətəndaşının uzunillik Vətən, torpaq həsrətinə və nisgilinə son qoydu. Bu gün Cənubi Qafqazın ən qüdrətli ordusu olan silahlı qüvvələrimiz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən 18 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, silahlı qüvvələrdə aparılan islahatlar və bunun nəticəsində baş verən keyfiyyət dəyişiklikləri Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsidir. Məhz xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, xalq və ordu birliyi sayəsində torpaqlarımız işğaldan azad edildi, tarixi ədalət bərpa olundu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dediyi kimi: “Hər kəs gücümüzü gördü. Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik.” Tarix boyu Azərbaycanı cani-könüldən dəstəkləyən qardaş Türkiyə Cumhuriyyəti Qarabağ savaşı başlayan gündən bu günə kimi bütün sahələrdə, birmənalı olaraq, Azərbaycanın yanıda olmuşdur. Müharibənin gedişatında Azərbaycana dost ölkələr mənəvi dəstək nümayiş etdirdilər. Türkiyə, Pakistan, İsrail, Ukrayna və s. ölkələr Ermənistanın işğalçı mövqeyini qəti şəkildə pisləyərək Azərbaycanın ərazi bütövlüyüünü hər zaman olduğu kimi dəstəklədilər. Azərbaycan Vətən müharibəsində, əslində, bütün dünyaya həm də öz gücünü nümayiş etdirdi. Vaxtilə haqsız siyasət yürüdən, ermənipərəst mövqe tutan dövlətlər Azərbaycan Ordusunun rəşadətini görməzdən gələ bilmədi. Çünki bizim savaşımız haqq davası idi. Biz kimsənin torpağına göz dikmirdik, kimsənin torpağında gözümüz yox idi. Biz öz torpaqlarımızın azadlığı uğrunda ölməyə hazır idik və öldük də, şəhidlər kimi. Prezident cənab İlham Əliyevin dediyi kimi, erməni əsgərindən fərqli olaraq Azərbaycan əsgəri məğrur və qorxmazdır. Bizim əsgərimiz heç zaman qocaya, qadına və uşağa silah tutmaz. Vətən müharibəsi, həm də uzaqmənzilli raketlərlə dinc əhalimizin yaşadığı Bərdəni, Gəncəni və Tərtəri bombalayan rəsmi İrəvanın siyasətinin terorçu mahiyyətini bütün dünyaya açıb göstərdi. Bu gün bütün dünya ermənilərin Qarabağda törətdikləri maddi və mənəvi soyqırıma şahidlik edir. Yandırılmış, dağıdılmış məscidlərimiz, qəbirlərimiz, təhqir olunmuş müqəddəs məkanlarımız, talan edilmiş yurd yerlərimiz buna bariz nümunədir. Ermənistan bu müharibədən sona da öz çirkin siyasətindən əl çəkmək istəmir, mina xəritələrinin təhvil verilməsindən boyun qaçırır.”-deyən Bəxtiyar Əsgərov əlavə etdi ki; “Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük infrastruktur layihələrinin icrasına başlanılıb. Artıq bu bölgədə “ağıllı kənd” layihəsi, Qarabağın ən qədim şəhəri olan Ağdamın yeni Baş Plan layihəsi öz təsdiqini tapmışdır. Şükürlər olsun ki, Qarabağ torpağında Azan səsi ucalır, Cidır düzündə muğam ifa edilir. Düşmənə göz dağı olan “Xarıbülbül” festivalı ilə Azərbaycan dünyaya Qarabağın qədim, əzəli Azərbaycan torpağı olduğunu bir daha subut etdi. Bu xoş günləri, bu duyğulu qürurverici anları Azərbaycan xalqına bəxş edən şanlı Azərbaycan Ordusuna, onun qəhrəmanlarına, ürəyimizdə daim yaşayacaq şəhidlərimizin əziz ruhuna eşq olsun-deyirik!”

Daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki; “Vətən müharibəsində qazandığımız qələbə münasibətilə Azərbaycan Respublikasının Milli Məclisi bir neçə adda orden və medallar təsis etmişdir. Bu orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının birbaşa təzahürüdür. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək, qəhrəmanlıq göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən, döyüş tapşırıqlarını uğurla icra edən silahlı qüvvələrin minlərlə hərbi qulluqçusu Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar.Torpaqlarımızın azad olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində, xüsusilə, qeyrət qalamız olan Şuşamızın azad olunmasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları, Xüsusi Təyinatliları və Naxçıvandan olan könüllülər də yaxından iştirak etmiş, şəhid və qazi olmuşlar. Odur ki, Naxçıvandan olan, illərdir blokada şəraitində bu ədalətsiz işğalın ağrısını, acısını yaşayan Vətən müharibəsi iştirakçılarının, şəhidlərimizin və qazilərimizin xidmətləri də yüksək qiymətləndirilmiş, onlar Ali Baş Komandan tərəfindən orden və medallarla təltif olunmuşlar.” Sonda daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları ilə birlikdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunmuş şəhid Babaxanov Elman Ağamirzə oğlunun, şəhid Tahirov Vüsal Mehdi oğlunun, şəhid Orucov Coşqun Oruc oğlunun, şəhid Əhmədov Tacir Mehdi oğlunun və şəhid İlyasov Fərid İbad oğlunun orden və medallarını onların ailə üzvlərinə təqdim etmişdir. Çıxış edən şəhid valideynləri övladlarına verilən yüksək qiymətə və onlara göstərilən dövlət qayğısına görə Prezident cənab İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-Prezidenti Mehriban xanım Əliyevaya və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova sonsuz minnətdarlıqlarını bildirdi.

Qələbə sevincini və qürurunu xalqımıza yaşadan qəhrəmanlarımızın hər zaman ürəklərdə yaşayacağını, heç zaman unudulmayacağını qeyd edən Bəxtiyar Əsgərov şəhidlərin ailə üzvlərinə vətənpərvər övladlar yetişdirdiklərinə görə ürəkdən təşəkkür edib, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətmizə, həm də ailələrinə başucalığı gətirdiyini qürurla vurğulayıb, bir daha, şəhidlərə uca Allahdan rəhmət, ailələrinə sonsuz səbir, qazilərə isə şəfa diləyib.



27 sentyabr 2021-ci il