Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



31 Mart soyqırımına həsr olunmuş anım tədbiri keçirilib

       Martın 29-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbiri soyqırımı qurbanlarının və Vətənimiz uğrunda canından keçmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov soyqırımının tarixindən, XX əsrin əvvəllərində erməni şovinistlərinin “böyük Ermənistan” yaratmaq xülyası ilə Bakıda və Azərbaycanın bir çox bölgəsində yerli əhaliyə - soydaşlarımıza olmazın amansız divan tutmasından, talanlar, tarixdə görünməmiş vəhşiliklər törətməsindən danışıb. Qeyd edib ki, 1813-cü və 1828-ci illərdə imzalanmış məlum Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi layihələri həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında, ilk növbədə, “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail olublar. Süni ərazi bölgüsü, ermənilərin Azərbaycan ərazilərinə planlı şəkildə gətirilməsi, əslində, gələcəkdə azərbaycanlıların öz dədə-baba torpaqlarından qovulmasına, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsinə münbit zəmin və şərait yaratmağa xidmət edirdi. Tarixi faktlar sübut edir ki, Azərbaycan torpaqlarında “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanılmış, onların guya bu torpaqlarda tarixən yaşadıqlarına dair saxta, uydurma “faktlar” ortaya çıxarmışlar. Azərbaycanın və ümumən, Qafqaz tarixinin təhrif olunması bu fəaliyyətin mühüm tərkib hissəsini təşkil edib. Erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Onların Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanın hər tərəfini və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə, qeyri-insani üsullarla qətlə yetirilib.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əks-inqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı məhz mənfur ermənilər tərəfindən gerçəkləşdirilib. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Göyçay, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra bu ilin mart hadisələrinə xüsusi diqqət yetirilib, dünya ictimaiyyətinə baş verən həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılıb. 1919-cu və 1920-ci illərin mart ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən iki dəfə ümummilli matəm günü kimi qeyd edilib. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi-hüquqi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər araşdırılmasının və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb.

Bəxtiyar Əsgərov vurğulayıb ki, yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə, soyqırımına adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Prezident Heydər Əliyevin imzaladığı Fərmanda deyilirdi ki, “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

Daimi nümayəndəliyin rəhbəri ümummilli lider Heydər Əliyevin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar sözlərini də xatırladıb: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.

Bəxtiyar Əsgərov bildirib ki, bu gün ulu öndər Heydər Əliyevin siyasi-ideoloji xəttini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd edilən “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”, - sözləri dövlət rəhbərinin bu məsələdə nə qədər həssas, analitik düşüncəyə malik əsl dövlət xadimi, irimiqyaslı siyasi xadim olduğunu bir daha ortaya qoyub”, - deyə natiq sözlərinə əlavə edib.

Daimi nümayəndəliyin rəhbəri Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbirlərinin keçirildiyini və tariximizə, taleyimizə heç vaxt biganə qalmayan Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Vasif Talıbovun bu məsələləri də həmişə yüksək diqqətdə saxladığını xüsusi qeyd edib. Məhz Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan şəhərində Xatirə Muzeyi və Bayraq Meydanında Xatirə kompleksi yaradılıb, muxtar respublikanın rayonlarında, o cümlədən Şərur, Babək və Culfa rayonlarının kəndlərində belə 31 mart - Azərbaycanlıların Soyqırımı abidələri ucaldılıb, tarix-diyarşünaslıq muzeylərində azərbaycanlıların soyqırımlarına həsr olunmuş guşələr təşkil edilib. Muxtar respublikanın bütün ərazisində soyqırımı qurbanlarının yad edilməsi, bununla bağlı şəhər və rayonlarda yüksək səviyyəli anım tədbirlərinin qeyd edilməsi, muxtar respublika sakinlərinin bu qanlı hadisələri yada salması və tarixən erməni qəsbkarları tərəfindən xalqımıza qarşı aparılan mənfur siyasətin xatırlanması və öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Sonda vurğulanıb: “bu gün müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması 31 Mart soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, Ermənistanın işğalçılıq siyasətinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları vardır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə paytaxt Bakıda bir neçə dəfə, eləcə də 2017-ci il oktyabrın 18-də Naxçıvan şəhərində keçirilən möhtəşəm hərbi paradlar Ordumuzun qüdrətini bir daha nümayiş etdirib. Güclü Ordumuz Azərbaycan dövlətinin və xalqının gələcəkdə öz hərbi-siyasi tarixinə yalnız möhtəşəm zəfərlər yazacağına zəmanət verir. Dünya ictimaiyyəti artıq təcavüzkar Ermənistanı və təcavüzə məruz qalmış qüdrətli Azərbaycanı çox yaxşı tanıyır. Bütün Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş tarixi torpaqları tezliklə işğaldan azad olunacaq və soydaşlarımız öz tarixi torpaqlarına geri qayıdacaqdır. Azərbaycan xalqı və dövləti Xocalı soyqırımı kimi, 31 Mart soyqırımı qurbanlarının da xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır”.

29 mart 2019-cu il