Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Elmi-praktik konfrans keçirilib


       Aprelin 30-da Azərbaycanda Atatürk Mərkəzində görkəmli fırça ustası İbrahim Səfinin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Naxçıvan Muxtar respublikasının Rəssamlar Birliyi, Oxu Akademiyası və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Əvvəlcə qonaqlar unudulmaz rəssam İbrahim Səfinin əsərlərindən ibarət sərgiyə baxıblar.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Akademik deyib ki, Azərbaycan əsilli rəssam İbrahim Səfi, türk dünyasının unudulmaz rəssamlarından biridir. Yaradıcılığının böyük hissəsi Türkiyə ilə bağlı olan rəssam yüzüncü sərgisini təşkil etdikdən sonra vəfat edib. Rəssam sovetlər dönəmində bir o qədər tanınmasa da, Türkiyədə ən böyük sənətkarlardan biri olub. İbrahim Səfinin yüzlərlə əsəri var ki, həm Türkiyədə, həm də dünyada məşhurdur. “Onun nəinki əsərlərinin özü, hətta fotosurəti də qiymətlidir. O, ilk dəfə olaraq Atatürkün şəklini özünə baxaraq portretləşdirib. Atatürkün dünyanın tanınmış rəssamları tərəfindən çəkilmiş çoxlu şəkilləri var, ancaq İbrahim Səfinin çəkdiyi şəkil bizim üçün doğmadır”, - deyə N.Cəfərov söyləyib.

Akademik görkəmli rəssama həsr edilmiş tədbirin zəruriliyini qeyd edərək, ictimaiyyətin rəssamı daha da yaxından tanımasına ehtiyac olduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın sənətin müxtəlif janrlarında yüksək nümunələr yaradaraq türk xalqlarının ortaq dəyərinə çevirməsindən danışıb. Vurğulayıb ki, İbrahim Səfi yaradıcılığına həsr edilmiş konfransın keçirilməsi Azərbaycan-Türkiyə mədəni əlaqələrinin əlamətdar hadisəsidir. İbrahim Səfi yaradıcılığının Azərbaycan ictimaiyyətinə təqdim edilməsi təqdirəlayiq addımdır. Çünki bu tədbir İbrahim Səfi haqqında cəmiyyətimizə ilk məlumatı çatdırmaq baxımından xüsusi önəm kəsb edir.

Rəssam haqqında məlumat verən İ.Həbibbəyli qeyd edib ki, İbrahim Səfi 1898-ci ildə Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. Onun məxsus olduğu nəsil Naxçıvandakı məşhur bəy sülaləsinə məxsusdur. Onun mənsub olduğu Səfibəyovlar nəsli Naxçıvan kəngərlilərinin bir qoludur.

“Türkiyədə şöhrət qazanmış İbrahim Səfi ilə kəngərlilər nəslindən olan, Azərbaycan realist rəssamlıq məktəbinin əsasını qoymuş Bəhruz Kəngərli arasında genetik bağlılıq var. İbrahim Səfinin bəzi əsərlərində Bəhruz Kəngərli yaradıcılığına bənzəyən yanaşmalar hiss edilir. İbrahim Səfi qərb rəssamlıq məktəbində impressionistlərin türk əsilli ən görkəmli nümayəndələrindəndir. Onun mənsub olduğu ailənin özündə bir maarifçilik ənənəsi var idi. O, Türkiyədə incəsənətə böyük şöhrət qazandırıb. Biz bu tədbiri keçirməklə həm rəssamı xalqa tanıtmaq missiyasını yerinə yetiririk, həm də Türkiyə-Azərbaycan əlaqələrinə yeni bir səhifə əlavə etmiş oluruq. Düşünürəm ki, İbrahim Səfi yaradıcılığının tədqiq edilib, öyrənilməsinin də bu gün əsası qoyulur”, - deyə İsa Həbibbəyli vurğulayıb.

Naxçıvan Muxtar respublikasının Rəssamlar Birliyinin sədri, Milli Məclisin deputatı, İbrahim Səfi irsinin tədqiqatçısı Ülviyyə Həmzəyevanın rəssamın yaradıcılığı haqqında “Görkəmli rəssam İbrahim Səfinin həyat və yaradıcılığı” adlı məruzəsi dinlənilib.

Sonra Ülviyyə Həmzəyeva İbrahim Səfinin çəkdiyi türk dünyasının görkəmli ictimai-siyasi xadimi Mustafa Kamal Atatürkün portretini Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərova təqdim edib.

Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, sənətşünaslıq doktoru, professor Ərtegin Salamzadə, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və digərləri çıxış edərək rəssamın yaradıcılığından, onun sənət üçün gördüyü işlərdən və yaradıcılığının daha da dərindən öyrənilməsinin vacibliyindən bəhs ediblər.

30 aprel 2019-cu il