Bakı şəhərində
Naxçıvan Muxtar Respublikasının
Daimi Nümayəndəliyi



Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub
Bakı, 30 dekabr, AZƏRTAC

       Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.

Daimi nümayəndəliyin kollektivi əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günüdür. Bu il dəmir yumruq kimi Müzəffər Ali Baş Komandan ətrafında birləşən, düşmənə əzici zərbə endirən rəşadətli Milli Ordumuza arxa olan doğma xalqımızın məhz bu günü yüksək səviyyədə qeyd etməyə böyük mənəvi haqqı var. Otuz ildir ki, Vətəninin işğalına dözməyən, onun ağrısı, acısı ilə alışıb yanan, torpaq nisgili ilə qovurulan həmvətənlərimiz nəhayət ki, 2020-ci ildə arzularına qovuşdu, uzun illər erməni işğalında inləyən doğma Qarabağın, ətraf rayonların azadlığına şahid oldu. Hər bir ölkənin azadlığı, müstəqilliyi vətəndaşlarının milli birliyi və həmrəyliyinin nəticəsi kimi qazanılır, qorunub saxlanılır. Çünki milli birlik olmadan, ümumi vətəndaş mövqeyi ortaya qoyulmadan bir dövlətin müstəqilliyini əldə etmək və onu qorumaq mümkün deyil. Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün hər zaman böyük siyasi liderlərə ehtiyac duyulub. O liderlər ki, böyük ideyaları, yorulmaz fəaliyyətləri ilə xalqa yumruq kimi birləşməyin, bir amal uğrunda mübarizə aparmağın nə olduğunu izah edir, yolunu göstərir. Dünya azərbaycanlılarının müstəqil dövlətçilik və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi də məhz ulu öndərimiz Heydər Əliyev olub. Dünya azərbaycanlılarının həmrəyliyi həm də onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ümummilli liderimiz, böyük şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Böyük Heydər Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: “Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.

“Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Biz də o qurultayda iştirak edirdik. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib və bu gün də həmvətənlərimiz qeyd edilən kəlamı gündəlik həyatlarında sevə-sevə səsləndirirlər. Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli idealların, Azərbaycançılıq ideyalarının gerçəkləşməsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qalmışdır. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranmış, soydaşlarımızın bir yerə toplaşdığı təşkilatlar dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başlamışlar. İndi azərbaycanlıların həmrəyliyi həm ölkəmiz, həm də xaricdə yaşayan soydaşlarımız üçün mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına müraciətində deyib: “Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram”.

Bəxtiyar Əsgərov qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ide¬ologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına səbəb olub. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Qürurvericidir ki, illər öncə Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün real həyatda təsdiqini tapıb. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Rəşadətli Milli Ordumuzun cəsarəti, peşəkarlığı, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli, dönməz iradəsi sayəsində 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb, məhv edib keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına, hətta deyərdim ki, əlbəyaxa döyüşlərlə azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını itkisiz Azərbaycana qaytarmağa məcbur etdi.

Qeyd olunub ki, bu gün Azərbaycanın iqtisadi artım tempinə görə dünyanın lider dövlətinə çevrilməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi olması dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt gələcəyinə inamının, özünüdərk hissinin güclənməsinə, ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaratmışdır. Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar onların milli şüurunu gündən-günə möhkəmləndirir. Odur ki, müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə daha faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müvafiq tədbirlər həyata keçirirlər. Ölkə rəhbəri İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli liderimizin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində uğurla həyata keçirildiyini nümayiş etdirir.

Bəxtiyar Əsgərov deyib ki, hər yeni ilin gəlişi həm də ötən ilin hesabatını zəruri edir. Odur ki, biz hər il həm də təmsil etdiyimiz Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə uğurla həyata keçirilən işlərdən, dövlət proqramlarından, silsilə tədbirlərdən bəhs edirik. Muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbovun Naxçıvanda ümummilli liderin siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətini yaratması bu doğma diyar üçün hər ötən ilin konkret siyasi, iqtisadi, elmi, mədəni, hərbi və s. nailiyyətlərlə yadda qalmasına əsas yaradıb. Bu gün Naxçıvanda həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində inkişaf və tərəqqi üçün mühüm amil olan ictimai-siyasi sabitlik təmin edilmiş, bütün fəaliyyət sahələrində yenilənməyə yol açan səmərəli iqtisadi siyasət kursu əsas götürülüb. Muxtar respublikanın şəhər və rayonlarında əsaslı canlanma yaranmış, iş, biznes adamlarının normal fəaliyyəti üçün əlverişli mühit formalaşdırılmış, minlərlə yeni iş yerləri açılıb. Şübhəsiz ki, həyata keçirilən bu işlərin insan kapitalına yönəldilməsi nəticəsində muxtar respublika əhalisinin yaşayışında və həyat tərzində əsaslı dəyişikliklər baş verib. Özünün hərtərəfli inkişaf mərhələsini yaşayan Naxçıvanın beş minillik tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alır, rahat, firavan, gözəl yaşayış məskəninə çevrilir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik və həmrəylik nümayiş etdirərək, bütün qüvvə və bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər etməkdədirlər. Bu isə əsl birliyin necə olduğunu bütün dünyaya nümayiş etdirir.

Tədbir digər çıxışlar və İrəvan Dövlət Azərbaycan Dram Teatrının vətənpərvərlik ruhunda hazırladığı bədii kompozisiya ilə davam etdirilib.



31 dekabr 2020-ci il