Bakının azad edilməsinin 100 illiyi Naxçıvanın paytaxtdakı daimi nümayəndəliyində
qeyd olunub

Bakı, 17 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Naxçıvan Muxtar Respublikasının paytaxtdakı daimi nümayəndəliyində Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Bu barədə AZƏRTAC-a daimi nümayəndəlikdən məlumat verilib.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, 1918-ci il sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılardan və daşnak quldurlardan azad edilməsindən, bu tarixin yazılmasında Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolundan bəhs edib. Bakının azad edilməsində böyük şücaətlər göstərmiş şanlı Türk Ordusunda vuruşan yüzlərlə qardaşımızın-türk əsgərinin şəhidlik zirvəsinə yüksəlməsindən, 15 sentyabr 2018-ci il tarixində paytaxtımızın “Azadlıq” meydanında Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən təntənəli paraddan, bu möhtəşəm tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsindən danışıb. “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin sınaqlarından çıxan, bütün dövrlər üçün öz aktuallığını qoruyub saxlayan müstəsna fikirlərdir. Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının zəfər günü kimi dəyərləndirilən 1918-ci il 15 sentyabr tarixindən ötən 100 illik yol bu birliyə, həmrəyliyə bir daha işıq salmaqla yanaşı, onun sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirib”, - deyə Bəxtiyar Əsgərov vurğulayıb. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda dövlətimizin başçısı İlham Əliyevin Bakının azad olunması ilə bağlı söylədiyi fikri yenidən xatırladıb: “Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır”.

Tarixə nəzər salan Bəxtiyar Əsgərov qeyd edib ki, 100 il öncə, 1918-ci il mayın sonlarında Zaqafqaziya Seymi dağılıb, mayın 28-də Azərbaycan müstəqilliyini elan edib. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət məhz Türkiyə olub.

Müstəqilliyini elan etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı məsələsi gündəmə gəlib, o zaman Bakı işğal altında olduğundan milli hökumətin müvəqqəti olaraq Gəncədə fəaliyyətə başlaması barədə qərar qəbul edilib. Milli hökumətin ixtiyarında cəmi 600 nəfərlik hərbi qüvvənin olması Gəncəni işğalçılardan azad etməyə imkan vermədiyi üçün belə bir ağır vəziyyətdə Azərbaycan milli hökumətinin kömək istəyə biləcəyi yeganə dövlət elə Türkiyə ola bilərdi. Belə də oldu. Kömək üçün qardaş Türkiyə dövlətinə müraciət edildi. 1918-ci il mayın sonunda Türkiyənin hərbi naziri və ali baş komandanın müavini Ənvər paşa bu xahişləri nəzərə alaraq, öz qardaşı Nuru paşaya rəhbəri olduğu hərbi hissələrlə birlikdə Təbriz ətrafından Gəncəyə doğru hərəkət etmək barədə əmr verdi. Mayın 28-dən əvvəl türk ordu hissələrinin Gəncəyə girməsi Azərbaycan hökumətinin şəhərə daxil olması üçün zəmin yaratdı.

Müvəqqəti olaraq Gəncədə yerləşən milli hökumətin qarşısında duran başlıca məqsəd isə paytaxt Bakını işğalçılardan azad etmək idi. “Yeri gəlmişkən, 1918-ci il iyunun 4-də Azərbaycan hökuməti ilə Osmanlı dövləti arasında “Qarşılıqlı yardım və dostluq haqqında” müqavilə imzalandı. Həmin müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti ehtiyac olduğu halda Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürmüşdü. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakıya doğru irəliləməsi Azərbaycan paytaxtına göz dikən yadelli qüvvələrə rahatlıq vermirdi. Bu ordunun tərkibini Osmanlı və Azərbaycan türkləri təşkil edirdi. O dövrə aid tarixi mənbələrin məlumatına görə, Bakı işğaldan azad edilənədək, şəhər bir neçə dəfə yadelli qüvvələr tərəfindən əldən-ələ keçmişdi.1918-ci ilin iyulunda Bakıda Xalq Komissarları Soveti iflasa uğradı. Bakı uğrunda mübarizə aparan yalnız Sentrokaspi hökuməti deyildi, Rusiyadakı bolşevik hökuməti də türklərin Azərbaycan paytaxtına daxil olmasını istəmirdi”, - deyə Bəxtiyar Əsgərov əlavə edib.

Diqqətə çatdırılıb ki, 1918-ci ilin iyulundan Qafqaz İslam Ordusu artıq Bakının azad edilməsi istiqamətində hərəkətə keçib, sentyabrın 15-də - Qurban bayramı günündə Bakını işğalçılardan azad edib. Şəhər uğrunda döyüşlər heç də asan getməyib, döyüşlərdə mindən artıq türk əsgəri və zabiti həlak olub. Yerli əhalidən isə şəhidlərin sayı 5 mindən artıq idi.

Qafqaz İslam Ordusunun Bakının mühasirəsini çox dəqiqliklə həyata keçirməsi belə xatırlanıb: “Hətta ingilis qoşunlarının komandanı Denstervil xatirələrində etiraf edirdi ki, türk topçuları çox dəqiqliklə atəş açırdılar. Onların atəşi Bakıdakı memarlıq abidələrinin heç birinə ziyan vurmadı”.

Bəxtiyar Əsgərov, həmçinin qeyd edib ki, qardaş Türkiyənin hərbi dəstəsi ilə Bakının azad edilməsi Azərbaycan tarixinə daha bir zəfər gününün yazılmasını təmin edib. Bu, eyni zamanda, Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir!” fikrinin əyani təsdiqi idi. Bakının azad edilməsindən iki gün sonra Azərbaycan hökuməti müvəqqəti paytaxt olan Gəncədən Bakıya köçürülüb, bundan sonra Azərbaycan hökuməti özünün tarixi elm, mədəniyyət, incəsənət mərkəzinə qovuşub. Bakının azad edilməsinin böyük tarixi əhəmiyyətindən bəhs edən Bəxtiyar Əsgərov milli hökumətin Bakıya köçməsilə şimali Azərbaycanın bütövləşməsini, bu şəhərin indi müstəqil Azərbaycanın paytaxtı olmasının təmin edilməsini, bir sözlə, Bakının xilasını, onun milli şəhər simasının özünə qaytarılmasını, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər olmasını bir daha vurğulayib.

Çıxışının sonunda daimi nümayəndəliyin rəhbəri deyib ki, ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu müasir müstəqil Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə, demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir, eləcə də muxtar respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı, milli ordumuz dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bütün bunlar onu deməyə əsas verir ki, 25 ildən artıqdır erməni işğalı altında qalan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun tezliklə azad edilməsi və burada da sadalanan inkişaf proqramlarının davamlı icrası çox da uzaqda deyil.

Tədbirdə iştirak edən türkiyəli qonaqlardan Anadolu Aydınlar Ocağının sədri professor İbrahim Öztək, Altay Universitetinin keçmiş rektoru professor Şərafəttin Canda və digər qonaqlar Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının tarixi köklərindən, Naxçıvan Muxtar Respublikasının bu münasibətlə verdiyi əvəzsiz töhfəsindən və bu dostluğun, qardaşlığın gündən-günə daha da inkişaf edib möhkəmlənməsindən, qarşıda duran vəzifələrdən və s. bəhs edib, yüksək səviyyədə təşkil olunmuş bayram tədbiri üçün daimi nümayəndəliyin rəhbərinə minnətdarlıq ifadə ediblər.